AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Fərhad Quliyev: “Azərbaycanın arxeologiya elmi dünyaya inteqrasiya olunmuş bir elm sahəsidir”
Dec 15, 2023 | 12:24 Müsahibələr, çıxışlar

Məlumdur ki, Azərbaycanda növbəti arxeoloji qazıntı mövsümü başa çatıb. Bu günlərdə isə tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiya keçirilir. Aparılan tədqiqatların istiqamətləri, həyata keçirilən islahatlar və yeni hədəflər haqqında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun (AEAİ) direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyevlə söhbət edirik.

- Bu mövsümdə aparılan tədqiqatlar respublikanın hansı bölgələrini əhatə edib və ümumilikdə neçə arxeoloji ekspedisiya təşkil olunub?

- Hər il olduğu kimi, bu il də AEAİ-nin baş planında öz əksini tapan konkret mövzulara uyğun olaraq arxeoloji tədqiqatlar aparılıb. Demək olaraq ki, respublikanın bütün bölgələri əhatə edilib. Ekspedisiyalarımız həm əvvəllər tədqiq olunan abidələrdə, həm də yeni arxeoloji abidələrdə qazıntılar həyata keçirib. Tədqiqat işləri əsasən işğaldan azad olunmuş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur), Qərb bölgəsi (Gəncə-Qazax), Dağlıq Şirvan, Quba-Xaçmaz, Şamaxı və İsmayıllı, Mil-Qarabağ, Cənub və Naxçıvan bölgələrində aparılıb.

AMEA rəhbərliyinin tapşırığına əsasən bütün ekspedisiyaların fəaliyyətinin səmərəliyini yoxlamaq üçün monitorinq qrupları təşkil etmişik. Qeyd etməliyəm ki, əvvəllər institutumuzda bu sahə üzrə xüsusi şöbə fəaliyyət göstərib və sonradan ləğv edilib. Bu ilin iyulunda AMEA Rəyasət Heyətinin qərarı ilə həmin şöbə yenidən bərpa olunub. Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsində gələcəkdə tanınmış və təcrübəli arxeoloqlarımızın çalışması nəzərdə tutulub. Monitorinqin əsas məqsədi arxeoloji qazıntıların keyfiyyətini artırmaqdan ibarətdir.

Bu il ümumilikdə 40-dan çox ekspedisiya təşkil edilib. Tədqiqatların bir qismi Azərbaycan Respublikası Dövlət Turizm Aqentliyinin (DTA) sifarişi ilə qurumun nəzdində fəaliyyət göstərən bir neçə dövlət qoruğunun ərazisində aparılıb. Bu, çox vacib işdir, çünki abidələrin turizm potensialının müəyyən edilməsi və gələcəkdə həmin məkanların UNESCO-nun Mədəni irs siyahısına daxil edilməsinə yönələn layihələrin əsasını təşkil edə bilər.

- AMEA Rəyasət Heyətinin 19 iyun 2023-cü il tarixli qərarı ilə institutda daimi fəaliyyət göstərən Qarabağ arxeoloji ekspedisiyası yaradılıb. Zəhmət olmasa, ekspedisiyanın bu ilki fəaliyyəti haqqında məlumat verərdiniz.

- Cari ildə Qarabağ və Şərqi Zəngəzur ərazisində ekspedisiyalar uğurla fəaliyyət göstərib. Faktiki olaraq, AMEA-nın işğaldan azad olunmuş ərazilərdə ən çox tədqiqat işləri həyata keçirən elmi-tədqiqat müəssisəsi Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutudur. Cari ildə Ağdam, Füzuli, Zəngilan, Xocavənd, Şuşa rayonlarında arxeoloji ekspedisiyalar təşkil olunub. Bu ekspedisiyaların hər birinin öz tədqiqat obyekti və müəllifi var.

- Yeri gəlmişkən bu il UNESCO-dan xoş xəbər gəldi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Azıx və Tağlar Paleolit dövrü abidələri “Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya üzrə İlkin siyahıya daxil edilib. İnstitutunuz bu abidələrlə bağlı hansı işlər görüb?

