Dec 25, 2023 | 10:18 Mühüm hadisələr
2003-cü ildə keçirilən prezident seçkilərindən sonra Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın keçdiyi yol mahiyyətinə görə bəlkə də yüzilliklərə bərabərdir.
Bu fikri açıqlamasında Milli Məclisin deputatı AMEA-nın müxbir üzvü Musa Qasımlı söyləyib. O bildirib ki, dövlətimizin başçısı ilk çıxışlarından başlayaraq başlıca məqsəd kimi torpaqların işğaldan azad edilməsini müəyyənləşdirib və bu gün həmin məqsədə nail olunub. Qeyd edib ki, Prezident İlham Əliyev xalqımıza qarşı əsrlər boyu tərtib edilmiş planları pozan, süni surətdə 100 il əvvəl yaradılmış "Dağlıq Qarabağ problemi"ni darmadağın edən, Azərbaycan xalqının üstündəki ləkəni silən dövlət başçısıdır.
“Prezident İlham Əliyev öz siyasəti ilə xalqımızı qalib edib. Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin bərqərar edilməsi ilə bütün Türk dünyası qarşısında yeni üfüqlər açıb. 2003-cü ildən sonra yürüdülən siyasət Azərbaycanın müasirləşməsidir. İlham Əliyev tariximizdə bir sıra ilklərə imza atmış dövlət başçısıdır. Məhz onun siyasəti nəticəsində Azərbaycan kosmik klubun üzvü olub. Dünyanın bir-biri ilə didişən dövlətlərini Azərbaycanda əməkdaşlığa cəlb edib. Ərazisinin bir sıra ölkələrdən kiçik, əhalisinin sayının az olmasına baxmayaraq, dünya siyasətində Azərbaycanın rolunu artıran görkəmli dövlət və siyasi xadimdir. Azərbaycanın sərt və yumşaq gücdən məharətlə istifadə etməsi nəticəsində xalqımızın və dövlətimizin beynəlxalq mövqeləri möhkəmlənib. Bu gün İlham Əliyevin liderliyində Azərbaycan dövləti sözü və əməli bir olan nüfuzlu bir ölkədir. Ötən 20 ilin təcrübəsi göstərir ki, xalqımızın və dövlətimizin gözəl gələcəyi var”, - deyə Musa Qasımlı fikrini yekunlaşdırıb.