Jan 20, 2024 | 16:27 Mühüm hadisələr
Azərbaycan həqiqətlərini mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı məqalələri bir sıra Şərq ölkələrində yayımlanıb.
Şərqşünas alimin “20 Yanvar faciəsinin Azərbaycanın istiqlaliyyət və azadlıq tarixində rolu” adlı məqaləsi İraqda yayımlanan “Türkmən eli: ədəbiyyat və incəsənət” jurnalının 190 və 191 saylarında ərəb dilində yayımlanıb.
Dosent S.Talıblının türk dilində “20 Yanvar faciəsi: Azərbaycan xalqının azadlıq və müstəqillik mücadiləsi” adlı məqaləsi isə Türkiyədə 1453kralmedya.com, birmagazin.com, sonstargazetesi.com, turknewsgazetesi.com, gazeteazerbaycan.com, kiriminsesigazetesi.com saytlarında geniş ictimaiyyətin diqqətinə çatdırılıb.
Həmçinin “1990-cı il 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik və azadlığına yol” adlı məqalə Özbəkistanda turkona.uz saytında özbək və rus dillərində yayımlanıb.
Məqalələrdə dosent S.Talıblı yazır ki, Azərbaycan xaqının tarixinə düşmüş “20 Yanvar” faciəsi Azərbaycan tarixində xalq tərəfindən “Qanlı Yanvar”, “Qara Yanvar” adlandırılır. 1985-ci ildə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun Qarabağı müxtəlif vasitələrlə Azərbaycan SSR-nin (1920-1990) nəzarətindən çıxarmaq və Ermənistan SSR tərkibinə qatmaq, SSRİ-nin Azərbaycan xalqına qarşı ayrı seçkilik siyasəti, azərbaycanlıların tarixi torpaqlarından köçürülməsi, Azərbaycan xalqının milli azadlığını boğmaq, Sumqayıt hadisələri, Qarabağdakı hadisələr 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Bununla da Azərbaycan xalqı öz azadlığını və istiqlaliyyətini SSRİ-dən ayrılaraq müstəqil Azərbaycan Respublikası qurmaqda görürdü.
Qanlı Yanvar faciəsində sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında (25 yanvar Neftçala və 26 yanvar Lənkəran) 147 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
Dosent S.Talıblı Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını bildirib: “Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.