AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Filosof ömrü: İlham Məmmədzadə - 70
Dec 04, 2023 | 14:28 Mühüm hadisələr

Vaxtilə Şopenhauer yazırdı, “Ən gözəl musiqi örnəkləri yalnız bu sahədə təcrübəli və bilikli insanlar üçün anlaşılandır, çünki onların başlıca tonu səslərin labirintindən keçən uzun musiqi ifadələrindən ibarətdir. Bunun bənzəri olaraq, böyük ağıl sahibləri də, əzablı və geniş miqyaslı daxili tənzimlənmə prosesindən, çox güclü şübhələrdən və çoxlu yanlışlıqlardan keçib səbatlı vəziyyətə gəlib çıxırlar”. Gəlin etiraf edək ki, belə bir qlobal ziddiyyətli proseslərin baş verdiyi narahatlıqlar əsrində dünyanın, insanın, insan ruhunun total iztirablar və axtarışlarla dolu fəlsəfəylə məşğul olmaq, filosofluq etmək son dərəcə mənəvi məsuliyyət daşımaqla yanaşı, həm iztirablı, həm də xoşbəxtlik kimi bir yoldur. Burada qərarlaşmaq öz ruhunun, dünyanın, insanın səsini duyaraq, anlayaraq ona reaksiyalar vermək elə ən gözəl örnəkləri dünyaya hədiyyə etmək cəhdidir. Ona görə də gəlin bir daha etiraf edək ki, müasir dövrdə filosof olmaq qədər ikinci bir məsuliyyətli “vəzifəni” təsəvvür etmək bəlkə də mümkün deyildir. Məsələ onunla bağlıdır ki, fəlsəfə dövrün problemləri, ictimai- siyasi, etik-əxlaqi, mədəni, milli dəyərləri, dövlətçilik və müasirlik, ənənə və yenilikləri, bir sözlə, dünya, insan, elm, bilik və onun sivilizasiyanın inkişafında rolu, müasirliyin dialektik xüsusiyyətləri, cəmiyyətin orientasiyası, konsolidasiyası və “gələcəyi”, “indisi” və “keçmişi” barədə cəsarətlə fikir pülüralizmini, dialoqu həyata keçirən, millətin, milli ideologiyasının müəyyənləşdirilməsində rol oynayan həm tarixi, həm də müasir paradiqmadır.

Onun əsaslarında daima dövlətin yanında, milli birlik və təhlükəsizlik kimi ideyalarının həyata keçirilməsi kimi fəaliyyətdə olmaq bir növ tale məsələsidir. 70 illik ömür yoluna nəzər saldığımız filosof İlham Məmmədzadə 2020-ci ildə nəşr etdirdiyi “Bir daha fəlsəfə haqqında” kitabının 30-cu səhifəsində yazır: “M. Fuko hesab edir ki, fəlsəfə əbədi olana keçmişin əsaslandırılmasından imtina etdiyi anda müasir olur. Fəlsəfə “indi və hazırda” olana müraciət etməlidir.

Müasir siyasi, ideoloji, ictimai-humanitar insanı, cəmiyyəti bu proqramdan kənar təsəvvür etmək sadəcə mümkün deyil. Başqa sözlə, fəlsəfə insanın taleyi, insan fəlsəfənin obrazlı desək, evristik məzmunudur. Təsadüfi deyildir ki, Kant hesab edirdi ki, fəlsəfə insan olmağın paradiqmasıdır. Bütün bunlar nəzərə alınanda görürük ki, müasirlik və dövlətçilik baxımından fəlsəfə milli ideologiyanın, millətin bilavasitə dövlətçilik ideologiyasının təcəssümü və milli fəlsəfənin yaradıcısı olmalıdır. Belə bir məqamda vacib bir tezisi qeyd edək: Anlaşıqlıdır ki, belə bir qlobal epoxada və beynəlxalq ziddiyyətlərin, münasibətlərin mürəkkəbliyi şəraitində fəlsəfə ilə məşğul olmaq nə qədər vacib və məsuliyyətdir. Biz əminik ki, indi bu vəzifə və məsuliyyətin daşıyıcısı olan, həyatını bütövlükdə fəlsəfəyə həsr etmiş professor İ. Məmmədzadənin rəhbərliyi ilə və onun fəlsəfi tezislərindən bəhrələnən hər bir gənc alim, mütəxəssislər milli fəlsəfə, dövlətçilik, o cümlədən cəmiyyətin inkişafında öz vəzifəsini yüksək əzmlə həyata keçirmək kimi məktəbin nümayəndəsi olaraq dərs götürüblər. Bunun üçün əlbəttə qarşımızda istinad edəcəyimiz, güvənəcəyimiz böyük məktəb və örnək də vardır: Bu bizim milli ideya və strategiyanın fəlsəfəsindən, bütün bunları özündə təcəssüm etdirən ümummilli lider Heydər Əliyevin dövlətçilik və Azərbaycançılıq ideyalarından – fəlsəfəsindən gəlir.

