Nov 14, 2023 | 12:30 Yeni nəşrlər
İki əsrdir ki, Azərbaycan çirkin məqsədlərlə ona qonşu edilən və böyük güclərin hərtərəfli dəstəyini alan erməni millətçilərinin cinayətlərinə məruz qalır. Bu dövrdə ermənilər müxtəlif vaxtlarda Azərbaycanın qərb bölgələrinə yerləşdirilərək, xalqımıza qarşı kütləvi qırğınlar, soyqırımı, etnik təmizləmə törətməklə tarixi torpaqlarımızda özlərinə dövlət qurdular, bu dövlətin ərazisini genişləndirdilər və bu əməllərini davam etdirməklə “qondarma dənizdən-dənizə” iddialarının davamı kimi 35 il öncə məkrli planlarının yeni mərhələsinə addımlarını atdılar. Bu mərhələdə Qarabağ bölgəmizdə təcavüzkar planlarını həyata keçirən düşmənlərimizin torpaqlarımızın 20 faizini işğal etmələrinə, on minlərlə insanı, onların sırasında yüzlərlə uşağı, qadını, qocanı qətlə yetirmələrinə, minlərlə insanı əsir götürmələrinə, bir milyondan çox vətəndaşımızı öz ölkələrində köçkün vəziyyətinə salmalarına baxmayaraq, bütün bu cinayətləri - soyqırımı, etnik təmizləmə, deportasiyaları öz çirkin planlarında istifadə edən böyük dövlətlərin insanlıq baxımından cılız siyasətçiləri hər şeyi görməzdən gəlməklə yetinməyərək, əksinə cinayətkarlara, terrorçulara hər cürə - hərbi, maliyyə, siyasi, informasiya dəstəklərini əsirgəmədilər.
Məhz belə bir şəraitdə informasiya müharibəsində qələm sahiblərimizin, ziyalılarımızın haqq səsimizi dünyaya çatdırması çox vacib idi. Bu işdə şərqşünas alimlərimiz də öz elm sahələrinə, araşdırmalarına və dil biliklərinə müvafiq olaraq, səsimizi Şərq ölkələrinə, dünyanın türk, ərəb, farsdilli ictimaiyyətinə çatdırmaqda öz səylərini göstərdilər. Xalqımıza qarşı ağır cinayətlər barədə həqiqətləri bu cür dünya ictimaiyyətinə çatdırmaqda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının da böyük xidmətləri var. S.Talıblı illərdir istər çar Rusiyasının, istər Sovet rejiminin, istərsə də ermənilərin Azərbaycan xalqına qarşı cinayətləri, soyqırımı, etnik təmizləmə siyasəti barədə həqiqətləri yazaraq dünya ölkələrinin KİV-lərində türk, ərəb, rus, ingilis və fars dillərində yayımlayıb.
S.Ə.Talıblının xalqımıza qarşı cinayətlərlə bağlı məqalələri İranda “Xudafərin”, “Varlıq”, “Aydın gələcək” jurnallarında dərc olunub. Türkiyədə şərqşünas alimin məqalələri 80-dən çox sayt, informasiya agentliyi tərəfindən geniş ictimaiyyətə çatdırılıb. Bu sırada kafkassam.com, tarihistan.org, kiriminsesigazetesi.com, gazetesanliurfa.com, gazetegaziantep.com, agrigazetesi.com, gazetemardin.com, gazeteedirne.com, bursagunesgazetesi.com, eskisehirsesgazetesi.com, samsunekspress.com, turknewsgazetesi.com, 1453kralmedya.com, ekonomikgazete.com, efsanegazete.com, yeniekipgazetesi.com, sunucugazetesi.com, globalgazetesi.com, gorevgazetesi.com, orduhakimiyet.com, trt.net.tr, trthaber.com, turkelimedya.com, sonstargazetesi.com, turkishnews.com/tr və s.-nin adlarını çəkmək olar.
