AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycan tarixinin öyrənilməsində rolu” adlı elmi konfrans keçirilib
Nov 24, 2023 | 13:59 Konfranslar, iclaslar

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illiyi münasibətilə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycan tarixinin öyrənilməsində rolu” adlı elmi konfrans keçirilib.

Tədbirdə Tarix İnstitutunun əməkdaşları və Bakı Qızlar Universitetinin Tarix fakültəsinin tələbələri iştirak edib.

Konfransı giriş sözü ilə açan institutun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev tədbirin mahiyyətindən danışıb.

Daha sonra Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İkram Ağasiyev “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaranmasının tarixi şərtləri və əsas istiqamətləri” adlı məruzə ilə çıxış edib. Bildirib ki, bu il Cəmiyyətin yaranmasının 100 ili tamam olur və Azərbaycanın elmi ictimaiyyəti bu əlamətdar hadisəni geniş şəkildə qeyd edir.

“Birinci növbədə, sadəcə insan cəmiyətinin elmi biliklərə olan təlabatını qeyd etməliyik. Heç şübhəsiz, elmin inkişafı müəyyən bir cəmiyyətin maddi və mənəvi ehtiyacları ilə sıx bağlıdır. Elm ictimai şüurun bir forması kimi cəmiyyət üzvlərinin dünyagörüşünün tərkib hissəsidir və elm öz inkişaf mərhələlərində bəşəriyyətin, cəmiyyətin inkişaf meyllərini özündə əks etdirir. Bu gün də AMEA Azərbaycan cəmiyyətinin müxtəlif sahələrinin inkişafında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, dövlətimizin inkişafında, müstəqilliyimizin daha da möhkəmlənməsində öz töhfəsini vermiş və bu ənənə davam etməkdədir. Bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin özəyini hələ 1920-ci ildə yaradılan BDU-nın alimlərindən ibarət elmi assosiasiya təşkil etmişdir. Humanitar, tibb və təbiət bölməsindən ibarət bu elmi assosiasiya 1925-ci ildə Azərbaycan hökumətinin sərəncamına verildi. Bu assosiasiya Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinə daxil edilmişdir”, - deyə məruzəçi vurğulayıb.

Alim qeyd edib ki, assosiasiyaya Y.A.Paxomov, A.V.Baqri, Y.İ.Baybakov, V.V.Baqaçov, D.Qolovnin, P.K.Juze, V.Malinovski, X.M.Aslanov, V.B.Tomaşevski, H.Şaxtaxtinski, V.A.Udinsev, D.Urusov, V.R.Smirnov-Loqinov, V.M.Sisoyev və başqaları daxil idi. Diqqətə çatdırıb ki, 1923-cü ilin aprelində assosiasiya üzvləri Azərbaycan SSR MİK qarşısında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması xahişi ilə vəsatət qaldırdılar: “Professor D.Urusov tərəfindən Cəmiyyətin Nizamnaməsi də yazılmışdı, lakin o vəfat etdiyindən cəmiyyətin yaranması bir müddət təxirə salınmışdı. Cəmiyyət öz sıralarında dövrün tanınmış elm, mədəniyyət, dövlət və maarif xadimlərini birləşdirmişdi”.

Daha sonra tarix üzrə fəlsəfə doktoru, dosent Aypara Rüstəmova “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi kitabxanasının təşkili və fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru Tamella Kocayeva “Azərbaycanın arxeologiyasının və etnoqrafiyasının öyrənilməsində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu”, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycanın Qərb bölgəsinin tarixinin öyrənilməsində rolu”, Aybəniz Osmanova “Azərbaycan tarixinin problemləri V.M.Sısoyevin əsərlərində” və tarix üzrə fəlsəfə doktoru Əzizə Nəzərli “Repressiya olunmuş Qurultay (I Türkoloji Qurultayın repressiya olunmuş iştirakçıları haqqında)” adlı geniş məruzələrlə çıxış ediblər.

Sonda tədbirdə iştirak edən tələbələrin sualları cavablandırılıb, müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023