Dec 07, 2023 | 13:24 Konfranslar, iclaslar
AMEA-nın Qafqazşünaslıq İnstitutu 2023-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib.
İnstitutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı geniş məruzə edib. Vurğulayıb ki, institutda 2023-cü ildə 2 elmi istiqamət, 3 problem, 5 mövzuya dair 14 tədqiqat işi aparılıb. Araşdırılan problemlər Qafqaz dövlətlərinin daxili siyasi və sosial-iqtisadi problemləri, Qafqazda dövlətlərarası münasibətlər, xarici ölkələrin region siyasətini əhatə edir. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar olaraq 27 aprel 2023-cü il tarixində “Qafqaz ölkələrinin (Rusiya, Türkiyə, Gürcüstan, İran) rəhbərlərinin Heydər Əliyev haqqında fikirləri” mövzusunda dəyirmi masa keçirilib. 3 may 2023-cü il tarixində “Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib. AMEA-nın müxbir üzvü Musa Qasımlı, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəylinin birgə yazdıqları “Heydər Əliyev və Qafqaz problemləri” adlı kitab çap olunub. Azərbaycan Respublikası Prezidentinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” 6 dekabr 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar 1 noyabr 2023-cü il tarixində “Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq elmi konfransı keçirilib. Konfransda Azərbaycan, Türkiyə, Rusiya, İtaliya, Kanada və Ukraynadan olan alim və tədqiqatçılar məruzələr ediblər. Azərbaycan Respublikası Prezidentinin Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsinə dair 28 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə əlaqədar 27 noyabr 2023-cü ildə “Akademik Ziya Bünyadovun əsərlərində Cənubi Qafqaz” mövzusunda elmi seminar keçirilib.
AMEA prezidentinin 29 noyabr 2022-ci il tarixli sərəncamına, AMEA Rəyasət Heyətinin “2023-cü ildə keçiriləcək beynəlxalq və respublika elmi konfransların planının təsdiq edilməsi haqqında” 16 yanvar 2023-cü il tarixli qərarına əsasən 19 oktyabr 2023-cü il tarixində “Cənubi Qafqaz: mövcud vəziyyət və perspektivlər” mövzusunda respublika elmi konfransı, Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar 27 oktyabr 2023-cü il tarixində “Türkiyə Cümhuriyyəti və Qafqaz: tarix və müasirlik” mövzusunda dəyirmi masa, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin yaradılmasının 100 illiyi ilə əlaqədar 16 noyabr 2023-cü il tarixində elmi seminar keçirilib.
Hesabat ilində institut əməkdaşlarının Türkiyədə 2, Özbəkistanda 1, Azərbaycanda 8 kitab və 1 tədris-metodiki vəsaiti, 160 məqalə və tezisi, internet saytlarında və qəzetlərdə isə 100 məqaləsi çap olunub. Onlardan 62-i xarici ölkələrdə - Türkiyə, İspaniya, Rusiya, ABŞ, Özbəkistan, Qırğızıstan, BƏƏ, Kiprdə işıq üzü görüb. Bundan əlavə, impakt faktorlu jurnallarda 2 məqalə (R.Dadaşova -1, G.Musayeva -1) çap edilib.
Türkiyə, Rusiya, Ukrayna, Polşa, Boyük Britaniya, Qazaxstan, Özbəkistan, İndoneziya, İran, Meksika və digər ölkələrin alim və tədqiqatçıları institut əməkdaşlarının əsərlərinə 53 dəfə (M.Qasımlı – 30, R.Dadaşova -6, V.Ömərov -2, E.Kəlbizadə -10, L.Mirzəzadə -2, N.Məmmədova -1, K.Salayev – 2) istinad ediblər.
M.Qasımlının Gooogle Scholar elmmetrik bazasında h-indeksi H-10 olub. Bütövlükdə alimin əsərlərinə dünyanın 54 ölkəsində 300 dəfə istinad edilib.
Hesabat ilində institut iki mühüm elmi nəticəni təqdim edib. AMEA-nın müxbir üzvü Musa Qasımlı, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəylinin birgə yazdıqları “Heydər Əliyev və Qafqaz problemləri” adlı kitab nəşr edilib. Əsərdə ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyevin Qafqaz problemlərinə münasibəti və fəaliyyəti müxtəlif dillərdə olan mötəbər mənbə və ədəbiyyatlar əsasında tədqiq edilib. Kitabda Heydər Əliyevin çıxışları, nitqləri və müsahibələrinin toplandığı “Müstəqilliyimiz əbədidir” çoxcildliyi əsasında Qafqaz məsələlərinə baxışları, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, həmçinin Çeçenistan, osetin-inquş, gürcü-abxaz, Tsxinvali (gürcü-osetin), Samtsxe-Cavaxeti münaqişələrinin dinc siyasi vasitələrlə tənzimlənməsi, Azərbaycan Respublikasının Rusiya, Gürcüstan, Türkiyə və İranla münasibətlərinin inkişaf etdirilməsində fəaliyyətləri təhlil olunub. Belə bir nəticəyə gəlinib ki, Ulu Öndər Heydər Əliyev Qafaz regionunun sülh zonasına çevrilməsindən ötrü geniş fəaliyyət göstərib, bunun üçün ilk növbədə dövlətlərin bir-birinin daxili işlərinə son qoymasının, münaqişələrin dayandırılmasının tərəfdarı olub və bir sıra təşəbbüslər irəli sürüb. Hesab edib ki, münaqişələr həll edildikdən sonra Qafqaz ölkələri və xalqları həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq edə bilərlər.