Bundan əlavə şərqşünas-tarixçi alimimizin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmasında Özbəkistanın interpress.uz, fikr.uz, human.uz, tnews.uz, orol24.uz, Qazaxıstanın abai.kz, ea-news.kz və qazaqu-ni.kz, İsveçdən yayımlanan tribun.one, aznews.tv, azglobal.org, Niderlanddan yayımlanan justiceforkhojaly.nl, ABŞ-ın balatarin.com, qitafnews.net, İraqın enkidopres.com, jedar1.com.iq, wrkaanews.com, ashourland.net, mustaqbl.net, Livanın alshiraa.com, körfəz ölkələrində yayımlanan nabd.com saytlarının, Misir Ərəb Respublikasının “əl-Diplomasi”, “Şabab əl-Nil”, “Asiya əl-youm”, “əl-Vəsilə”, “əl-Daulə”, “əl-Ümmət”, “Səda”, “alan-eg”, “alharir” xəbər agentlikləri və informasiya portallarının, İordaniya Haşimilər Krallığının “Neyruz”, “Nəbz”, “Şərq” informasiya portallarının, Birləşmiş Ərəb Əmirliklərinə məxsus "dubaiiconic-lady", "Emirates-torism", "dubaihospitality-news" xəbər portallarının rolunu qeyd etmək olar.
Bütün bu görülən işlərin məcmusu kimi S.Ə.Talıblının “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” kitabı Təbrizdə “Aydın” nəşriyyatı tərəfindən ərəb əlifbasında çap olunub.
542 səhifədən ibarət olan kitab Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı ilə çapa məsləhət görülüb. Kitabın elmi redaktoru Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, rəyçiləri isə akademik Nərgiz Axundova, AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə, AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovdur.
Monoqrafiyanım “1905-1906-cı illər kütləvi qırğınlar” və “1918-ci il mart soyqırımı” adlı 1-ci fəslində qeyd edilən dövrün insanlıq əleyhinə ağır cinayətləri barədə ətraflı məlumat verilir. 2-ci fəsildə 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyasından, ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddiaları və ərazilərin işğalından, Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarından bəhs edilir. 3-cü fəsildə “Ermənistanın əsassız ərazi iddialarına və müdaxiləsinə etirazlardan, 1990-cı il “20 Yanvar” faciəsindən (1990-cı il 25 yanvar Neftçala və Lənkəran faciələri) söz açılır. “Qarabağda soyqırımlar” adlanan 4-cü fəsildə Ağdaban soyqırımı və onun tanıdılması istiqamətində hüquqi-siyasi fəaliyyətdən, Qaradağlı soyqırımından, Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından, Malıbəyli, Aşağı və Yuxarı Quşçular qətliamından, bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət olan Xocalı soyqırımından bəhs edilir. 5-ci fəslin mövzusu Aprel döyüşləri və Vətən müharibəsidir. “Azərbaycanlıların soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan dövlətinin siyasəti” adlanan 6-cı fəsil bu faciələrlə bağlı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinə, həmçinin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nə həsr olunub.
Kitabın sonunda isə əlavələrdə sənədlər, müqavilələr, qətnamə və qərarlar, bəyannamələr, xəritələr və şəkillər verilib.
Monoqrafiyada “1905-1906-cı illər kütləvi qırğınlar” haqda qeyd edilir ki, həmin illərdə Cənubi Qafqazda törədilən qırğınlar mahiyyət etibarilə ermənilərin XX əsrdə azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Böyük dövlətlərin hərtərəfli dəstəyi ilə erməni silahlı dəstələrinin Cənubi Qafqazda törətdikləri qarətlər, soyğunçuluq, kütləvi qırğınlar, terror aktları və qətliamlar barədə o dövrün yerli və xarici mətbuatında, ayrı-ayrı müəlliflərin əsərlərində, xatirələrində tarixi faktlar mövcuddur. Tədqiqatlardan, arxiv materiallarından, o dövrün mətbuatından, yerli və xarici müəlliflərin əsərlərindən məlum olur ki, ermənilər 1905–1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) etnik təmizləmə və kütləvi qətliamlar törədiblər. 1905-1906-cı illər soyqırımları zamanı Cənubi Qafqazda 286 kənd viran edilib və 8 şəhər dağıntılara məruz qalıb. Soyqırımlar zamanı təqribən 200 yaşayış məntəqəsi dağıdılıb və xarabalığa çevrilib, 15 mindən çox ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşüb, 10 mindən artıq insan tələfatı olub.
