AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeologiya və Antropologiya İnstitutu adlandırılması haqqında vəsatət qaldırılıb
Nov 29, 2023 | 13:30 Mühüm hadisələr

Bəşəriyyətin və ayrı-ayrı xalqların genezisini, tarixi təkamülünü, inkişaf və formalaşma dinamikasını maddi artefaktlar əsasında öyrənən arxeologiya elmi müasir dövrdə digər elm sahələri ilə qarşılıqlı əlaqələr nəticəsində öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Xüsusən, maddi-mədəniyyət abidələrinin, arxeoloji artefaktların sosial-antropoloji aspektdən tədqiqi bu sahədə fəaliyyət göstərən alimlər qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirmişdir.

Bu sözləri AMEA-nın Ümumi yığıncağında Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adlandırılması haqqında məsələyə münasibət bildirərkən deyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, bu yeni elmi tendensiyalar kontekstində yeraltı maddi-mədəniyyət abidələrinin öyrənilməsini həyata keçirən arxeologiya elmi ilə xalqların adət-ənənələrinin, maddi və mənəvi mədəniyyət nümunələrinin tədqiqi ilə məşğul olan etnoqrafiya elminin vahid elmi-təşkilati strukturda fəaliyyət göstərməsi bir çox hallarda özünü doğrultmur. AMEA rəhbərinin sözlərinə görə, müasir dünya təcrübəsinə uyğun olaraq, xalqların adət-ənənələrinin, mədəniyyət nümunələrinin tarix, etnoqrafiya və mədəniyyətşünaslığın nəzəri-metodoloji baxışlar sistemi əsasında birlikdə araşdırılmasına daha çox ehtiyac vardır. Bu zərurət nəzərə alınaraq, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi, elmi-təşkilati fəaliyyətinin, arxeologiya və antropologiya elmi istiqamətindəki araşdırmaların müasir elmi-nəzəri və metodoloji prinsiplər əsasında yenidən təşkilinə ehtiyac yaranıb.

“Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uzun illər erməni vandalizminə məruz qalaraq dağıdılmış, elmi tədqiqatlardan kənarda qalmış Qarabağ və Şərqi Zəngəzur ərazisində arxeoloji tədqiqatların daha sistemli və müasir tələblərə uyğun şəkildə təşkili zərurətini yaratmışdır ki, bu da arxeoloji tədqiqatların təşkili sahəsində köklü islahatların həyata keçirilməsini bir daha aktuallaşdırmışdır”, - deyə natiq vurğulayıb.

Bu istiqamətdə dünya akademik elmində olan mövcud təcrübənin və yeni tendensiyaların nəzərə alındığını, həmçinin bu sahənin alimləri ilə çoxsaylı müzakirələrin aparıldığını deyən akademik İsa Həbibbəyli son bir ildə Akademiyada həyata keçirilməkdə davam edən islahatların tərkib hissəsi kimi bu vaxta qədər Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tərkibində fəaliyyət göstərmiş Tarixi etnoqrafiya, Müasir etnoqrafiya, Türk xalqları etnoqrafiyası şöbələrinin elmi funksiyalarına daha yaxın olan AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun təkibinə verildiyini söyləyib. Qeyd edib ki, nəticədə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu kimi mövcud olmuş bu elmi müəssisənin bundan sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adlandırılması zərurəti meydana çıxıb.

Akademik İsa Həbibbəyli sözügedən məsələnin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasında, AMEA-nın İctimai Elmlər Bölməsində və nəhayət, AMEA-nın Rəyasət Heyətində müzakirə olunduqdan sonra Ümumi yığıncağın müzakirəsinə çıxarıldığını bildirib.

Ümumi yığıncaqda qeyd olunanları nəzərə alaraq, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA-nın  Arxeologiya və Antropologiya İnstitutu adlandırılması haqqında AR Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023