AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Gənc tədqiqatçı” jurnalının ingilis dilində yeni sayı çap olunub
Nov 20, 2023 | 16:46 Yeni nəşrlər

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalının 2023-cü il üçün nəzərdə tutulan üçüncü buraxılışı ingilis dilində işıq üzü görüb.

Jurnalın bu sayına AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Akademiyanın gənclər siyasəti və gənc alimlərin akademik jurnalı” adlı “Ön söz” yazıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, hazırda ingilis dilində Azərbaycan elmi mühitinə təqdim olunan “Gənc tədqiqatçı” jurnalının bu sayı ölkəmizdə ingilis dilində çıxan birinci gənclik jurnalıdır. Bu addım gənc alimlərin hazırlanmasına göstərilən dövlət qayğısının Azərbaycan Milli Elmlər Akademiyasındakı əməli təzahürlərindən biridir. Bu, gənc alimlərin apardıqları elmi tədqiqatların mühüm elmi nəticələrinin dünyaya təqdim olunmasına açılmış qapıdır. AMEA rəhbəri vurğulayıb ki, “Gənc tədqiqatçı” jurnalının ingilis dilində çıxan sayı ölkəmizdə yeni tipli gənc tədqiqatçılar nəslinin yetişdirilib formalaşdırılmasına da öz töhfələrini verəcəkdir.

Nəşrdə ölkənin müxtəlif elmi müəssisə və təşkilatlarında təhsil alan doktorant, dissertant, magistrant və elmi işçilərin məqalələri yer alıb.

Qeyd edək ki, jurnal AMEA Rəyasət Heyətinin qərarı ilə 2015-ci ildən nəşr edilir. “Gənc tədqiqatçı” jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli iclasının qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elmlər üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir. Jurnal artıq ildə 4 dəfə olmaqla (biri ingilis dilində) çap olunur. Jurnala məqalə qəbulu elektron formada ilboyu davam edir və 3 dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış məqalələrin qəbulu həyata keçirilir. Jurnalın tələb, qaydaları və yeni sayı ilə gencalimler.az saytından tanış ola bilərsiniz.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023