Dec 18, 2023 | 14:30 Yeni nəşrlər
AMEA-nın vitse-prezidenti v.i.e., akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın “Akademik Ziya Bünyadov milli mənafelərimiz və ərazi bütövlüyümüz uğrunda savaşırdı” adlı məqaləsi İraqda yayımlanan “Sadaka” (Dostluq) qəzetinin 10-cu nömrəsində dərc olunub.
Məqalədə qeyd edilir ki, Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb. Akademik Ziya Bünyadov eyni zamanda öz alim qələmi və alovlu çıxışları ilə Azərbaycanın bədxahlarına qarşı daim mübarizə aparırdı, milli mənafelərimiz və ərazi bütövlüyümüz uğrunda gedən ölüm-dirim savaşının önündə gedirdi.
Məqalədə qeyd edilir ki, Ziya Bünyadovun elmi yaradıcılığına və fəaliyyətinə ən dəqiq və tutarlı dəyəri Ulu Öndərimiz Heydər Əliyev verib: “Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir”.
Akademik G.Baxşəliyeva bildirib ki, Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam məhz onun ömür boyu uğrunda yorulmadan gərgin mübarizə apardığı amalın Vətənin ərazi bütövlüyünün tam bərpa olunduğu günlərdə verilib.