Bütün bu zəruri qeydlərdən sonra İnstitumuzun direktoru, humanist insan, dərin intelektual alim, nəhəyət ən əsası müasir Azərbaycan fəlsəfəsində öz dəsti-xətti və istiqamətiylə, öz fəlsəfi interperatasiyası ilə seçilən böyük bir kollektivin qayğıkeş rəhbəri İlham Məmmədzadə haqqda öz fikir və düşüncələrimizi, onun fəlsəfə və dövlətçilik istiqamətdə apardığı işləri qismən də olsa işıqlandırmağa cəhd edəcəyik. Bu yol və fəaliyyət bir filosof ömrü, yuxusuz gecələrin məhsulu, obrazlı desək filosofluğun – xoş iztirabıdır. Zəmanənin məsuliyyətini daşımaq və ya ona şərik olmaq!!! Dünyada cəmiyyətdə, kollektivdə baş verən bütün hadisə və proseslərə filosof və fəlsəfə kontekstindən yanaşmaq.

Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunu, İlham Ramiz oğlu Məmmədzadə SSRI EA-nın Fəlsəfə Institutunda namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır, hazırda bir çox Qərb universitetlərinin fəxri professoru; fəlsəfə aləmində xüsusi hörmətlə anılan «Вопросы философии», «Философский журнал» kimi mötəbər beynəlxalq elmi-fəlsəfi jurnalların redaksiya heyətinin üzvü, o çümlədən respublikamızın, xarici ölkələrin elmi nəşrlərində çap olunmuş çoxsaylı kitab və məqalələrin müəllifi və redaktoru, yüzlərlə elmi-fəlsəfi məqalələrin, dərin fəlsəfi əhəmiyyətli monoqrafiyaların müəllifi və ən nəhayət böyük bir fəlsəfə kollektivinin rəhbəri – bütün bunlar İlham müəllimin elmi-fəlsəfi fəaliyyətinin yalnız bir qismidir. Bir faktı xatırlayaq: İ. Məmmədzadə Moskvadan nəşr olunan « Философы россии ХIХ-ХХ столетии» (М., изд - во «Академической проект», 2002 под ред. П. В. Алексеева) ensklopediyasının hazırlanmasında redaksiya heyətinin üzvü kimi böyük rol oynamış və hal-hazırda da bir sıra beynəlxalq elmi-fəlsəfi nəşrlərin redaksiyya heyətində fəaliyyətini davam etdirir.

Əlbəttə bizim məqalədə məqsədimiz Ilham Məmmədzadənin elmi bioqrafiyasını tam şəkildə əhatə etmək olmasa da onun yaradıcılığında əsas fəlsəfi istiqamətini qismən də olsa göstərməkdir. Lakin bir şeyi etiraf edək ki, əslində, filosofun yaradıcılığı ilə tanış olanda görürük ki, o çoxaspektli və rəngarəng olduğundan onu tam əhatə etmək mümkün də deyildir. Çünki etiraf edək ki, müəllifin yaradıcılığı göstərir ki, o, hər şeydən əvvəl, yeni ideyalar, fikirlər, dəyərlər generasiya edən bir filosofdur və daim yeni tədqiqat metodlarının axtarışı onun xüsusi üslubunu təşkil etdiyindən bu yaradıcılığı əhatəli işıqlandırmaq həm çətindir, həm də ciddi məsuliyyət tələb edir.

