AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycanlı alim Pakistanda beynəlxalq konfransda məruzə ilə çıxış edib
Nov 14, 2023 | 14:28 Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası və Pakistan Dövlət Kollec Universiteti arasında 2022-ci ildə imzalanmış memorandum əsasında Pakistana səfər etmiş Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə ənənəvi beynəlxalq İqbal Günlərində iştirak edib.

O, həmçinin bu çərçivədə Pəncab Universitetinin, Pəncab Ali Təhsil Komissiyasının, Lahor Universitetinin, Lahor Ev İqtisadiyyatı Universitetinin, Lahor Kollec Qadın Universitetinin təşkilatçılığı ilə keçirilən “Əllamə İqbal ideologiyası: sülh və inkişaf” adlı 3 günlük beynəlxalq konfransa da qatılıb.

Könül Bünyadzadə konfransın açılış və bağlanış sessiyalarında çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyası adından salamlarını çatdırıb.

10-a yaxın xarici ölkə alimlərinin qatıldığı tədbirdə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Məhəmməd İqbal ideologiyası Azərbaycanda” adlı məruzə ilə çıxış edib. Öz çıxışında alim İqbalın hələ Sovet dönəmindən tanınsa da, Azərbaycanda müstəqillik dövründə xüsusi populyarlıq qazandığını qeyd edib. Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərin Məhəmməd İqbal ideologiyasında geniş əks olunduğunu vurğulayan məruzəçi düşüncələr arasındakı paralelllər haqqında təhlillərini iştirakçılarla bölüşüb.

Könül Bünyadzadə, həmçinin “Dəbestane-İqbal”ın (“İqbal kitabxanası”) qonağı olub və Məhəmməd İqbalın şərəfinə təşkil edilən ziyafətdə iştirak edib.

Tədbirə Məhəmməd İqbalın nəvəsi, bəstəkar Mian Yousaf Salahuddin və Dəbestane-İqbalın fəxri müdiri, yazıçı Atiya Syed də qatılıblar. Könül Bünyadzadə onlarla həmsöhbət olaraq Azərbaycanda Məhəmməd İqbal irsinin tədqiqi barədə məlumat verib.   

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023