AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanizmə əsaslanan həyat fəlsəfəsi
Feb 21, 2024 | 11:30 Yeni nəşrlər

Müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyevin müdrikliyinə əsaslanan həyat fəlsəfəsi bir elm olaraq öyrənilir. Ulu Öndər Heydər Əliyev irsinin təbliğində adını daşıyan Heydər Əliyev Fondu böyük missiyanın daşıyıcısı olaraq ardıcıl olaraq təqdirə layiq işlər görür.

Böyük və nadir insanlar dünyaya gəldiyi andan yüksək və ali missiyanın daşıyıcıları olurlar. Müdriklər deyirlər ki, anadan olarkən insana qoyulan ad onun taleyinə də sirayət edir. Həyat prinsipi mehribanlıq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində xeyirxahlıq ünvanına çevrilib. Rusiya Federasiyasının Həştərxan vilayətində çıxan “Volqa” ictimai-siyasi qəzetində Mehriban Əliyeva haqqında “Xeyirxahlıq rəmzi” sərlövhəli məqalədə yazıldığı kimi: “Bu gözəl qadının adının mənası da "xeyirxahlıq, şəfqət, səmimiyyət deməkdir.” ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında dərc etdiyi məqalədə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.  

Mehriban Əliyeva alim ailəsində anadan olub. O, görkəmli yazıçı Mir Cəlal Paşayevin nəvəsidir. Mehriban xanım Əliyevanın atası Azərbaycanın görkəmli alimi fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayev Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Arif Paşayevin istehsala buraxdığı qurğular dünyanın bir çox elm mərkəzlərində, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunaraq, elmi nəticələr ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir. Akademik Arif Paşayevin xidmətləri sayəsində Milli Aviasiya Akademiyası ölkə üzrə kosmos haqqında əsas elmi-tədqiqat mərkəzinə çevrilmişdir.

Anası Aida xanım İmanquliyeva görkəmli filoloq və ərəbşünas idi. Aida İmanquliyeva Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil almış, Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdi. Elm sahəsində yeniliklərə imza atan professor, həm də yüksək idarəçilik keyfiyyətləri, ictimai-siyasi fəallığı, böyük vətəndaşlığı ilə seçilirdi. Şərqşünaslıq İnstitutun direktoru olmuş Aida İmanquliyeva yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində milli özünüdərkinin qorunub saxlanılması, inkişafı idealına sadiq qalıb. İlk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan Aida İmanquliyeva öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etmişdir.

Mehriban xanımın həyat müəllimləri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva olmuşlar. Mehriban xanımın dediyi kimi, “Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”.

Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi, həqiqətən, tükənməz bir xəzinədir. Bu xəzinəni yaşatmaq üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu mühüm işlər görməkdədir. Fond tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin xalqımız üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.

Bu baxımdan səmimiyyətlə deyə bilərik ki, Heydər Əliyev Fondunun qarşıya qoyduğu və reallaşdırmaq üçün fəaliyyət göstərdiyi məqsədlərin dairəsi kifayət qədər genişdir. Belə ki, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsindən bəhrələnmək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək olmaq, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək fondun fəaliyyətinin qayəsidir.

Mehriban xanım Əliyeva “Həyat dərsi” məqaləsində yazır: “Onun həmyaşıdları Heydər Əliyevin həyat dərslərinin mahiyyətini bu gün də öyrənirlər. Ulu öndər Heydər Əliyevin hər bir dərsi insan ruhunun qüdrətinə, iradənin yenilməzliyinə, xarakterin gücünə inama parlaq nümunədir, insanın məğlubedilməzliyinə inam dərsidir. XX əsr Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixi zaman. İlk baxışda quru statistika və faktlarla dolu, möhtəşəm, ziddiyyətli, enişli-yoxuşlu bir dövrün mənzərəsi yaranacaq. Lakin ikicə kəlmə söz tarix səhifələrini canlandırıb, uğurları, itkiləri, tərəqqi və inkişafı onlarca müfəssəl cədvəldən, araşdırmalardan qat-qat tutumlu əks etdirə bilər. Heydər Əliyev - tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı. 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider. Tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşündüyü Vətən - Azərbaycan taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı".

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinin başlıca istiqaməti xalqın rifahına yönəlmişdir. "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam". Bu fikirlər bütün fəaliyyətini Azərbaycan dövlətinin inkişafı, xalqın rifahı istiqamətində quran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.

Azərbaycanın ən yeni tarixini yaradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ömür-gün yoldaşı, ən yaxın silahdaşı olan Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir. Mehriban xanım Əliyeva illər öncə Azərbaycan` Respublikası Milli Məclisinin deputatı seçilərkən: "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz", - deyərək, yardımsevər fəaliyyəti ilə ona etimad edənlərin ümidlərini gerçəkləşdirdi.

Tarixi həqiqətdir ki, Vətənə, xalqa, dövlətə xidməti, xeyirxahlığı həyat amalına çevirən Mehriban xanım Əliyevanın mənəvi şəxsi keyfiyyətləri gələcək nəsillər üçün nümunəyə çevrilərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin lider portretini uğurla tamamlayır.

Mehriban xanım Əliyevanın üzərinə götürdüyü böyük missiyanın bir istiqaməti Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsidir. Böyük insanlıq yurda, yuvaya, suya həsrət bir ağaca, gözüyaşlı bir anaya diqqətdən, qayğıdan, sevgidən başlayır. “Məsləkim tərcümeyi-halımdır”, – deyən böyük Abbas Səhhətin sözlərini eynilə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya aid etmək olar. Saflıq, gözəllik səltənəti qoynunda doğulan, ana təbiətin saflığını, əzəmətini xasiyyətində, xarakterində yaşadan bu məğrur qadın həyatda yüz minlərin idealına çevrilib. Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. Bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir.

Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. Şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə problemlərinin həllinə yönəlmiş layihələr Heydər Fondunun daim diqqət mərkəzindədir.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Müzəffər Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərib, xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb, onun vətənpərvər çağırış və müraciətləri hər birimizi milli maraqlarımız naminə düşmənlə mümkün platformalarda, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər edib.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident, Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi fəaliyyətə başladığı ilk gündən hərbiçilərin, zabitlərin, şəhid analarının, övladlarının, aztəminatlı ailələrin, gözü yolda qalan anaların yanında olmaqla, hərbçilərlə görüşdən sonra göz yaşlarına hakim ola bilməməsi onun qəlbinin saflığından xəbər verir. Mehriban xanım Əliyeva Azərbaycan ordusuna həm ruhən, həmdə mənən xidmət etmişdir.

Prezident İlham Əliyevin və birinci xanım Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü, Mehriban Əliyevanın Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşü, Zəngilana səfəri zamanı mənfur düşmənin dağıtdığı məscidin birinci xanımın şəxsən özü tərəfindən lentə alınması Azərbaycan tarixinə düşən şanlı salnamədir.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, müharibədə sağlamlıqlarını itirmiş zabitlər protezlərlə təmin edilib. Mehriban xanım Əliyeva söyləmişdir: "Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!"

Azərbaycan qadınının elmi təfəkkürünün aliliyini özündə ehtiva edən Mehriban xanım  Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti görülən bütün işləri, atılan addımları yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına xidmət edir.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsfəfə doktoru, dosent

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023