İlham müəllimin elmi fəaliyyəti 1970-ci illərdən - M. Lomonosov adına MDU-nun fəlsəfə fakültəsində təhsil aldığı dövrdən başlayıb. Filosofun yaradıcılığı ilə tanış olarkan qəribə bir qanunauyğunluq, daha doğrusu əsl həyati bir meyarla rastlaşırıq. İlk baxışda həyatında, fəlsəfəsində, siması və davranışlarında yüksək əxlaqı və mədəniyyəti birləşdirən filosofun məhz məşğul olduğu sahənin ilk əvvəl mehvərini etika təşkil etmişdir. İllərin arxasına boylananda görürük ki, sovet dönəminin fəlsəfə elmində etika üzrə ən gənc və perspektivli mütəxəssislərindən biri kimi İ. Məmmədzadə fəlsəfi mühitdə özünü hələ o zamandan təsdiq edə bilmiş və etika sahəsində zəngin bir təməl qoya bilmişdir. Filosofun yaradıcılığına qısa şəkildə nəzər saldıqda görürük ki, bu zənginliyin bir qismi aşağıdakı kitablarda özünü göstərməkdədir. “Burjua əxlaqının böhranı”(1983), “Qərbin burjua əxlaq və siyasətinin nisbəti konsepsiyalarının tənqidi” (1986), “Siyasət və əxlaq” (1988) – bütün bu əsərlər gənc filosofun əlbəttə ki, ilk və uğurlu axtarışlarının nəticəsi idi. Biz bu əsərlərdə iki qütbün, –sovetlər və burjua cəmiyyətinin – iki ideoloji cəbhənin “döyüşlərinin”, ideya çəkişmələrinin və fəlsəfi polemika və bəzəndə gizli dialoqlarının da olduğunu müşühidə edə bilərik. Və bütün bunlar zaman baxımından tam təbii bir iş idi. Lakin maraqlısı budur ki, bir Azərbaycanlı “etikin” – gənc fəlsəfi tədqiqatcının həmin illərdə cəsarəti istər-istəməz adamda həm də xoş bir heyrət doğurur: SSRİ kimi böyük bir sistemin ideologiyasında söz demək, fikir yürütmək və qəbul olunmaq bu əlbəttə böyük hadisə idi – həm də fəlsəfə sahəsində. Filosofun burada əsərlərinin hamısının siyahısını vermək mümkün olmasa da daha iki əsərini qeyd etməyi vacib hesab edirik. İ. Məmədzadənin müstəqillik illərində fəaliyyəti daha məhsuldar olmuş, fəlsəfi və ideoloji cəhətdən daha dərin mətləblərdən xəbər verməkdədir. Məhz bu nöqteyi-nəzərdən gənc tədqiqatçılar onun yaradıcılığından milli dövlətçilikdə, milli fəlsəfədə və etik görüşlərindən daha çox faydalana bilərlər. "Etikaya giriş" (2004) və "Əxlaqın təfsiri təcrübəsi"(2006) adlı monoqrafiayları etikanın gizli sirlərinə, onun cəmiyyətdə, sosial və siyasi sferada, idarəetmədə oynadığı əhəmiyyətli məsələlərə həsr olunmuşdur. Fikrimizcə, onun "Etikaya giriş" kitabı etika sahəsində, həm də yalnız Azərbaycanın etika elmində deyil, dünya etika elmi üçün sanballı bir əsərdir.