- 1960-cı illərin əvvəllərində Azərbaycan arxeoloqları tərəfindən kəşf edilmiş hər iki insan düşərgəsi Cənubi Qafqaz regionunda yazıya qədərki tarixə aid ilk insan miqrasiyasını əks etdirən unikal abidələrdir. Dünya əhəmiyyətli bu abidələr erməni işğalı dövründə separatçı rejim tərəfindən siyasi məqsədlər üçün istifadə edilib. Qarabağ işğaldan azad olunandan sonra Azıx və Tağlar arxeoloji abidələrinə dünya elmi ictimaiyyətinin marağı artaraq müştərək arxeoloji tədqiqatlar üçün xarici ölkələrin elm mərkəzlərdən institutumuza müraciətlər daxil olub. Beləliklə, 35 ildən sonra bu il AMEA AEAİ tərəfindən Azıx və Tağlar arxeoloji komplekslərində Yaponiyanın Tokio Universitetinin mütəxəssisləri ilə birlikdə kəşfiyyat işləri aparılıb və abidələrin bir daha dəqiq dövrlərini müəyyən etmək məqsədilə analizlər üçün nümunələr götürülüb. Həmçinin Danimarkanın Orxus Universiteti Qarabağın Paleolit abidələri ilə bağlı əməkdaşlıq müqaviləsi təklif edib. Hazırda Azıx və Tağlar mağaralarında arxeoloji tədqiqatlar üçün xüsusi layihə hazırlanır. Gələn ildən etibarən hər iki mağaranın kompleks şəkildə öyrənilməsi nəzərdə tutulub.

- Cari ilin iyununda institutda həmçinin Xəzər arxeologiyası şöbəsi yaradılıb. Şöbənin təşkili nə yerdədir, qarşıya hansı məqsədlər qoyulub?

- Hazırda şöbənin təşkili prosesi tamamlanır. İlin sonunadək şöbənin gələcək fəaliyyət istiqamətləri müəyyən edilməli, tədqiqat planı hazırlanmalı, ekspedisiyaların mahiyyəti müəyyənləşərək institutun elmi şurasına təqdim edilməlidir. Vurğulamalıyam ki, Xəzər arxeologiyası üzrə arxeoloji qazıntı üsullarının spesifik xüsusiyyətləri mövcud olduğu üçün, tədqiqat planının hazırlanması da xüsusi yanaşma tələb edir. Bu sahə üzrə AMEA-nın İnstitutu olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq etməyi düşünürük.

- Müvafiq materiallarla tanış olarkən diqqətimi Xınalıqda, Beşbarmaqda və Gələrsən-Görəsən qalasında aparılan tədqiqatlarla bağlı məlumatlar çəkdi. Mən, 2012-ci ildə Xınalıqda ekomuzeyin yaradılmasını təklif edərək burada mütləq arxeoloji tədqiqatların aparılmasının önəmini vurğulamışdım. Xınalıq ekspedisiyası zamanı nə kimi yeniliklər ortaya çıxıb?

- Xınalıqda aparılan tədqiqatlar Dövlət Turizm Agentliyinin xətti ilə, bu qurumla institutumuz arasında imzalanan müqaviləyə əsasən aparılıb. Bu ilin sevindirici hadisələrindən biri də “Xınalıq kəndi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi oldu. Qazıntılar nəticəsində çox maraqlı bir Nekropol aşkar edilib. Nekrololun aid olduğu xronoloji dövr eramızın ilk əsrlərini əhatə edir, həmin dövr Azərbaycan tarixi üçün çox əhəmiyyətlidir. Burada üzə çıxarılan daş qutu qəbirlərindən olduqca maraqlı materiallar meydana çıxıb. Həmçinin gözlənilmədən Xınalıq ərazisində daha qədim arxeoloji abidələr qeydə alınıb.

Ümumiyyətlə kəndin relyefi unikaldır. Çox güman ki, gələn il Xınalıqda artıq geniş tərkibdə, müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət ekspedisiya fəaliyyət göstərəcək. Qeyd edim ki, bu tədqiqatlar “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun təbliği, onun turizm potensialının artırılması üçün böyük əhəmiyyət kəsb edir. Qazıntı işləri çox çətin, arxeoloqlar üçün olduqca əlverişsiz şəraitdə aparılıb, arxeoloqlar qazıntı sahəsinin ətrafında qurulan çadırlarda qalıb tədqiqat işlərini həyata keçiriblər. Bu işdə bizə Dövlət Turizm Agentliyi yaxından köməklik göstərib.

