Nov 29, 2023 | 15:25 Mühüm hadisələr
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun aparıcı elmi işçisi t.üf.d., dosent Xəqani Alməmmədovun “Qarabağın neolit dövrü abidələrinin mütləq və nisbi xronologiyası” mövzusunda layihəsi Almaniya Arxeologiya İnstitutu tərəfindən elan edilmiş təqaüd proqramının qalibi olub.
O, layihə çərçivəsində 12 noyabr - 19 dekabr 2023-cü il tarixlərində Berlin şəhərində, Almaniya Arxeologiya İnstitutunun Avrasiya Departamentinin arxeoloqları ilə birgə elmi tədqiqatlar aparıb. Layihəyə uyğun olaraq Qarabağ ərazisində arxeoloji tədqiqata cəlb edilmiş neolit dövrü abidələrindən götürülmüş nümunələr əsasında aparılmış radiokarbon analizlərin nəticələri və onlardan aşkar edilmiş maddi-mədəniyyət nümunələrin tədqiqindən əldə edilmiş məlumatların kompleks təhlili aparılaraq, Qarabağ ərazisində neolitləşmə prosesi, onun yayılma istiqamətləri, bu prosesin nisbi və mütləq xronologiyası haqqında ümumiləşdirilmiş elmi tədqiqat işləri çap üçün hazırlanıb. Bununla parallel olaraq “Qarabağın Leylatəpə Fenomeni” layihəsi çərçivəsində 2022-ci ildə Leylatəpə və Canavartəpə yaşayış məskənlərində aparılmış çöl-tədqiqat işlərindən əldə edilmiş materialların kameral işlənilməsi başa çatdırılıb və layihənin ilkin nəticələri haqqında qısa hesabat çap üçün hazırlanıb.
12 dekabr 2023-cü il tarixində tədqiqatçı, Almaniya Arxeologiya İnstitutunun Avrasiya Departamentində Qarabağın neolit abidələrində son illərdə aparılmış arxeoloji tədqiqatların ilkin nəticələri və ümumilikdə, lokal xüsusiyyətlərə malik Qarabağ neoliti haqqında “Qarabağ neoliti: nə yenilik var?” mövzusunda məruzə ilə çıxış edib.
Həmçinin layihə müddətində Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu tərəfindən birgə həyata keçirilən “Qarabağın arxeoloji abidələrinin arxeoloji tədqiqi” (LKREP) layihəsi əsasında növbəti çöl-tədqiqat mövsümündə aparılacaq arxeoloji tədqiqatların ilkin planları da tərtib edilib.
Qeyd edək ki, Xəqani Alməmmədov Almaniya Arxeologiya İnstitutunun həyata keçirdiyi “Qarabağın Leylatəpə Fenomeni” (Azərbaycan, Dr. Mark İserlis) və Tel Tsaf (İsrail, Prof. Florian Klimscha) layihələrinin ortaq rəhbərlərindən biridir.