AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Gənc epiqrafın məqaləsi Şimali Makedoniyada çap olunub
Jan 12, 2024 | 14:45 Mühüm hadisələr

Şimali Makedoniyanın Oxrid şəhərində “Yeni böhranlarla bağlı şəxsiyyət, mədəni irs, davamlı inkişaf və ya turizm problemləri” mövzusunda keçirilən 11-ci beynəlxalq “Oxrid-Vodici, 2023” elmi konfransının materialları işıq üzü görüb.

Topluda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin kiçik elmi işçisi Sədaqət Məmmədlinin “Səlcuqilər dönəmində epiqrafika (Gəncə keramikası əsasında)” adlı məqaləsi də dərc olunub (səh. 214).

Məqalədə qeyd olunur ki, Azərbaycan ərazisində epiqrafika sənətinin inkişaf mərhələlərindən biri Səlcuqluların və Atabəylərin hakimiyyəti dövrünü əhatə edir.

Səlcuqilər dövləti qurulandan sonra yaranan nümayəndəliklərin Azərbaycan ərazisində bir sıra yerlərdə, eləcə də XI əsrdə Gəncədə möhkəmlənməsi nəticəsində, həmin bölgələrdə mühüm yüksəlişlər nəzərə çarpırdı. Xilafətin siyasi-iqtisadi mərkəzləri Səlcuqilər dövləti tərəfindən fəth olunandan sonra dövlətə aid yazışmaların və ərəb dilində ədəbiyyatın mənimsənilməsi zərurəti yarandı. Ərəb hərfləri ilə ərəb, türk və fars dilində xatirə və inşaat kitabələrinin yazılması Səlcuqilər dövlətinin də ənənəsinə çevrilmişdir.

Səlcuqilər dövləti Mərkəzi Asiyadan Aralıq dənizinə qədər olan əraziləri əhatə etmişdir. Bununla da bölgələrdə vahid epiqrafika nümunələrinin ərsəyə gəlməsinə şərait yaranmışdır. Məhz bu konteksdə Gəncədə Səlcuqilər dövründə epiqrafik nümunələr də inkişaf etmişdir. XI-XII əsrlərdə müşahidə edilən intibah mədəniyyətinin əsas mərkəzlərindən biri Gəncə şəhəri olmuşdur. Bu da Gəncə şəhərində mədəni, siyasi və iqtisadi yüksəlişin başlanmasına səbəb idi. İntibah mədəniyyəti bir sıra sahələrə - şəhər mədəniyyətinə, sənətkarlığa, ticarətə, memarlığa öz təsirini göstərmişdi.

Arxeoloji qazıntı işləri zamanı yaşayış yerlərindən və qəbirlərdən aşkarlanan dulusçuluq sənətinin nəfis nümunələri intibah mədəniyyətinin təsirinin əsas göstəricisi sayıla bilər.

S.Məmmədli məqalədə XI-XIII əsrlərə aid keramika nümunələri üzərində ərəb-farsdilli epiqrafik yazıları ilk dəfə araşdırması, tədqiq olunan epiqrafik yazıların ədəbiyyata istinadən təhlilini aparması, dövrlər üzrə keramika üzərindəki müxtəlif məzmunlu kalliqrafik yazılarda Azərbaycan xalqının dini və mənəvi mükəmməliyini, kamilliyini şərh edib geniş kütləyə çatdırmaqla yanaşı, dini-fəlsəfi baxışın, sənətkarlığın inkişafı haqda da məlumatlar verir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023