AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Gövhər Baxşəliyevanın “Unudulmaz Lider” kitabı çapdan çıxıb
Nov 21, 2023 | 17:05 Yeni nəşrlər

Akademik Gövhər Baxşəliyevanın “Unudulmaz Lider” kitabı çapdan çıxıb

Akademik Gövhər Baxşəliyevanın Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Unudulmaz Lider” kitabı bu günlərdə çapdan çıxıb.

“Heydər Əliyev İli” çərçivəsində nəşr olunan kitabda Ulu Öndərin çoxşaxəli, yorulmaz və zəngin fəaliyyəti, Azərbaycan xalqına fədakar xidməti əks edilib. Kitabda Ulu Öndərin şəxsiyyəti və titanik fəaliyyətinə aid məsələlər o hadisələrin canlı şahidi olan müəllifin çoxsaylı məqalələrində, müsahibələrində və xatirələrində əksini tapıb. Burada Ümummilli Liderin fəaliyyətinin müxtəlif dövrləri barədə fikirlər yer alıb.

İlk dəfə Azərbaycanda siyasi hakimiyyətə 1969-cu il iyulun 14-də gələn Heydər Əliyevin qısa zamanda ölkəmizin sosial-iqtisadi və mədəni yüksəlişinin əsasını qoyduğunu bildirən müəllif bu illərdə respublikamızın tərəqqisi yolunda əsl dönüş yarandığını qeyd edir: “Məhz Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublikada xalq təsərrüfatının inkişafı üçün beş xüsusi qərar qəbul etdi. Azərbaycan az vaxt ərzində inkişafın başlıca keyfiyyət ölçülərinə görə müttəfiq respublikalar içərisində önə çıxdı. Respublikada elm, təhsil, ədəbiyyat, incəsənət və memarlığın inkişafına da diqqət artırıldı. Ali, orta ixtisas, ümumtəhsil məktəbləri, teatr, mədəniyyət evləri, muzey, kitabxanalar şəbəkəsi xeyli genişləndi. Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə milli hərbi kadrlar yetişdirilməsi üçün C.Naxçıvanski adına respublika ixtisaslaşdırılmış məktəbi yaradıldı. Yüksəkixtisaslı mütəxəssis kadrlar hazırlanmasına diqqət artırıldı. On yeddi mindən çox azərbaycanlı övladı keçmiş SSRİ-nin 170 aparıcı ali təhsil ocağına göndərildi”.

Müəllif Ümummilli Liderin rəhbərliyi dövründə erməni separatçıların açıq çıxışlardan çəkindiklərini diqqətə çatdıraraq qeyd edir ki, 1977-ci ilin noyabrında onların Dağlıq Qarabağ məsələsini növbəti dəfə qaldırmaq cəhdinin qarşısı qətiyyətlə alındı. Qısa müddətdə Azərbaycan SSR-in sürətli sosial-iqtisadi və mədəni inkişafı keçmiş SSRİ rəhbərliyində Heydər Əliyevə böyük nüfuz qazandırdı. Ulu Öndər 1976-cı ildə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında Büroya üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi və bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdi.

Bütövlükdə 1969-1987-ci illərin Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil olduğunu bildirən akademik G.Baxşəliyeva bu dövrdə müasir müstəqil Azərbaycan Respublikasının təməlinin qoyulduğunu və Ümummilli Lider Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndən sonra istər siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda böyük inqilabi dəyişikliklərin baş verdiyini qeyd edir: “Azərbaycan xalqı, ilk növbədə, lider qazandı – uzun illər respublikamızı idarə etmiş, fədakar əməyi sayəsində özünü təsdiqləmiş, daim xalqın uğuruna çalışmış, xalqımızı çox çətin bir dövrdə ağır bəlalardan qurtaran, millətin gələcəyinin, dövlətçiliyin təməlini quran, siyasi sabitliyi, əmin-amanlığı təmin edən, gələcək iqtisadi inkişafın əsasını qoyan bir lider”.

Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə Ali Sovetin sədri seçilərkən etdiyi çıxışın mətni xüsusi diqqət çəkir. Ötən illərdən həmin proqram xarakterli çıxışa nəzər saldıqda görünür ki, Ulu Öndərin bütün sonrakı fəaliyyəti o tarixi çıxışdakı müddəaların addım-addım gerçəkləşdirilməsindən ibarətdir. Müəllif Ulu Öndərin həmin çıxışda söylədikləri fikirləri diqqətə çatdırır: “Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”. Bunun təmin edilməsinin əsas şərtləri kimi Ümummilli Lider ölkənin ərazi bütövlüyünün bərpası, müharibənin qurtarması və sülhün bərqərar olunmasının vacibliyini qeyd edir, beynəlxalq təşkilatlarla, xarici ölkələrlə mütəmadi əməkdaşlığın zəruriliyini vurğulayır.

Ali Sovetin sədrinin Azərbaycanda azad vətəndaş cəmiyyətinin qurulması, onun əsas atributlarının bərqərar olması barədə dedikləri də diqqətə çatdırılır: “Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır”.

Millət və dövlət qarşısında götürülmüş öhdəliklərə sədaqətin bundan böyük nümunəsini təsəvvür etməyin çətin olduğunu bildirən akademik G.Baxşəliyeva Ulu Öndərin müstəqilliyimiz üçün təhlükə törədən amilləri aradan qaldıraraq onu, öz təbirincə deyilsə, dönməz və əbədi etdiyini vurğulayır: “Hər bir şəxsin Vətən, xalq qarşısında xidməti onun gördüyü işlərlə, yaratdığı maddi sərvətlərlə, harada olursa-olsun vətəninin, xalqının mənafeyini hər şeydən üstün tutması ilə ölçülür. Dahi şəxsiyyət Heydər Əliyevin həyat yolunu nəzərdən keçirərkən bir daha əmin oluruq ki, onun çoxşaxəli yorulmaz və zəngin fəaliyyəti Azərbaycana, Azərbaycan xalqına böyük xidmətin bariz nümunəsidir. Ulu Öndərin bütün rəhbərliyi dövrü apardığı ümumi siyasət bu olmuşdur: Azərbaycanın ümummilli mənafelərini istənilən səviyyədə müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın və ölkənin təhlükəsizliyini təmin etmək”.

Müəllif Ulu Öndərin tarix boyu xalqımızın yaşadığı ən möhtəşəm renessans dövrünün banisi olduğunu vurğulayır.

AzərTac

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023