Feb 09, 2024 | 16:39 Konfranslar, iclaslar
Fevralın 9-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
Sonra 7 fevral prezident seçkilərindən söz açan Gövhər Baxşəliyeva parlaq qələbə qazanmış Qalib ordunun, Qalib xalqın Qalib sərkərdəsi Ali Baş Komandana bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb, xalqımızın Liderinin ətrafında sıx birləşdiyini vurğulayıb.
Daha sonra ölkə başçısının Məhəmməd Əmin Rəsulzadənin 140, Naxçıvan Muxtar Respublikasının 100, Məhəmməd Füzulinin 530 illik yubileyləri və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” sərəncamlarının icra vəziyyəti müzakirə edilib. Akademik bildirib ki, sözügedən sərəncamlar ölkə prezidentinin Azərbaycanın dahi və ölməz şəxsiyyətlərinə, tanınmış xadimlərinə verdiyi dəyərin ən kamil nümunəsidir.
Elmi şuranın sədri yubiley tədbirləri ilə bağlı bölmənin müəssisələrinin əməkdaşlarının materiallarının KİV-də işıqlandırılması, eləcə də tədbirlər planına uyğun tədbirlərin vaxtında keçirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
Akademik Gövhər Baxşəliyeva bugünkü iclasda “Cəmii-lisanə qadir” Füzulinin ərəbcə poetik irsi haqqında” mövzusunda məruzənin dinləniləcəyini bildirib.
Daha sonra AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Cəmii-lisanə qadir” Füzulinin ərəbcə poetik irsi haqqında” mövzusunda məruzə edib.
Ruhangiz Cümşüdlü bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması haqqında imzaladığı Sərəncam onun bütövlükdə Azərbaycan ədəbiyyatına, tarixinə, şəxsiyyətlərinə verdiyi dəyərdən və hörmətdən irəli gəlir. Onun sözlərinə görə, böyük şairin şəxsiyyətinə, irsinə layiqincə sahib çıxmaq, Füzulinin məzarının qorunması, məqbərəsinin tikilməsi məsələləri hakimiyyətə gəldiyi ilk günlərdən etibarən daim Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub. O, hətta bu məsələnin müzakirəsini yazıçıların VII qurultayında da qaldıraraq, nəinki ziyalıların, həmçinin bütün ictimaiyyətin diqqətinə çatdırmağa nail olub: “Füzuli mənim tarixim, Füzuli mənim mənliyimdir”, - deyən Ulu Öndər Füzulinin Azərbaycanı dünyaya tanıtdığını və Füzulini öyrənməyin, tədqiq etməyin vacibliyini xüsusilə vurğuladığını söyləyib. Lakin təəssüf ki, uzun illər ərzində “Cəmii-lisanə-qadir” Füzulinin ərəbcə şeirləri diqqətdən kənarda qalıb və çox az öyrənilib”.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü qeyd edib ki, Füzulinin ərəbcə şeirlərinin geniş və sistemli tədqiqi və obyektiv ədəbi qiymətinin verilməsi Azərbaycan ədəbiyyatşünaslığının ən aktual məsələlərindən biri kimi meydana çıxıb: “Füzulinin dövrümüzə gəlib çatan ərəbcə qəsidələri 460 beytdir. Bu şeirlər ilk dəfə 1958-ci ildə Füzulinin “Mətləül-etiqad” əsəri ilə birlikdə Sankt-Peterburq nüsxəsi əsasında akademik Həmid Araslı tərəfindən Bakıda nəşr olunub. Tədqiqatlarımızın nəticəsi onu deməyə əsas verir ki, Füzulinin ümumi yaradıcılığı üçün xarakterik olan bir sıra məsələlər - Füzulinin fəlsəfi-dini görüşləri, etik-estetik qənaətləri, sufizmə münasibəti və s. kimi mövzular onun ərəbcə şeirlərində də öz yüksək poetik təcəssümünü tapıb. Bu şeirlər ərəb poetik ənənələri zəminində də ənənə və varislik əlaqələrinin bariz nümunəsidir”. Alim Məhəmməd Füzulinin Kərbəla şəhərində yerləşən “rəmzi” məzarının üzərində şairin ərəb, türk və kürd dillərində şeirlər müəllifi olduğu yazısının mövcud olduğunu diqqətə çatdırıb. Məruzəçi vurğulayıb ki, Füzulinin türk, ərəb, fars dillərində poetik irsi mövcuddur. Lakin şairin kürd dilində bir dənə də olsun beyti yoxdur və bu fakt bütün dünya füzulişünasları tərəfindən qəbul edilir. Zənnimizcə, bu yanlışlıq tez bir zamanda aradan qaldırılmalı və Füzulinin məzar daşı bərpa edilməli olduğunu qeyd edib. O, klassik Azərbaycan şairi Füzulinin 530 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının Füzuli sevərlər və onun tədqiqatçıları üçün sözün həqiqi mənasında geniş bir söz meydanı açdığını qeyd edib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.
Akademik Gövhər Baxşəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nə və AMEA-nın Rəyasət Heyətinin “AMEA-nın elmi tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni nizamnaməsinə uyğun təşkili haqqında” 9 yanvar 2024-cü il tarixli qərarına uyğun olaraq icraçı direktor sözünün elmi işlər üzrə direktor müavini sözüylə əvəz olunması zərurəti yarandığını vurğulayıb.
Bununla bağlı tarix elmləri doktoru Eynulla Mədətlinin Fəlsəfə və Sosiologiya, filologiya üzrə fəlsəfə doktoru Ruhangiz Cümşüdlünün akademik Ziya Bünyadov adına Şərqşünaslıq, siyasi elmlər doktoru Ramilə Dadaşovanın isə Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə yenidən təyin olunması məsələlərinə baxılıb.
İclasda siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə Mustafazadənin AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımovun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, psixologiya üzrə fəlsəfə doktorları Tünzalə Musayevanın və Gültəkin İsmayılovanın AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin böyük elmi işçi vəzifəsinə təsdiq edilməsi haqqında məsələlər müzakirə edilib. Bundan əlavə, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Pərviz Məmmədovun elmi rəhbərinin dəyişdirilməsi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun fəlsəfə doktoru istiqaməti üzrə II kurs əyani doktorantı Günel Vəliyevanın əyani təhsildən qiyabi təhsilə keçirilməsi məsələsi də müzakirə edilib.
Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.