Jan 22, 2024 | 14:44 Mühüm hadisələr
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova və Şərq-Qərb şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Ülkər Səmədova Mərakeşdə “American University of Libya” və “Atlas İnternational Researches Journal”ın təşkilatçılığı ilə keçirilən Beynəlxalq Elmi Tədqiqatlar və Disiplinlərarası Araşıdırmalar Konfransında onlayn iştirak ediblər.
Xumar Ələkbərova konfransda “Fransanın müstəmləkə siyasətinə qarşı Əlcəzair ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış edib. Şərqşünas alim çıxışı zamanı qeyd edib ki, bu gün “ərazi bütövlüyündən” qətnamələr yazıb, “insan haqlarının müdafiəçisi”, “sivil və human” kimi adlar altında “siyasi şoular” göstərən Fransanın əsl simasını görmək üçün təkcə Əlcəzair tarixinin səhifələrinə baxmaq kifayətdir.
Şərqşünas tədqiqatçı vurğulayıb ki, Fransanın uzun illər Əlcəzairdə həyata keçirdiyi talançı müstəmləkə siyasəti, diskriminasiyanın bütün formaları tarixin yaddaşına həkk olunduğu kimi, Əlcəzair ədəbiyyatında da öz izini buraxmışdır. Belə ki, fransızların Əlcəzairə kütləvi köçürülməsindən, yerli ərəblərin dilindən və ədəbiyyatından məhrum edilməsi, tarixini və adət-ənələrini unutması məqsədilə yürüdülən məkrli siyasətdən, milli-azadlıq hərəkatı iştirakçılarının təqib və sürgünlərə, həbsxanalarda insanlığa sığmayan işgəncələrə məruz qalmalarından bəhs edən çoxsaylı əsərlər silsiləsi yaranmışdır. Şərqşünas alim bu ədəbiyyatı yaradanlar arasında da söz azadlığından danışan Fransanın represiya siyasətinə tuş gələnlərin az olmadığını əlavə edib.
Azərbaycanlı alimin Türkiyə, Qazaxıstan, Moldova, Rumıniya, Serbiya, Mərakeş, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, İndoneziya və digər ölkələrdən elm adamlarının qatıldığı konfransda Fransanın bu gün sərgilədiyi “siyasi şoularla” bağlı səsləndirdiyi bəzi aktual məqamlar xüsusən maraqla qarşılanıb.
Konfransda həm moderator, həm də məruzəçi kimi iştirak edən Ülkər Səmədova “Fransız ədəbiyyatının Osmanlı ədəbiyyatına təsiri” adlı məruzə edib. Məruzədə XIX əsrin ilk yarısından başlayaraq fransız ədəbiyyatından Osmanlı ədəbiyyatına keçən roman janrı, həmin dövrdə tərcümə olunan nəsr nümunələri, fransız təsirində yaranan məqalə və esselər haqqında geniş məlumat verilib. Məruzəçi, həmçinin fransız dilindən Türkiyə türkcəsinə keçən sözlər və dilin avropalaşması probleminə də toxunub.