Məlimdur ki, etika sosial elmdir, lakin eyni zamanda o həm də psixologiya, adətlər, şəxsiyyətin daxili aləmi ilə deməli, şəxsiyyətin xüsusi keyfiyyətləri, Qərb nəzəri fikrindən bizə bəlli olduğu kimi həm də Personalizmlə bağlı olan humanitar fəndir. Professorun əsərləri ilə tanışlıq zamanı görürük ki, o, öz rəngarəng yaradıcılığında əsas ideyasını siyasət və əxlaq arasında mövcud olan çoxsaylı problem və ziddiyyətlər üzərində fundamental axtarışlar aparmaqla yanaşı, siyasətlə əxlaqın nisbətində bu problemləri həll etmək və bu yolda daima yenidən interperetasiyaların aparılmasının israrlı tərəfdarı kimi çıxış edir. Maraqlıdır ki, filosof həm də bunu edərkən öz əsərlərində milli mənəvi dəyərləri unutmadan, siyasətin fəlsəfəsinə, praktik real dünyanın ziddiyyətlərinə bir növ cavab reaksiyası kimi ənənə və müasirliyin nisbətində - daha çox praqmatizmə səsləyir. Sanki filosof öz əsərlərində gənc tədqiqatcılara deyir: “İdeyalar vacibdir lakin rasional siyasət və praktik həyatsız ideyalar ciddi sual doğura bilir”. Müəllif kimi yazı hüququndan istifadə edərək burada bir şeyi qeyd etmək istərdik: bu prinsip əslində Ulu öndər Heydər Əliyev irsindən bəhrələnməkdən də qidalana, ortaya çıxa bilir. Fəlsəfi-siyasi ədəbiyyatdan bizə məlumdur ki, elitalar – seçmə, xüsusi təfəkkürə malik insanlardır amma əgər söhbət siyasi elitalardan gedirsə, onda bu, həmişə insanın, siyasətçinın xüsusi davranış kodeksini nəzərdə tutur ki, İlham müəllimin daima yaradıcılığında bu nisbət qabarıq xətt kimi özünü göstərir. Məhz bu ənənə də onu N. T. Makiavelli məktəbindən gələn ənənələrlə filosofluğu ilə həmahəng olduğu fikrini irəli sürməyə əsas verir. Ola bilər ki bu həm də İ.Məmmədzadənin Makiaveli haqqında yazdığı əsərləri ilə bağlıdır. Burada bir haşiyə çıxmağı vacib hesab edirik: Ilham Məmmədzadə öz interperetasiyalarında intibah filosofu Makiavelini yüksək etik mövqeyə malik və bu yolda stabil bir siyasi filosof kimi təhlil edir. O, öz etik-fəlsəfi görüşlərində izah edir ki, hər bir cəmiyyət normalar, qaydalar sosium və şəxsiyyət arasında əlaqələrin öz xüsusi və təkrarolunmaz sistemini yaradır. Bu elə bir sistemdir ki, bu prosesin əsas konsolidasiya qüvvəsi kimi bir növ etika çıxış edir. Burada mədəniyyət, din, dil, xalqın milli adətləri, əxlaq və siyasət iştirak edir. Bu həm də bir növ tarixi “sifariş”, xalqın özünüidentifikasiya prosesidir.

Son illər İlham müəllimin fəlsəfi yaradıcılığı o qədər zənginləşib və şaxələnib ki, onların sadəcə burada hamısını qeyd etmək mümkün də deyildir. Müəllifin yalnız beş əsəri – “Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında”. (2009), “Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar. Təmayüllər. Perspektivlər” (2012). “Həsən bəy Zərdabinin müasir maarifçilik ideyaları və maarifçilik fəlsəfəsi‖ (2015 ) və “Philosophy of Mutual Influence of Cultures and Settlement of Germans in the Southern Caucasus» (2017) “Mədəniyyətlərin qarşılıqlı təsiri fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” (2017) və adını şəkmədiyimiz onlarla məqalə və fəlsəfi tezisləri sübut edir ki, milli fəlsəfəmizin istiqamətində dərin zənginliyə doğru ciddi uğurların olduğunu qeyd edə bilək.

