Jan 29, 2024 | 11:43 Yeni nəşrlər
MEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq elmi konfransın tezisləri çapdan çıxıb.
Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Belarus və Ukraynadan olan alimlərin səsləndirdikləri 65 məruzənin tezisi dərc olunub. Bu sırada AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “Tarixin bütün sınaqlarından uğurla çıxan Türkiyə Cümhuriyyəti – 100”, xarici ölkə təmsilçilərindən Türkiyədən Cavid Qasımov və Nezahat Demirin “Rza şah Pəhləvinin Türkiyə səfəri”, Nurhan Aydın və Perihan Aksunun “Qafqaz İslam Ordusu və Ənvər Paşa”, Eminalp Malkoçun “Türkiyədə Cümhuriyyət Bəyannaməsinin vizual görüntülər vasitəsilə oxunması”, Şimali Kipr Türk Cümhuriyyətindən Turqay Bülent Göktürkün “Kipr türklərinin Anadoludakı milli mücadiləyə dəstəyi”, Belarusdan Dmitri Naumovun “Qeyri-maddi mədəni irsin türk mədəni yaddaşının qorunmasında rolu”, Vladimir İvaşkonun “Türkiyə universitetlərinin innovativlik potensialının dəyərləndirilməsi”, Ukraynadan Oleq Kupçik və Natalya Zubun “1920-ci illərin əvvəllərində Sovet-Türkiyə maliyyə və hərbi-texniki əməkdaşlığı” mövzularında məruzələrinin tezislərini xüsusi qeyd etmək olar.
Topluda həmçinin Azərbaycan alimlərinin “Azərbaycan-Türkiyə əməkdaşlığında İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dostluğu beynəlxalq münasibətlərdə siyasi modeldir”, “Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə iqtisadi əlaqələrinin milli köklər üzərində qurulmasında Heydər Əliyevin rolu”, “Türkiyə Cümhuriyyətinin quruluş və inkişaf fəlsəfəsi: tarix və çağdaşlıq”, “Cümhuriyyətin ilk illərində Türk-Azərbaycan ədəbi və elmi əlaqələri”, “Türkiyə ilə Azərbaycan arasında ilk diplomatik münasibətlərin yaradılmasında Mustafa Kamal Atatürkün rolu”, “Müsəlman Şərqinin ilk xalq cümhuriyyətləri: Azərbaycan və Türkiyənin dünya demokratiyasına töhfələri”, “Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə Türkiyənin siyasi və sosial-iqtisadi inkişafı (2002-2015)”, “Türkiyə Cümhuriyyətinin 100 ili Azərbaycan türkoloqlarının tədqiqatlarında”, “Atatürkün prezidentliyi dövründə Türkiyədə milli müdafiə sənayesinin inkişafı” və s. mövzularda məruzələrin tezisləri yer alıb.