1918-ci il mart soyqırımı haqda hadisələrlə bağlı müəllif vurğulayır ki, Böyük dövlətlər zaman-zaman Osmanlı imperiyası və Türkiyə Respublikasına, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına qarşı “erməni kartı” və “erməni amili”ndən məharətlə istifadə ediblər. Tarixi faktlar, mənbələr, sənədlər sübut edir ki, ermənilərin Cənubi Qafqazda, o cümlədən də tarixi Azərbaycan ərazilərində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. “Dənizdən-dənizə böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddialar irəli sürən, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan məhz “Daşnaksütyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsi üçün ermənilər kütləvi qırğınlar, qətliamlar, terror aktları, soyqırımı, etnik təmizləmə və s. həyata keçiriblər.
1918-ci il avqustun 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılıb. FTK əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici işlər, sonra isə Ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər rəsmi təhqiqat orqanı olaraq fəaliyyət göstərib. Əsas məqsədi erməni-daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək olub. Təxmini hesablamalara görə, Bakıda soyqırımı zamanı 15-20 min azərbaycanlı qətlə yetirilib. Şamaxıda törədilmiş soyqırımı barədə FTK tərəfindən hazırlanmış 23 qərar layihəsi və 72 cild, 952 vərəqdən ibarət təhqiqat materiallarında erməni silahlı dəstələrinin vəhşilikləri haqqında ətraflı məlumat verilib. Həmin materiallara əsasən, erməni quldurları Şamaxıda 8 minədək azərbaycanlını qətlə yetiriblər. Quba və ətraf yerlərdə Azərbaycan əhalisi üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 1 qərar layihəsi hazırlanıb, 3 cilddən ibarət 451 vərəq tərtib olunub. Şaumyanın tapşırığı ilə Qubaya birinci olaraq David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı dəstə, 1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Sovetinin daşnak Hamazasp Srvandzyanın və onun köməkçisi Nikolayın komandanlığı altında erməni dəstəsi göndərilib. 1918-ci ilin aprel-may aylarında təkcə Quba qəzasında 167 kənd tamamilə məhv edilib.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamının ermənilərin cinayətkar və terror əməllərinin araşdırılması, o cümlədən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından tarixi, siyasi və hüquqi rolu olub.
Əsərdə “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyası” haqda bildirir ki, 1948-1953-cü illərdə tarixi və əzəli torpaqlarından zorla köçürülməsi tarixi faktlara, sənədlərə, arxiv materiallarına, fotolara, maddi-mənəvi və tarixi abidələrə, elmi ədəbiyyata və qəbul edilmiş qərarlara istinad edilərək elmi cəhətdən sübut edilir. 1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” imzaladığı Fərmanla həmin hadisəyə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Fərmanda bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, Azərbaycan SSR rəhbərliyinin öz xalqının taleyinə biganəliyi, vətəndaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı qeyd olunur.
