Nov 23, 2023 | 14:15 Görüşlər
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının təhsil və elm naziri İlsur Xadiullinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Murad Qadılşin, Rəyasət Heyəti aparatının şöbə müdirləri, Akademiyanın elmi müəssisələrinin direktorları və Tatarıstanın nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Qonaqları salamlayan akademik İsa Həbibbəyli ölkəmizin elmlər akademiyaları və müxtəlif nazirliklər səviyyəsində nəinki Rusiya Federasiyası, həmçinin tərkibindəki muxtar respublikalarla da sıx əlaqələrinin mövcud olduğunu bildirib. Akademik Tatarıstanla əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayıb, XIX əsrin ortaları – XX əsrin əvvəllərində bir çox Azərbaycan ziyalılarının həyat və fəaliyyətinin zəngin ənənələrilə tanınan Kazan Universitetilə bağlı olduğunu qeyd edib.
Müstəqillik illərində Azərbaycan-Tatarıstan əlaqələrinin genişləndiyini deyən akademik İsa Həbibbəyli bu əlaqələrin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. Bildirib ki, əməkdaşlıq elm, təhsil və mədəniyyət sahələrilə yanaşı iqtisadiyyat sahəsini də əhatə edir, hazırda müştərək layihələr Qarabağ bölgəsində də həyata keçirilir.
AMEA rəhbəri Azərbaycan Milli Elmlər Akademiyası ilə Tatarıstan Respublikasının Elmlər Akademiyası arasında sıx əlaqələrin qurulduğunu və gələcək əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Görkəmli tatar şairi və nasiri, tənqidçisi və tərcüməçisi Qabdulla Tukayın irsinin Azərbaycanda geniş tədqiq olunduğunu bildirən akademik İsa Həbibbəyli şairin yaradıcılığına həsr olunan tədbirlər, həmçinin arxiv materialları əsasında hazırlanmış Qabdulla Tukayın həyat və fəaliyyətini əks etdirən monoqrafiya haqqında məlumat verib.
“XIX əsrdə yaşayıb yaratmış Azərbaycanın görkəmli şərqşünas alimi Mirzə Kazımbəy Kazan Universitetini bitirib. Alimi “Rusiya şərqşünaslığının atası” adlandırıblar. Bir neçə il əvvəl filologiya elmləri doktoru, professor İdris Abbasov Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” əsərini tərcümə edərək geniş şərhlərlə monoqrafiya şəklində nəşr etdirib. Akademiyanın Tarix, Dilçilik, Ədəbiyyat, Memarlıq və İncəsənət, Arxeologiya, Etnoqrafiya və Antropologiya, Şərqşünaslıq və digər institutları ikitərəfli əlaqələrin genişlənməsinə böyük önəm verirlər. Həmçinin “Azərbaycan-tatar lüğəti” hazırlanır”, – deyə AMEA rəhbəri qeyd edib.
Hazırda Azərbaycanın bütün istiqamətlər üzrə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz Azərbaycanın əzəli torpaqlarını işğaldan azad edib, ölkənin ərazi bütövlüyü bərpa olunub, Qarabağ bölgəsində geniş təmir-bərpa və quruculuq işləri aparılır: “Sizin səfəriniz Azərbaycan və Tatarıstan arasında əlaqələrin yeni mərhələsinin başlanğıcını ifadə edir. Birlikdə işləyib inkişaf edərək biz, birgə elmi lahiyələri həyata keçirəcəyik”.
Sonra Tatarıstan Respublikasının təhsil və elm naziri İlsur Xadiullin çıxış edərək Azərbaycana gəlişindən məmnunluğunu bildirib və görüşün təşkilinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Tatarıstanın böyük nümayəndə heyətinin respublikamıza səfərini elm və təhsil sahəsində müasir əlaqələrin yeni mərhələsinin başlanğıcı adlandıran nazir sovet və postsovet dövründə ikitərəfli əməkdaşlığın inkişafı, ümumi tədqiqat mövzuları, keçirilən birgə tədbirlər və müştərək layihələr, iki xalqın elmi potensialının zənginləşdirilməsi haqqında danışıb.
Tatarıstanda 129 elmi qurumun fəaliyyət göstərdiyini deyən İlsur Xadiullin bu müəssisələrdə 14 mindən artıq elmi işçinin çalışdığını, Tatarıstan Elmlər Akademiyasının isə Rusiya Federasiyasının zəngin ənənələrə və geniş beynəlxalq əlaqələrə malik azsaylı muxtar akademiyalarından olduğunu əlavə edib. Nazir hazırda Tatarıstanın 46 ali təhsil müəssisəsində 24 minədək xarici tələbənin təhsil aldığını qeyd edərək respublikalarımız arasında tələbə mübadiləsinin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
İlsur Xadiullin dil və ədəbiyyat, tarix, arxeologiya və digər sahələrdə Azərbaycan-Tatarıstan əlaqələrindən, birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətindən danışıb: “2024-cü il respublikamızda “Elmi-texnoloji inkişaf ili” elan edilib. Bu bir daha respublika rəhbərliyinin elmə, elmi potensiala, ümumilikdə elm dünyasına, elm xadimlərinə xüsusi yanaşmasının göstəricisidir. Rusiyada isə cari il “Müəllimlər və təlimçilər ili” elan olunmuşdur. Müəllim və təlimçi, elm xadimi, ictimai xadim, elm dünyasının insanları – hamımız eyni ailənin üzvləriyik”.
Səmimi qəbula görə bir daha akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirən nazir AMEA rəhbərliyini Tatarıstana, o cümlədən elm və təhsil müəssisələrinə dəvət edib.
Daha sonra A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, professor Kərim Şükurov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru v.i.e., tarix üzrə fəlsəfə direktoru, dosent Fərhad Quliyev çıxış edərək rəhbərlik etdikləri müəssisələrin yaranma və inkişaf tarixi, ikitərəfli elmi əlaqələrin perspektivləri haqqında danışıblar.
Kazan Federal Universitetinin Filologiya və mədəniyyətlərarası kommunikasiya İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Radif Zamaletdinov və həmin institutun Ümumi dilçilik və türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Alfiya Yusupova müəssisənin tədqiqat istiqamətləri, həyata keçirilən layihələr və nəşr edilən elmi jurnallar haqqında məlumat veriblər.
Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Tarix İnstitutunun şöbə müdiri, professor Güllü Yoloğlu və Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlıya Tatarıstan Respublikası Təhsil və Elm Nazirliyinin Təşəkkür məktubu təqdim olunub.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim edilib, qonaqlar Rəyasət Heyətinin binası ilə tanış olublar.
Sonda xatirə şəkili çəkilib.