Jan 07, 2024 | 15:25 Yeni nəşrlər
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Anar Ağalarzadə və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, t.ü.f.d. Samir Kərimovun həmmüəllif olduqları “The golden winged bull (gryphons) images in ancient religions” (Qızıl qrifonlar: qədim dini inanclarda öküz təsviri) adlı məqaləsi “Казакыстан Археологиясы” jurnalının 2023-cü il 4-cü sayında dərc edilib.
Məqalədə 2013-cü ildə təsərrüfat işləri zamanı Lerik rayonu ərazisindəki qəbir abidələrinin birindən aşkarlanan və hazırda Milli Azərbaycan Tarix Muzeyinin qiymətli əşyalar fondunda qorunan qızıldan nəfis şəkildə hazırlanmış 2 ədəd qrifondan bəhs edilir. Hər iki qrifon peşakarlıqla düzəldilmiş və mükəmməl incəsənət nümunələridir. Bu qızıl qrifonlar qədim Azərbaycan incəsənətinin yüksək inkişafından xəbər verir.
Qrifonları hazırlayan sənətkar onları dinamik və hərəkətli təsvir etmişdir. Qeyd etmək lazımdır ki, Qədim Şərqdə Mitraya öküz qurbanvermə ayini geniş yayılmış və burada ayaq jesti mühüm rol oynamışdır. Müntəzəm olaraq sol ayağın arxaya qoyulması halı müxtəlif Mitra ikonoqrafiyalarında tez-tez müşahidə olunur. Lerik rayonundan tapılan qızıl öküz qrifonların üzərindəki zireh və qalxan təsvirləri də bu fiqurların “Tufan (Hərb)” allahının şərəfinə hazırlanması ehtimalını yaradır.
Müqayisəli təhlillər belə bir fikir yürütməyə imkan verir ki, qızıl qriofonlar ibadət üçün düzəldilmiş maddi mədəniyyət nümunələri olmuşdur. Çünki onların daha çox bəzək kimi istifadə olmadığı görünür. Belə ki, bir çox bu tip fiqurların üst hissəsində asılmaq üçün yer düzəldilirdi. Lakin bu xüsusiyyəti qeyd olunan qrifonlarda görmək mümkün deyildir. Şübhəsiz ki, qızıl qrifonların inamlarla bağlı olduğunu nəzərə alsaq, qədim dekorativ tətbiqi incənənətin bəhs olunan dövrdə geniş yayıldığını söyləmək olar.