Eləcə də hesabat ilində tarix üzrə fəlsəfə doktoru Günel Musayevanın “Нефтяной фактор в азербайджанской политике Великобритании (1991-2022 гг.)” (“Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili (1991-2022-ci illər)”) adlı monoqrafiyası nəşr edilib. Əsərdə ilk dəfə olaraq Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili müxtəlif dillərdə olan mənbə və ədəbiyyatlar əsasında tədqiq edilib. Monoqrafiyada 1991-2022-ci illərdə Böyük Britaniyanın Azərbaycan siyasətində neft amilinin yeri və rolu araşdırılıb, Ermənistanın hərbi təcavüzünə və 44 günlük Vətən Müharibəsi nəticəsində ərazilərin azad edilməsi məsələsində də Britaniya hökumətinin mövqeyi şərh, təhlil və müqayisəli təhlil edilib. Belə bir nəticəyə gəlinib ki, Böyük Britaniya Azərbaycan siyasətinə əsasən iqtisadi-enerji maraqları, neft amili ciddi təsir göstərib.
AMEA-nın müxbir üzvü M.Qasımlının baş redaktoru, t.ü.f.d. G.Musayevanın məsul katibi olduğu və Azərbaycan, rus, ingilis dillərində nəşr edilən, iki beynəlxalq indeksə (SAJİ, Citefactor) daxil olan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının dördüncü sayı işıq üzü görüb.
Həmçinin 2023-cü ildə xarici ölkələrdən alim və tədqiqatçıların iştirakı ilə keçirilmiş “Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri”, “Cənubi Qafqaz: mövcud vəziyyət və perspektivlər” mövzusunda respublika elmi konfransları və “Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq elmi konfrans tezisləri, “Qafqazşünaslığın aktual problemləri (məqalələr məcmuəsi)” nəşr edilib.
İnstitutun www.caucasusstudies.az saytına il ərzində 4630 baxış, əsasən Azərbaycan, ABŞ, Çin, Almaniya, Türkiyə olub. “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının www.jcs.az saytına il ərzində 2200 baxış olub. İlk beşliyi Azərbaycan, Türkiyə, Fransa, ABŞ, Rusiya tutur.
İnstitutda kadr hazırlığı məsələləri də uğurla aparılıb. Hesabat ilində əməkdaşlardan 1 nəfər (G.Musayeva) tarix üzrə fəlsəfə doktoru dərəcəsi, 1 nəfər (S.Həbibbəyli) siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb, 1 nəfərin (E.Kəlbizadə) elmlər doktoru dissertasiya işi, 1 nəfərin (Y.Baxşıyeva) fəlsəfə doktoru dissertasiya işi Müdafiə Şurasındadır.
Cari ildə institut beynəlxalq əlaqələri uğurla inkişaf etdirir. 12 may 2023-cü il tarixində belçikalı, siyasi elmlər doktoru, tədqiqatçı Sebastien Bussua ilə institutun direktoru Musa Qasımlı ilə görüşündə qonağın üzərində işlədiyi monoqrafiyaya dair tövsiyələr və materiallar verilib. 12 may 2023-cü il tarixində Sank-Peterburq Universitetinin Tarix fakültəsinin Türkiyədən olan doktorantı Çingiz xan Taşçı ilə AMEA-nın müxbir üzvü Musa Qasımlının görüşündə üzərində işlədiyi doktorluq dissertasiyasına dair tövsiyələr və materiallar verilib. 19 sentyabr 2023-cü il tarixində Rusiya Elmlər Akademiyası İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun Yaxın və Postsovet Şərq şöbəsinin əməkdaşları Razil Quzaerov və Alina Sbitnevanın institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı və şöbə müdirləri ilə görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Daha sonra “2023-cü il seçkilərindən sonra Türkiyə Cümhuriyyətinin xarici siyasəti” və “Türk faktoru və mədəni rəğbət” mövzularında müzakirələr aparılıb. Musa Qasımlı Razil Quzaerova “Türkiyə Cümhuriyyətinin xarici siyasətində Azərbaycan Respublikasının yeri” mövzusunda yazdığı dissertasiya işi barədə onun xahişi ilə tövsiyələrini verib.
İclasda AMEA-nın müxbir üzvü Qorxmaz İmanov da iştirak edib. O, institutun nəşrlərindən ibarət sərgi ilə tanış olub, görülən işləri yüksək qiymətləndirib.