Dec 26, 2023 | 10:47 Konfranslar, iclaslar
MEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.
İnstitutun Ərəb filologiyası şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülşən Həmidli “Azərbaycanda ərəb dilçiliyi” mövzusunda çıxış edib. Mühazirədə ərəb dilçiliyinin Azərbaycanda inkişaf mərhələləri haqqında bəhs edilərkən ərəb filologiyasının, o cümlədən, ərəb dilçiliyinin inkişafında Azərbaycan alimlərinin mühüm rol oynadığı qeyd edilib. Həmin alimlərdən IX-XV əsrlərdə yaşayıb-yaratmış Məhəmməd ibn Məraği, Xətib Təbrizi, Əbu Məhəmməd əl-Vərəndi, Səfiəddin əl-Urməvi, Mahmud əl-Arrani, Mahmud əz-Zəncani, İzzəddin əz-Zəncani, Məhəmməd ət-Təbrizi əl-Qarabaği, İbrahim əş-Şəkəvi əl-Ərəşi, Hübeyş Tiflisi, Cəmaləddin Məhəmməd əl-Ərdəbili kimi alimlərin adları çəkilib, həmçinin sonrakı dövrlərdə Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşev, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundov kimi ziyalı alimlərin fəaliyyətlərinin ərəb dili və dilçiliyi ilə sıx əlaqədə olduğu vurğulanıb.
Sonda G.Həmidli müasir ərəbşünaslığın banisi Ələsgər Məmmədov və onun davamçılarının əsərləri və elmi fəaliyyətləri haqqında qısa, lakin, dolğun məlumat verib, Vasim Məmmədəliyev, Həsən Zərinəzadə, Çimnaz Mirzəzadə, Laura Orucova, Zenfira Rüstəmova və başqalarının fəaliyyətləri barədə bəhs edib.