AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Heydər Əliyevin hakimiyyəti dönəmində sosial, iqtisadi, mədəni və milli ideologiyanın inkişafı” mövzusunda elmi sessiya keçirilib
Dec 27, 2023 | 14:25 Konfranslar, iclaslar

AMEA-nın Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Heydər Əliyevin hakimiyyəti dönəmində sosial, iqtisadi, mədəni və milli ideologiyanın inkişafı” mövzusunda elmi sessiya keçirilib.

Sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi inkişafında müstəsna xidmətlərindən danışıb. Azərbaycanın tarixinin 40 ilinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən akademik G.Baxşəliyeva Ulu Öndərin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşdüyünü, onun həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqına xidmətlərinin əvəzsiz olduğunu qeyd edib.

Akademik G.Baxşəliyeva Heydər Əliyevin respublikanın sosial-iqtisadi və mədəni inkişafı istiqamətində böyük, titanik fəaliyyət göstərdiyini qeyd edərək, ötən əsrin 70-80-ci illərini Azərbaycanın sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi səciyyələndirib. Müstəqillik illərində də Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gəldiyini deyən akademik Gövhər Baxşəliyeva, Ulu Öndərin qısa müddətdə ictimai asayişin bərpasına nail olduğunu, xalqda  gələcəyə böyük inam yaratdığını, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu, geniş sosial-mədəni quruculuq proqramını həyata keçirdiyini qeyd edib.

Milli ideologiyamızın formalaşmasında və inkişafında Ulu Öndərin xidmətlərindən danışan akademik G.Baxşəliyeva bu ideologiyanın aparıcı xəttini xalqın milli-mənəvi varlığını təcəssüm etdirən azərbaycançılıq ideologiyasının təşkil etdiyini vurğulayıb, Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının Azərbaycanda yaşayan, onu vətən bilən bütün fərdləri birləşdirən ideologiya olduğunu bildirib.

Akademik G.Baxşəliyeva 2023-cü ildə Şərqşünaslıq İnstitutunda Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfransın və elmi sessiyaların keçirildiyini deyib, “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfransın tezislərinin, “Zəmanəmizin dahi azərbaycanlısı” adlı məqalələr toplusunun, “Unudulmaz lider” adlı  kitabın, “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının xüsusi buraxılışının çap olunduğunu qeyd edib.

Elmi sessiyada Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev elmi sessiyada “Heydər Əliyevin milli dövlətçiliyin qurulmasında rolu” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan milli dövlətçiliyinin qurulması, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü böyük işlər görüb. Belə ki, istər Sovet dövründə, istər müstəqillik illərində dil sahəsində, milli kadrların hazırlanmasında, o cümlədən dövlət-din münasibətlərinin qurulmasında gələcəyə hesablanmış islahatlar həyata keçirib.

Şərqşünaslıq İnstitutunun elmi işçisi Solmaz Namazova elmi sessiyada “Heydər Əliyevin dövründə ölkəmizdə səhiyyənin inkişaf tarixi” mövzusunda məruzə edib. Məruzəçi Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə əhalinin sağlamlığının qayğısına qalındığını, səhiyyə sahəsində ciddi tədbirlərin həyata keçirildiyini bildirib. Məruzədə Heydər Əliyevin diqqəti və dəstəyi ilə səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldüyü, islahatlar aparıldığı, səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirildiyi, ölkədə yüksəkixtisaslı tibb kadrlarının hazırlandığı, bir sıra qanunların qəbul edildiyi qeyd edilib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023