Çətin şəraitdə aparılan qazıntılardan yenə də DTA-nin xətti ilə Şəkinin yaxınlığında dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən Gələrsən-Görərsən qalasındakı tədqiqatları qeyd edə bilərik. Bildirim ki, qalanın tarixi əhəmiyyətini, orta əsrlərə aid məlumatların doğruluğunu sübut etmək üçün arxeoloji tədqiqatlara çoxdan ehtiyac var. Burada fəaliyyət göstərən arxeoloji ekspedisiya eramızın XI əsrindən başlayaraq böyük bir dövrü əhatə edən olduqca maraqlı artefaktlar və strukturlar aşkar edib.

Beşbarmaq dağı dini təyinatlı sakral memarlıq kompleksi Xıdır Zində ziyarətgahı kimi tanınır. Bu gün də Ziyarətgah məqsədilə istifadə olunsa da, lakin həyatın uzun müddət davam etdiyi, müdafiə sisteminə malik yaşayış yeridir. Abidənin dövrünü və xronoloji çərçivəsini müəyyən etmək üçün aparılan arxeoloji tədqiqatlar zamanı müdafiə divarının daxilində yaşayış yerinə aid müxtəlif təyinatlı tikililər tapılıb, qalanın beşinci bürcü və ən maraqlısı isə yazıya qədərki dövrün mədəni təbəqəsi aşkar edilib.

Bir sözlə, bu abidələr yeni tədqiqat mövzularıdır, həm Xınalıq, həm Beşbarmaq, həm də Gələrsən-Görərsən qalası haqqında mənbələrdə kifayət qədər məlumat var ki, qazıntılar vasitəsilə maddi dəlillər əldə olunur, mənbələrdə olan məlumatlar faktiki tapıntılarla təsdiq edilir.

- Məlumdur ki, rəhbərlik etdiyiniz institutun geniş beynəlxalq əlaqələri mövcuddur. Bu mövsümdə hansı beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərib?

- AMEA AEAİ yeni dövrə qədəm qoyur. Bu yaxınlarda müəssisənin adında da dəyişikliklər ediləcək. Bununla əlaqədar tədqiqat işlərimizdə də ciddi dəyişikliklər baş verəcək, biz arxeoloji tədqiqatlarla bərabər ölkəmiz üçün olduqca vacib olan fiziki antropologiya sahəsini də inkişaf etdirməliyik. Qazıntılar zamanı çoxlu sayda qəbirlər üzə çıxarılır, aşkar edilən insan qalıqlarının DNT analizləri aparılmalı, insanların hansı xəstəliklərdən əziyyət çəkmələri, ölüm səbəbləri, qədim dövrün pəhrizi və digər məsələlər ciddi araşdırılmalıdır. Bu tədqiqatlara dünya elmində böyük tələbat var, bütün nüfuzlu elmi nəşrlərdə bu cür məlumatlara, analizlərə xüsusi önəm verilir, və biz tədqiqatlarımızı dünya elminin tələblərinə uyğun tənzimləməliyik. DNT mövzusunun aktuallığını nəzərə alaraq, Türkiyənin Hacəttəpə, Ankara və İstanbul Universitetləri ilə sıx əməkdaşlıq edirik. Əsas məqsədimiz Türkiyənin məlum Universitetlərinin dəstəyi ilə institutumuzun nəzdində Fiziki antropologiya sahəsinə aid Laboratoriyanın təşkil olunmasıdır.

Buna görə də institutumuzda həm arxeoloji tədqiqatlar, həm fiziki antropologiya, həm də sosial antropologiya üzrə aparılan araşdırmalar kompleks şəkildə təşkil olunmalıdır. Sözügedən tədqiqatlar isə beynəlxalq layihələr vasitəsilə aparıla bilər, çünki bizim qeyd olunan sahələr üzrə ciddi kadr çatışmazlığımız var. Bu boşluqları dolduqmağın yolunu biz hələ ki, beynəlxalq əlaqələrdə görürük.

Bu il bizim Yaponiya, İtaliya, Koreya, Almaniyadan olan mütəxəssislərlə danışıqlarımız olub, tədqiqat işləri aparılıb. Həmçinin gözləntilərimiz həmin qurumların bizə kadr hazırlığında, yəni gənc əməkdaşlarımızın təcrübə toplamasında dəstək olmasıdır. Bu məsələnin həlli institutumuzun əsas hədəflərindən biridir.

