AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan alimi Cənubi Koreya Respublikasında elmi ezamiyyətdə olub
Nov 16, 2023 | 11:05 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru, t.ü.f.d. Zaur Həsənov Cənubi Koreya Respublikasında elmi ezamiyyətdə olub.

Seul şəhərində keçirilən Koreya Arxeoloji Cəmiyyətinin 47-ci arxeoloji konfransında Zaur Həsənov Füzulidə Yedditəpə kurqanlarında 2022-2023-cü illərdə apardığı arxeoloji tədqiqatlara həsr olunmuş mövzuda çıxış edib. Füzulidə aparılan bu arxeoloji tədqiqatlar Azərbaycan, Koreya, İsveçrə və Polşa arxeoloqlarının iştirakı ilə həyata keçirilir. Konfrans çərçivəsində “Kurqanların yayılması və Mərkəzi Avrasiyada sosial dəyişiklik” adlı bölmə keçirilib. Bu bölmədə bir sıra xarici arxeoloqlar da iştirak edib. Azərbaycanda, Tuvada, Qazaxıstanda və Koreyada kurqanlarda aparılan arxeoloji tədqiqatlar haqqında məruzələr dinlənilib və geniş müzakirə olunub.

Zaur Həsənov Seul Dövlət Universitetinin “Arxeologiya və Sənət Tarixi” kafedrasında “Azərbaycanın dəmir dövrü abidələri” adlı məruzə ilə çıxış edib. Tədbirdə Seul Universitetinin professor, müəllim və tələbə heyəti, o cümlədən Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin nümayəndələri iştirak ediblar. Tədbir Azərbaycanda uzun illər arxeoloji tədqiqatlar aparan professor Kim Jongil tərəfindən təşkil olunub.

Sejong Mədəni İrsin Tədqiqatı İnstitutunun alimləri ilə görüşən Zaur Həsənov institutun bərpa laboratoriyası ilə tanış olublar. Qeyd edək ki, Seul Universitetinin və Sejong Tədqiqat İnstitutunun tədqiqatçıları Zaur Həsənovla birliktə Füzuli rayonunun Yedditəpə kurqanlar abidəsində arxeoloji tədqiqatlar aparırlar.

Zaur Həsənov Gyeongju vilayətində yerləşən məhşur Silla hökmdarlarının kurqanlar abidəsi və Goryeoung vilayətində yerləşən Daegaya kurqanlar abidəsi ilə tanış olub.

Səfər çərçivəsində Zaur Həsənov Koreyalı mütəxəssilərdən kurqanların konservasiya və muzeyləşdirilmə problemlərinə dair bir sıra yeni məlumatlar əldə edib. Gələcəkdə Füzuli kurqanlarının muzeyləşdirilmə işlərində Koreyalı mütəxəssislərin təcürbələrindən istifadə etməyin imkanları müzakirə olunub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023