AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Professor Roida Rzayevanın nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnalda məqaləsi işıq üzü görüb
Jan 08, 2024 | 10:57 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayevanın nüfuzlu elmi bazalarda indeksləşən “Türk Akademi Dergisi”ndə (SAÜTAD) “Türk dünyası və strateji siyasətin fəlsəfəsi: yumşaq güc və media” adlı məqaləsi işıq üzü görüb.

Türk dünyası sahəsində aparılan müasir tədqiqatların nəşr olunduğu jurnal ULAKBİM DergiPark, EBSCO, Index Copernicus, Crossref, İSAM daxil olmaqla bir çox beynəlxalq bazalarda indeksləşir.

“Sakarya Üniversitesi Türk Akademi Dergisi” Türk dünyasının geosiyasi məkanındakı cəmiyyətlərlə mədəni, sosial, iqtisadi, siyasi və elmi münasibətləri ehtiva edən elmlərarası nəzəri, empirik və metodoloji məqalələri nəşr edən jurnaldır.

Müəllif məqalədə son zamanlarda baş verən siyasi, iqtisadi və mədəni hadisələrin müasir dünyada Türk dövlətlərinin rifah, inkişaf və təhlükəsizliyinin bir-birindən asılı olduğunu nümayiş etdirdiyi bildirir.

Bu kontekstdə professor Roida Rzayeva qeyd etmişdir ki, dünyada baş verən sürətli dəyişikliklər qarşısında regional təşkilatların əhəmiyyəti artıb. Qlobal dinamikaya əsaslanan ümumi strateji baxışın formalaşdırılması zərurəti yaranıb. Regional səviyyədə ehtiyacları qarşılamaq üçün yaradılan platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır.

Həmçinin müəllif məqalədə göstərir ki, müasir ictimai-siyasi reallıq, o cümlədən son dövrlərdə baş verən müharibələr şəraitində informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də informasiya və media sahəsində aktuallaşıb. Professor R.Rzayeva geosiyasi müstəvidə ortaya çıxan reallıqların media siyasətinin “yumşaq güc” kimi çıxış etməsini şərtləndirdiyini qeyd edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023