Ümumiyyətlə, digər humanitar və ictimai elmləri əhatə edən müəssisələrlə müqayisədə institutumuzun hər zaman beynəlxalq layihələri çox olub. Çünki Azərbaycanın arxeologiya elmi dünyaya inteqrasiya olunmuş bir elm sahəsidir. Buna görə də bizim sahədə beynəlxalq layihələr çoxluq təşkil edir. Hətta institutumuz layihə axtarışında olmadıqda belə bizə müxtəlif təkliflər daxil olur. Birgə tədqiqat aparmaq arzusunda olan tərəfdaşlarımızın çox olmasına baxmayaraq çalışırıq ortaq mövzular üzrə layihələrə imza ataq.

Konkret olaraq bu il İtaliya mütəxəssisləri ilə birgə Ağstafa rayonunda yerləşən e.ə. II minilliyə aid qədim yaşayış yerində, Yaponiya mütəxəssisləri ilə Damcılı mağarasında, Almaniya arxeoloqları ilə Şəmkir şəhərində yerləşən antik dövrə aid Saray kompleksində və Koreyanı təmsil edən Seul Universitetinin alimləri ilə Qəbələ şəhərində müştərək tədqiqat işləri aparılıb.

- Bu il sentyabrın 18-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda, Dövlət Komissiyasının işində AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun iştirakı da qeyd edilib. Arxeoloqlar komissiyanın işində necə yardımçı ola biliblər?

- Dövlət Komissiyası Qarabağda itkin düşmüş vətəndaşlarımızın məzarlıqlarının aşkar edilməsi işini həyata keçirir. Bu istiqamətdə 2022-2023 illərdə Dövlət Komissiyası çox mühüm işlər görüb. Belə ki, Şuşa və Xocavənd rayonlarında kütləvi məzarlıqların aşkar edildiyi ərazilərdə aparılan qazıntı işlərində institutumuzun əməkdaşları da fəal şəkildə iştirak edib. Bu ilin mayında institutumuz tərəfindən məhkəmə arxeologiyası və antropologiyası mövzusuna həsr olunan beynəlxalq konfrans təşkil olunub. Ölkəmiz üçün məhkəmə arxeologiyası mövzusu yenidir. Hazırda bu mövzunun cəmiyyətimiz üçün əhəmiyyəti yüksəkdir. Belə olan halda mövzu ilə bağlı fəaliyyətimizi genişləndirməyi düşünürük. Göründüyü kimi fiziki antropologiya üzrə mütəxəssislərimizin olması çox vacibdir. Müasir günümüzün tələbidir.

- AMEA-da aparılan islahatların bir istiqamətini elm və təhsilin inteqrasiyası təşkil edir. Bu sahədə institutda hansı tədbirlər həyata keçirilir?

- İnstitutumuz elm və təhsilin inteqrasiyası haqqında ən çox düşünən qurumlardan biridir, çünki arxeologiya və antropologiya sahəsində ən ciddi problemimiz məhz bu məsələdir. Faktiki olaraq bizim heç bir ali təhsil müəssisəmiz bu elmi istiqamətlər üzrə mütəxəssislər yetişdirmir, buna görə də müasir dünyada hökm sürən tendensiyalara uyğun tədqiqatların aparılmasında çətinlik çəkirik.

Bu problemin həllinə yönələn təkliflərlə çıxış etmişik, əsasən Bakı Dövlət Universiteti ilə ciddi danışıqlarımız olub. Universitetlərdə mütləq “Arxeologiya” və “Antropologiya” ixtisasları üzrə magistratura pilləsi, ayrıca kafedralar yaradılmalı, bu fənlərin dərs saatları artırılmalıdır. Azərbaycana qarşı qərəzli münasibətə, torpaqlarımıza olan iddialara cavab vermək üçün arxeoloji tədqiqatlara böyük ehtiyac var. Unutmaq olmaz ki, dünya elmi ictimaiyyəti qarşısında ciddi elmi faktlarla, dəlillərlə çıxış etməliyik. Arxeologiya bizə faktiki olaraq kriminalistika elminə oxşar dəlillər verir: maddi mədəniyyət nümunələri aşkar olunur, faktlar ortaya qoyulur, və həmin nümunələr əsasında elmi nəzəriyyələr, elmi fikirlər yürüdülür.

Bu baxımdan kadr potensialının artırılması üçün ciddi dövlət dəstəyinə ehtiyacımız var. Hələ ki, daha çox müvafiq ixtisaslar üzrə Türkiyə universitetlərini bitirən tələbələrə arxalanırıq, onları böyük həvəslə işə götürürük, çünki onlar zəruri biliklərə yiyələniblər. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycanda da “Arxeologiya”, “Antropologiya” və digər lazımi ixtisaslar üçün təhsil bazası yaranacaq.