Bütün bu əsərlərdə müasir fəlsəfənin, cəmiyyətin, insanın əxlaq və siyasətin problemləri, yeni-yeni anlayış və proseslərin dinamikası, cəmiyyəti və muasirliyi dərindən maraqlandıran elm, mədəniyyət, multikultrralizm, məntiq və idrak problemləri, metodoloji axtarışlar, milli fəlsəfə, mədəniyyətlərin dialoqu məsələləri, müasir təfəkkürdə təmayüllər və refleksiyalar, “indi” və “gələcək” həm Qərbin zəngin fəlsəfi təfəkküründən, həm də Şərqin qədim ənənələrindən – marifçilik və dini ənənələrdən bəhs olunmaqla, bəhrələnməklə tədqiq edilir. Ən maraqlısı və düşündürücüsü isə filosofun daima, hər zaman öz fəlsəfəsini müasirliklə bağlamasındadır. Belə bir məqamda düşünürük ki, müəllifin özündən bir tezisi xatırlatmaq yerinə düşər. Fransız filosofu M. Fukoya istinadən professor yazır: “Fuko bəyan edir ki, fəlsəfənin deyə biləcəkləri yalnız indinin aktuallığına yönəlmişdir. Qeyd etmək lazımdır ki, bizim fəlsəfə üçün sanki keçmişə müraciət daha xasdır. Əslində isə Fukonun da konsepsiyasından çıxdığı kimi. bizim keçmişə olan marağımız indiyə, müasirliyə olan marağımızı pərdələyir (yəni bizim əsərlərimizi anlamaq üçün onlardan indiyə gərək olan mənaları çıxarmaq lazımdır ki, bu da təbii olaraq, onların qavranılmasını çətinləşdirir .

Biz İ. Məmmədzadənin yaradıcılığını öz təfəkkür süzgəcimizdən keçirərkən bir daha fransız, ingilis və alman fəlsəfi məktəblərin, o cümlədən neoklassiklər və posmoderinistlərin zəngin ənənələrinin ciddi interperetasiyası ilə rastlaşırıq. Burada M. Fukonun, R. Rortinin, Y. Habermans və b. müasir qərb filosoflarının fəlsəfi görüşləri həm orijinal, həm də yeni interperatasiyalarda, mili fəlsəfənin aktuallığı və zərurəti öz şitrixlərini saxlamaqla, müasir Azərbaycan fəlsəfə mühitinə təqdim edilir. Ən maraqlısı budur ki, filosof öz mülahizə və interperetasiyalarında daima məhz, Qərbin yeni fəlsəfi ənənələrini , bir növ, həm də milli fəlsəfə, identiklik, millət, etnos və milli xarakter konteksindən mənalandırmağa çalışır. Tarix fəlsəfəsindən və müasir dövlətçilik kursundan söhbət gedərkən öz ideyalarını Heydər Əliyev məktəbi və onun davamçısı Cənab İlham Əliyevin siyasi strategiyasından, humanitar əxlaq və xeyirxahlıq fəlsəfəsindən bəhs edərkən isə Birinci vitse-prezident Mehriban Əliyevanın genişmiqyaslı humanizmindən, milli fəlsəfə və milli ideyadan bəhs edərkən humanitar elmlərin qarşısında qoyduğu vəzifələrdən və perspektivlərdən çıxış etdiyini bir əsas xətt kimi görür. Bu zaman o, məhz millilik və dövlətçilik fəlsəfəmizin, müasir dövlətçiliyimizin humanitar ideyalarını – multikulturalizmi, dialoq prosesini Azərbaycan pardiqmalarını və dini dəyərlərimizi öz zəngin təfəkküründən, süzgəcdən keçirərək müasirliklə iç-içə edir.

Müasir fəlsəfi tədqiqatlardan söhbət gedərkən görürük ki, məhz professor İ.Məmmədzadəni bir filosof kimi- ən çox və ciddi məsələ kimi fəlsəfi metodologiya problemi narahat edir. Demək olar ki, bütün fəlsəfi mühazirə və çıxışlarında, gənc tədqiqatçılarla görüşlərində o, əsas diqqəti tədqiqatların özəyinə- metodologiyanın düzgün təyin edilməsi məsələsinə istiqamətləndirir.

Filosofun əsərləri ilə tanış olanda hər kəs görür ki, müəllifin monoqrafiya və məqalələrinin əsas ideya xəttində daima milli fəlsəfə, milli ideya, azərbaycançılıq və dövlətçilik fəlsəfəsi, etik-əxlaqi prinsiplər başlıca xətt kimi çıxış edir. Bu da şübhəsiz qlobal dünyanın çağrışlarından, refleksiyalarından doğan bir filosof narahatlığıdır. Bu kontekstdə filosofun narahatlıqları tam yerindədir: Çünki indi müasirliyin tendensiyaları sübut edir ki, məhz tədqiqatlar əsasən analtik, müqayisəli və multidissiplinar, sosial və mədəniyyət istiqamətli olmalıdır. Bu zamanın, dünyanın yeni çağrışlarıdır. Bu tövsiyyənin əsasları da məhz Ulu öndər Heydər Əliyev irsindən, dövlətçiliyimizin müasir strategiyasından, dərkindən gəlir.