S.Talıblı daha sonra Ermənistanın I Qarabağ və Vətən müharibəsi zamanı azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarından bəhs edərək yazır ki, bütün bunlarla bağlı əyani, hüquqi, tarixi fakt və sənədlər Ermənistan dövlətinin təcavüzkar və terror dövləti olduğunu elmi cəhətdən bir daha sübut edir. İstər hərbi, istərsə də mülki əsirlərlə rəftar ermənilərə həm yad bir hüquqi termindir, həm də ermənilərin düşünülmüş şəkildə insanlığa, bəşəriyyətə etdiyi cinayətlərdən biridir. Ermənistanın hərbi-siyasi rəhbərliyi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli və düşünülmüş şəkildə soyqırımı və vandalizm siyasətini yeridib. Minlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı istər yerli, istərsə də xarici ölkələrdə olan faktlar, araşdırmalar, sənədlər, beynəlxalq və regional təşkilatlarım hesabatları göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş - onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış “xaç” nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir. Bundan başqa kitabda əsirlərlə rəftar və işgəncələr haqda, erməni vandalizmi haqda faktlar, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan faktların bir qismi, təcavüzkar Ermənistanın işğal zamanı əsir götürülmüş mülki əhaliyə qarşı terrorları, Azərbaycan Respublikasının əsir və girovlarla bağlı gördüyü tədbirlər, I Qarabağ müharibəsində ermənilərin insanlığa sığmayan hərəkətləri, girov saxlanılanlara münasibət və beynəlxalq hüquqda hansı qanunlarda öz əksini tapması və s. məsələlər öz əksini tapıb.
Kitabda azərbaycanlıların soyqırımı və faciələrilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin siyasəti haqda qeyd edilir ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan, 1993-cü ildən Azərbaycan Respublikasının Prezidenti olduqdan sonra bu həqiqətlərin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə, diplomatik danışıqlarla nizama salınması, ərazi bütövlüyünü təmin olunması Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətində əsas istiqamət olmuşdur. Azərbaycanlıların soyqırımı və faciələrilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin siyasəti nəticəsində dünya ictimaiyyətinə azərbaycanlıların soyqırımının baş verdiyi tarixi şəraiti, türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımın səbəblərini, mahiyyətini, nəticəsini, erməni-daşnak, bolşevik və xarici qüvvələrinin tarixi məqsədlərini, erməni təcavüzkarlarının çirkin niyyətlərinin həyata keçirilməsinə havadarlıq edən regional və beynəlxalq qüvvələrin məqsədlərini, müstəqil Azərbaycan Respublikasının azərbaycanlıların soyqırımı ilə bağlı həyata keçirdiyi tədbirlərin mahiyyətini və əhəmiyyətini, beynəlxalq aləmə azərbaycanlıların soyqırımına aid tarixi faktları və s. məsələlərin çatdırılması istiqamətində mühüm addımlar atılmışdır.
“Azərbaycanlıların soyqırımı və faciələrilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti” adlı paraqrafda vurğulanır ki, Heydər Əliyevin siyasi kursunu davam etdirən İlham Əliyev də Prezident seçildikdən sonra Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq aləmdə xüsusi nüfuza malik olması, Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin inkişafı istiqamətində, xüsusilə də azərbaycanlıların soyqırımı və faciələrilə bağlı əməli və praktik addımlar atmışdır. Müstəqil Azərbaycan Prezidenti kimi İlham Əliyev bütün xarici səfərlərində, yerli və beynəlxalq çıxışlarında, ikitərəfli və çoxtərəfli danışıqlarda “Qarabağ Azərbaycandır!”, “Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır”, “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik” şüarlarını səsləndirərək həm haqq səsimizi bütün dünyaya bəyan etdi, həm də siyasətçi, Ali Baş Komandan kimi Prezidentliyi dövründə Azərbaycanın ərazi bütövlüyünə nail oldu.
Azərbaycan bu tarixi Qələbəni Azərbaycan Respublikasının Prezidenti və onun Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti, hərb strategiyası, Müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, hərb meydanında göstərdikləri qəhrəmanlıqları və "Dəmir Yumruq" əməliyyatı ilə başlayaraq 44 gün boyunca davam edən ikinci Qarabağ müharibəsi nəticəsində düşmənə sarsıdıcı zərbələr endirməklə əldə etdi. Azərbaycan Respublikasının Prezidenti və silahlı qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altında olan Azərbaycan torpaqları işğaldan azad edildi.
S.Talıblı qeyd edir ki, bu şanlı və haqq etdiyimiz tarixi qələbəmiz Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqımızın iradəsini, böyük əzmini, milli ruhunu və birliyini bütün dünyaya nümayiş etdirdi.
Vüqar MƏMMƏDOV, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d.