- Bu sualdan irəli gələn elmin gəncləşdirilməsi məsələsidir...

- Bəli, çox vacib bir məsələdir. Ümumiyyətlə, demək olmaz ki, bu gün gənclər elmlə məşğul olmaq istəmir. Həyatlarını elmə həsr etmək arzusunda olan çox istedadlı gənclərimiz var, onları istedadlarını, biliklərini nəzərə alaraq konkret sahələrə istiqamətləndirmək lazımdır. Amma gənclərə mütləq dəstək göstərilməlidir, onların sosial problemləri həllini tapmalıdır. Çox vaxt gənclər elmə gəlir, bir müddətdən sonra isə işlərini yarımçıq qoyub daha yaxşı maddi təminatlı yerlərə üz tuturlar, elmdən uzaqlaşırlar. Bunun yalnız bir səbəbi var – sosial problemlər. Təəssüf ki, bu problemlə biz hər dəfə üzləşirik, buna görə elmə gələn az bir sayda gənclərə mütləq dəstək verilməlidir.

Ümumiyyətlə, mən hesab edirəm ki, elmə kütləvi gənc kadr axını olmamalıdır, buna ehtiyac yoxdur. Məhz istedadlı, elmi potensiallı gənclər elmə cəlb olunmalı, onların əməyi layiqincə qiymətləndirilməlidir.

- Və ənənəvi sualımız gələcək planlarınız haqqındadır.

- Yaxın illərdə “Qafqaz Albaniyasının maddi mədəni irsi” problemini ön plana gətirməyi, bu mövzu ilə bağlı çoxşahəli tədqiqatlar təşkil etməyi düşünürük. Respublika ərazisində Qafqaz Albaniyasına aid möhtəşəm abidələr var ki, onlar ciddi şəkildə araşdırılmalı, burada qazıntı işləri aparılmalıdır.

Həmçinin dünyanın bir sıra elmi-tədqiqat müəssisələrilə həyata keçirilən layihələrimiz konkret mövzular üzrə olacaq, qarşıya yeni tələblər qoyulacaq, konkret abidələr və dövrlərin aktual məsələlərini həll etmək üçün müştərək tədqiqatlar aparılacaq.

Gündəmdə duran məsələlərdən biri də abidələrimizin ictimailləşdirilməsi məsələsidir. Qazıntı yerlərində konservasiya işlərinin aparılması hədəflərimizdən biridir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə sıx əlaqələr yaradılır, birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Ümumiyyətlə, bu qazıntı mövsümündə biz hansı sahədə boşluqların, çatışmazlıqların olduğunu müəyyən etdik. Aldığımız nəticələrə əsasən şəxsən mənim qənaətim belədir ki, gələn il arxeoloji ekspedisiyaların fəaliyyət strategiyasında ciddi dəyişikliklər etməliyik. Fikrimizcə, ekspedisiyaların sayı azaldılmalı, əsasən dövrlər, konkret mövzular üzrə bir sıra vacib etalon xarakterli abidələr seçilərək tədqiq edilməlidir. Bölgələrdə böyük ekspedisiyalar fəaliyyət göstərməli, amma həmin ekspedisiyaların tərkibində yeni dəstələr formalaşmalıdır. Yəni gələn il üçün proqnoz olaraq təkliflər proqramı ilə çıxış etmək istəyirik ki, ekspedisiyaların sayı azaldılsın, aparılan işlərin keyfiyyəti isə artırılsın.

Bu bir faktdır ki, Azərbaycanın bütün bölgələrində mühüm arxeoloji abidələrimiz var, onların hər biri tariximizin müvafiq mərhələlərini əks etdirir, lakin bizim məqsədimiz ondan ibarətdir ki, bu tədqiqatlar konkret elmi standartlara cavab versin, qazıntılar zamanı əldə olunmuş nəticələr ölkə və dünya elmi ictimaiyyətinə çatdırılsın, məqalələr, fundamental monoqrafiyalar hazırlansın, çünki aldığımız nəticələrin ortaya çıxarılması, daha çox tanıdılması, nəşr olunması, təbliği prioritet məsələlərdən biridir.

- Çox sağ olun. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Müsahibəni apardı: Nəzmin CƏFƏROVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023