Son illər Azərbaycanın inkişaf strategiyasında Qələbənin fəlsəfəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətində strateji hədəflərin və siyasi varisliyin elmi əsalarının araşdırılması, cəmiyyətimizə çatdırılması kimi alimlərin qarşısında mühüm vəzifə dayanmışdır. Ulu Öndər Heydər Əliyevin siyasi dövlətcilik irsində bu məsələ ideologiya, siyasi lider və xalqın birliyinin kontekstində araşdırmaları zəruri etmişdir. Bu mənada Fəlsəfə və Sosiologiya İnstitutunda bu araşdırmalar xüsusi bir elmi istiqməti təşkil etmişdir. 2004 cü ildən başlayayaraq Ulu Öndər Heydər Əliyevin irsinin tədqiq və təbliğini həyata keçirən elmi heyətin fəaliyyəti 2007-ci ildə Heydər Əliyev Məktəbi kimi formalaşmışdır. Daha sonra 2017-ci ildə həmin tədqiqatların bazasında institututda “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsi fəaliyyətə başlamışdır. AMEA-nın prezidenti Akademik İsa Həbibbəylinin və institutun direktoru İlham Məmmədzadənin diqqəti ilə bu sahədə sistemli tədqiqatların aparılması, institutun fundamental tədqiqatları icərisində ön sıralara çıxmış, cəmiyyətimizə vacib əsərlər təqdim edilmişdir. Bu baxımdan filosofun son illər tədqiqata cəlb etdiyi əsərlər içərisində “Heydər Əliyev və İlham Əliyev: Güclü dövlət, Qələbənin fəlsəfəsi, Böyük Qayıdış: adlı kitab (s.e.ü.f.d. Sənan Həsənovla birlikdə) tədqiqat əhatəsinə görə ölkəmizdə ilk əsərlərdəndir. Müəllif Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin təhlili kontekstində onun sovet dövrü fəaliyyətindən mustəqillik illərinə, qayıdışdan xilaskarlığa, xilaskarlıqdan Azərbaycanın qüdrətli gələcəyinə təminat verən və siyasi varisliyin İlham Əliyev mərhələsini əhatə edən sabitlik, güclü dövlət, qələbə və Böyük Qayıdışın fəlsəfi-siyasi, ideoloji əsaslarını elmi dövriyyəyə gətirmişdir. Tədqiqatçı zəhməti ilə ərsyə gələn kitabdakı yanaşmalar Azərbaycanın müstəqillik fəlsəfəsinin elmi əsaslarının dərki baxımından mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, yubilyarın səmərəli fəaliyyəti AMEA-nın Prezidenti akademik, hörmətli İsa Həbibbəyli tərəfindən yüksək qiymətləndirilmiş, bu günlərdə “Fəxri fərmana” layiq görülmüşdür. Hesab edirk ki, görkəmli filosofumuzun əməyi bundan sonra da dövlətimiz tərəfindən yüksək qiymətlərə layiq olacaqdır.

Beləliklə, 70 illiyini qeyd etdiyimiz, elmi ictimaiyyat tərəfindən əməyi yüksək qiymətləndirilən, tanınmış flosof, elm təşkilatcısı AMEA Fəlsəfə və Sosiologiya İnstitunun direktoru, professoru İlham Məmmədzadə ömrünün müdriklik çağını yaşayır. Ona bundan sonra da dövlətciliyimizin inkişafı və fəlsəfə elmində yeni tədqiqatlarında yaradıcılıq uğurları arzulayır, şərəfli ömrünün saglam və mənalı illərində uzun ömür arzulayırıq.

Sənan HƏSƏNOV

Siyasi elmlər üzrə fəsəfə doktoru, dosent

Şölət ZEYNALOV

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023