Nov 14, 2023 | 16:58 Konfranslar, iclaslar
IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bakı Şəhər İcra Hakimiyyətinin birgə hazırladığı “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimatı olub.
Tədbirə moderatorluq edən “Şərq-Qərb” nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlı 6 dildə - Azərbaycan, rus, fars, türk, ərəb, ingilis dillərində işıq üzü görən kitabın hazırda Çin dilinə tərcüməsi üzərində işlər aparıldığını diqqətə çatdırıb.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov çıxışında nəşrin Vətən müharibəsinə həsr olunan ilk kitab olduğunu qeyd edib. “Əsərdə Birinci Qarabağ müharibədə məğlubiyyətin səbəbləri, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra ordu quruculuğu ilə bağlı fəaliyyətindən bəhs edilir. Həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə strategiyasının mühüm aspektləri işıqlandırılır”, - deyə o əlavə edib.
Nəşrin həmmüəllifi, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, kitabda 2003-cü ildən bəri Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr təhlil edilib. O, Qələbəyə doğru gedən yolun üç əsas səbəbini qeyd edib: “Qarabağın tarixən Azərbaycan torpağı olduğunu sübut etmək, ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirmək və informasiya məkanında Ermənistanın təbliğat maşınını dağıtmaq. Bu üç əsas amil Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilib və Qələbəyə gətirib çıxarıb”.
Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Mirtural Mirsultanov, “Şərq-Qərb” nəşriyyat evinin direktoru Sevil İsmayılova vurğulayıblar ki, kitabda, həmçinin İkinci Qarabağ müharibəsi dövrünün Qələbə tarixi və diplomatiyası araşdırılır. Azərbaycanın tarixi Qələbəsinin geosiyasi nəticələri və Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonrakı dövrdə Qarabağın sosial-iqtisadi inkişaf strategiyası geniş təhlil edilib.
Qeyd olunub ki, bu kitab vasitəsilə oxucular Azərbaycanın Vətən müharibəsindəki Qələbə tarixinin bütün təfərrüatlarını öyrənə biləcəklər. Kitab Vətən müharibəsində qazanılan şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacaq.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kitaba giriş sözü yazıb. Nəşrin elmi redaktoru professor Kərim Şükürovdur.