AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Çingiz Aytmatovun əsərlərində sosial-siyasi prioritetlər” mövzusunda elmi seminar keçirilib
Nov 27, 2023 | 16:53 Konfranslar, iclaslar

Noyabrın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Çingiz Aytmatovun əsərlərində sosial-siyasi prioritetlər” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Azərbaycanla Qırğızıstan arasında münasibətlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da genişləndiyini, bu əlaqələrin siyasi, ictimai, mədəni sahələrdə yüksək vüsət aldığını bildirib. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun anadan olmasının 95 illiyinin Azərbaycanda da mədəni əlaqələr çərçivəsində geniş qeyd edildiyini deyən R.Cümşüdlü Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya üzrə geniş tədqiqatların aparıldığını bildirərək, görkəmli qırğız yazıçısının yubileyi ilə bağlı tədbirin təşkilinə və bu mövzuda elmi seminar keçirilməsinə qərar verildiyini vurğulayıb.

Seminarda Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Lalə Əhmədova “Çingiz Aytmatovun əsərlərində sosial-siyasi prioritetlər” mövzusunda məruzə edib. Eyni etno-genetik köklərə malik olan Azərbaycan və qırğız xalqları arasında ən qədim  dövrlərdən bu günə kimi sıx tarixi-mədəni və sosial-siyasi əlaqələrin mövcud olduğunu deyən L.Əhmədova müştərək ədəbi-fəlsəfi, etnoqrafik, bədii-estetik və digər humanist dəyərlərin bu iki xalqı birləşdirdiyini, Türk dünyasında özlərinə məxsus mövqe qazandırdığını qeyd edib. Çağdaş dövrümüzdə Azərbaycan-qırğız ədəbi əlaqələrinin möhkəmlənməsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun önəmli rol oynadığını bildirən məruzəçi ədibin əsərlərini təhlil edərək, onun yaradıcılığında sosial-siyasi prioritetlərə diqqət çəkib.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, L.Əhmədova tədbir iştirakçılarının suallarını cavablandırıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023