AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Azərbaycan şərqşünaslıq elminin akademik Həmid Araslı mərhələsi” mövzusunda elmi sessiya keçirilib
Feb 22, 2024 | 17:15 Konfranslar, iclaslar

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının 115 illiyinə həsr olunmuş “Azərbaycan şərqşünaslıq elminin akademik Həmid Araslı mərhələsi” mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva görkəmli alim akademik Həmid Araslının XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri olduğunu deyərək, doğma ədəbiyyatın öyrənilməmiş problemlərini, onun orta əsrlər mərhələsinin bir çox naməlum və ya az tanınan simaları və bədii nümunələri haqqında ilk araşdırıcı sözünü dediyini, özünün elmi-nəzəri mülahizələri, üzə çıxardığı yeni materiallar, mənbələrə orijinal yanaşma və özünəməxsus düşüncə tərzi ilə sələflərinin ənənələrini inkişaf etdirərək yeni bir ədəbi məktəbin əsasını qoyduğunu qeyd edib.

Akademik G.Baxşəliyeva Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan, ümumşərq mədəniyyəti ilə yaxından tanış olan alimin tədqiqatlarında olduğu kimi dərsliklərində də klassik şerimizin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirdiyini, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soy-kökümüzlə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəmədiyini bildirib.

Bütün həyatını və yaradıcılıq qüvvəsini klassik əsərlərin üzə çıxarılmasına, klassik ədəbi irsin öyrənilməsinə və təbliğinə həsr edən Həmid Araslının bir mətnşünas alim kimi də çox məhsuldar olduğunu və bu sahədəki fəaliyyətinin mətnşünaslıq elmimizdə ayrıca bir mərhələ təşkil etdiyini deyən akademik G.Baxşəliyeva onun Azərbaycan ədəbiyyatının ayrı-ayrı tarixi mərhələləri və problemlərinə, klassik söz ustalarının həyat və yaradıcılığına dair onlarla monoqrafik tədqiqatın, 500-ə qədər elmi məqalə, 60-dan artıq tərtib və çoxsaylı dərslik və dərs vəsaitlərinin müəllifi olduğunu vurğulayıb.

Akademik G.Baxşəliyeva Həmid Araslının 1970-ci ildən 1981-ci ilədək Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışdığın xatırladaraq, institut direktoru kimi onun şərqşünaslıq elminin tərəqqisi, institutun keçmiş SSRİ-nin digər Şərqşünaslıq İnstitutları arasında ön sıraya çıxması, onun ittifaq və xarici ölkələrin şərqşünaslıq mərkəzləri ilə elmi əlaqələrinin möhkəmlənməsi və genişlənməsi üçün qüvvə və bacarığını əsirgəmədiyini qeyd edib. Bildirib ki, məhz onun rəhbərliyi altında institutda müasir türk ədəbiyyatında mütərəqqi meyllər, orta əsrlər ərəbdilli Azərbaycan ədəbiyyatı, müasir türk ədəbiyyatında realizm, Azərbaycanın Şərq ölkələri ilə tarixi-mədəni əlaqələri, Nizami yaradıcılığının İran ədəbiyyatına təsiri və sairə mövzularda dəyərli tədqiqatlar aparılıb.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü elmi sessiyada “Akademik Həmid Araslı və Azərbaycan klassik ədəbi irsi” mövzusunda məruzə söyləyib. Məruzəçi bildirib ki, Azərbaycan ədəbiyyatı tarixini sistemli şəkildə öyrənən akademik Həmid Araslı Fürudin bəy Köçərlidən sonra yazılmış ilk mükəmməl Azərbaycan ədəbiyyatı tarixinin yaradıcısıdır və Nizami, Nəsimi, Xətai, Füzuli kimi çoxsaylı klassiklərimizin əsərlərini üzə çıxararaq bu müəllifləri və əsərlərini ədəbiyyat tariximizə daxil etmişdir. R.Cümşüdlü akademikin türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Kişvəri, Saib Təbrizi və digər şairlərin yaradıcılığını dərindən araşdırdığını və onların poetik irsini Azərbaycan ədəbiyyatı tarixi kontekstində dəyərləndirdiyini qeyd edib.

İnstitutun İran filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva “Həmid Araslı və ədəbi əlaqələr” mövzusunda məruzə edib. Məruzəçi Həmid Araslının klassik irsin mahir bilicisi və tədqiqatçısı olaraq, həmçinin ədəbi əlaqələr sahəsində də müstəsna xidmətləri olmuş görkəmli alim olduğunu deyərək, bu əlaqələrin, demək olar ki, bütün Yaxın və Orta Şərq ölkələrini əhatə etdiyini bildirib. G.Verdiyeva Həmid Araslının digər Şərq xalqlarının ədəbi irsinə geniş maraq göstərdiyini, Azərbaycan ədəbiyyatı və klassikləri ilə bağlı olan Şərq şairləri Firdovsi, Cami, Hafiz, Əmir Xosrov Dəhləvi, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq etdiyini, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşdığını qeyd edib.

Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə “Həmid Araslının Azərbaycan folklorşünaslığına dair tədqiqatları” mövzusunda çıxış edib. Məruzəçi Həmid Araslının folklorşünaslıq fəaliyyətində aşıq yaradıcılığına böyük əhəmiyyət verməsindən bəhs edərək onun 1960-cı ildə çapına nail olduğu “Aşıq yaradıcılığı” əsərinin əhəmiyyətindən də danışıb. Tədqiqatçı onu da qeyd edib ki, “Kitabi-Dədə Qorqud”un yasaq edildiyi XX əsrin 40-cı illərində Həmid Araslı “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçısı və onun Azərbaycan xalqına mənsub olduğunu ilk dilə gətirən görkəmli ədib olmuş, hətta o, görülən işlə kifayətlənməmiş, eposa yeni zəngin faktlar əlavə etməklə onu daha dolğun müqəddimə və şərhlərlə 1962-ci və 1978-ci illərdə yenidən çap etdirmişdir.

Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Sonda akademik Həmid Araslının qızı AMEA-nın müxbir üzvü Nüşabə Araslı çıxış edərək, atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Şərqşünaslıq İnstitutunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023