Feb 08, 2024 | 14:34 Konfranslar, iclaslar
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Qadınlar təşkilatı “Şərq qadınları elmdə” mövzusunda elmi sessiya keçirib.
Elmi sessiyada AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvləri və Akademiya institutlarının Qadınlar təşkilatlarının sədrləri iştirak ediblər.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva müasir dövrdə qadınların ictimai həyatda, elmdə mühüm yer tutduqlarını qeyd edib. Akademik G.Baxşəliyeva Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 22 dekabr 2015-ci ildə qətnamə qəbul edərək, fevralın 11-ni hər il qeyd olunan xüsusi gün kimi elan etdiyini bildirib və Azərbaycan qadınlarının ictimai həyatda və elmdə tutduqları mövqelərindən bəhs edib.
Şərqşünaslıq İnstitutunun Qadınlar təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Xanımzər Kərimova şərqşünas alimlərin elmdə əldə etdikləri uğurlardan danışıb.
Sonra İran filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Azərbaycan, Türkiyə və Özbəkistan saraylarında qadın şairlərin ədəbi fəaliyyəti” mövzusunda məruzə edib.
S.Şıxıyeva məruzəsində bildirib ki, XIX əsrdə Azərbaycan, Türkiyə və Özbəkistan ədəbi dairələrində əvvəlki əsrlərlə müqayisədə qadın şairlərin sayında artım müşahidə olunub. Hər üç ədəbi çevrənin inkişafında dövrün saraylarındakı mühit mühüm rol oynamışdır. Məruzəçi sözügedən saraylarda yetişən əsilzadə şair xanımlardan bəzilərinin ədəbiyyat sahəsində fəallıq göstərərək, digər qadınlara örnək olmasını, ədəbi fikrə yeni istiqamət verdiklərini, onlardan bəzilərinin xan (Nadirə xanım – Özbəkistan), xan qızı (Natəvan – Azərbaycan) və ya sultan (Adilə Sultan – Türkiyə) statusu ilə cəmiyyətdə yüksək mövqe sahibi olduqlarını, bu yüksək məqamdan istifadə edərək, öz çevrələrindəki şair qadınları himayə etdiklərini qeyd edib.
Məruzədə bildirilib ki, XIX əsrdə hər üç coğrafiyanın saraylarında əsilzadə qadınlar və onların yaxın çevrəsi ədəbi mühitin mərkəzi ədəbi simalarına çevrilmiş, ədəbi mühitə daxil olmaqla qadınların poeziya tarixində yeni səhifələr açmasına öz töhfələrini vermişlər. Xüsusilə Natəvan və Nadirə xanım dövrün ədəbi fikrinin inkişafına şərait yaradıblar.
Elmi sessiyada daha sonra Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Bəşarət Bəşirova “Ulu Öndər Heydər Əliyevin alim qadınlara verdiyi dəyər”, Ərəb filologiyası şöbəsinin elmi işçisi Türkan Mehdiyeva “Qadın şərqşünas alimlərimiz” və Türk filologiyası şöbəsinin kiçik elmi işçisi Arzu Dadaşova “Türk tarixi romanlarında qadın obrazları” mövzularında məruzə ediblər.
Ədəbiyyat İnstitutunun Qadınlar təşkilatının idarə heyətinin üzvü, filologiya elmləri doktoru Esmira Şükürova tədbirdə çıxış edərək elmi sessiyada səsləndirilən məruzələrlə bağlı fikirlərini bölüşüb və Şərqşünaslıq İnstitutunun qadın alimlərinin fəaliyyətini yüksək dəyərləndirib.