AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-da 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib
Jan 31, 2024 | 17:59 Konfranslar, iclaslar

Yanvarın 31-də AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Akademiyanın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri, Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri və üzvləri, eləcə də respublikanın elmi və ali təhsil müəssisələrindən müəllimlər, gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətinin güclənməsi, möhkəmlənməsi və inkişafında gəncliyin rolunun daha da artırılması, onların ölkəmizin ictimai-siyasi həyatında daha da yaxından iştirakının təmin edilməsi məqsədilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin birinci forumunun keçirildiyini və bundan irəli gələrək 1997-ci ildən etibarən həmin tarixin Ümummilli Liderin Sərəncamı ilə Gənclər Günü kimi qeyd olunduğunu söyləyib. Qeyd edib ki, həmin dövrdən etibarən gənclər ölkəmizin həyatında və beynəlxalq arenadakı tədbirlərdə yaxından iştirak etməyə başladılar, dövlət idarəetməsində yuxarı vəzifələrə çəkildilər, Azərbaycanda müstəqil gənclər təşkilatları formalaşdı.

Ulu Öndərin gənclərə göstərdiyi yüksək diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirən akademik İsa Həbibbəyli dövlət başçısının rəhbərliyində ötən müddət ərzində azərbaycançılıq ideologiyasının işığında Prezidentinə, dövlətinə, xalqına sadiq təhsilli və vətənpərvər gəncliyin formalaşdığını söyləyib. Diqqətə çatdırıb ki, məhz həmin gəncliyin vətən sevgisi nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız Ali Baş Komandanın liderliyində düşmən işğalından azad edildi, çoxəsrlik dövlətçilik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində üçrəngli bayrağımız dalğalanır və Prezident İlham Əliyev də çıxışlarında onların xidmətlərini daim yüksək qiymətləndirir.

Ölkəmizin siyasətinə uyğun olaraq Akademiyada da gənclərin aktiv fəaliyyəti və onların stimullaşdırılması istiqamətində önəmli addımların atıldığını söyləyən akademik İsa Həbibbəyli AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə gənc alimlərin müxtəlif layihə və tədbirlərə, yay düşərgələrinə cəlb olunduqlarını, xarici ezamiyyətlərə göndərildiklərini bildirib. Qeyd edib ki, cari ildən etibarən Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq yay düşərgələri Akademiyanın prioritet elmi istiqamətlərini əhatə etməklə həyata keçiriləcək.

Akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”ndə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının yüksək fəallığı ilə seçildiyini, şuranın gənc üzvlərinin həm ölkəmizdə, həm də beynəlxalq arenada keçirilən tədbirlərdə Ulu Öndərin zəngin irsini təbliğ etdiklərini bildirib.

Həmçinin gənc alimlərin stimullaşdırılması məqsədilə Akademiya mükafatının təsis olunduğunu, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən “Gənc tədqiqatçı” jurnalının 1 nömrəsi ingilis dilində olmaqla artıq 4 dəfə işıq üzü gördüyünü diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli, həmçinin elmi məktəblər ənənəsinin davam etdirilməsi və yeni elmi nəsillərin formalaşdırılması məqsədilə doktorant və dissertantlara göstərilən diqqət və qayğının artırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan elminin, gəncliyinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı uğrunda atdıqları bütün addımları dəstəklədiklərini, dövlətimizin tapşırıqlarını həyata keçirmək üçün var qüvvələri ilə bundan sonra da çalışmağa davam edəcəklərini söyləyib.

Sonra ölkəmizdə elm sahəsində fəaliyyətinə görə fərqlənən Milli Aviasiya Akademiyasının müəllimi texnika elmləri üzrə fəlsəfə doktoru Rövşən Əhmədova “İlin qalib gənc alimi” və Akademiyanın ictimai həyatında fərqlənən bir sıra gənclərə isə “İlin gənc alimi” mükafatları təqdim olunub.

Daha sonra tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Azərbaycan elmi gəncliyi: nailiyyətlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

E.Babayev çıxışında bildirib ki, ötən müddət ərzində Ulu Öndərin və Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı, bu sahədə atılan addımlar, verilən qərarlar və imzalanan sərəncamlar sayəsində Azərbaycan gəncliyi ölkənin aparıcı qüvvəsinə çevrilib. O qeyd edib ki, həm Milli Elmlər Akademiyasında, həm də respublikamızın müxtəlif elm və təhsil müəssisələrində çalışan gənclər ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməkdədirlər.

AMEA-da yüksəkixtisaslı və peşəkar gənc tədqiqatçıların, elmi kadrların hazırlanması istiqamətində mühüm addımların atıldığını deyən natiq gənclərin onlara yaradılmış imkanlardan faydalanaraq tədqiqat işlərinin nəticələrini nüfuzlu “Web of Science” və “Scopus” platformalarında indeksləşən jurnallarda çap etdirdiklərini bildirib.

“Gənc Alim və Mütəxəssislər Şurası ötən il ərzində Akademiya rəhbərliyinin müəyyən etdiyi strategiya və Rəyasət Heyətinin təsdiqlədiyi Şuranın illik fəaliyyət planına uyğun olaraq bir sıra layihələri reallaşdırıb. Ölkəmizin taleyüklü məsələlərində bu gün də gənclərimiz dövlətimizin yanında olduğunu tam məsuliyyəti ilə ifadə edir. Gənc alimlərimiz Qarabağın rəqəmsal çağın tələblərinə uyğun yaşıl texnologiyalar əsasında yenidən qurulmasında, dünyaya enerji və transportasiya sənayesinə ölkəmizin verdiyi töhfələrə öz yeni yaradıcı elmi fikirləri, enerjisi və fiziki imkanları ilə əllərindən gələni etməklər dəstək olmağa hazırdırlar”, - deyə E.Babayev söyləyib.

Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru AMEA-nın müxbir üzvü Afiq Həsənov isə çıxışında ölkəmizin gələcək inkişafı üçün yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini bildirib.

Tədbirdə, həmçinin Milli Aviasiya Akademiyasının müəllimi texnika elmləri üzrə fəlsəfə doktoru Rövşən Əhmədov, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işçisi Aynur Orucova, AMEA-nın Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi işçisi Əli Tağıyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş laborantı Günel Əhmədova, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun kiçik elmi işçisi Vüqar Əhmədli və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli çıxış edərək ölkəmizdə və Akademiyada gənclərə göstərilən diqqətdən, onların inkişafı istiqamətində atılan addımlardan və həyata keçirilən layihələrdən danışıblar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023