AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimin Zəfər Günü haqqında məqaləsi Misirdə dərc olunub
Nov 13, 2023 | 17:03 Yeni nəşrlər

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “8 Noyabr Zəfər Günü: Azərbaycan ordusunun və xalqının şanlı qələbəsi” adlı məqaləsi Misirin elalmelarby.com saytında yayımlanıb.

Məqalədə qeyd olunur ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən Zəfər Günü hər il noyabrın 8-i təntənəli şəkildə qeyd edilir.

Dosent S.Talıblı yazır ki, Azərbaycanın 27 sentyabr 2020-ci ildə başladığı əks-hücum əməliyyatında parlaq qələbəyə Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan ordusu və xalqımızın birliyi sayəsində nail olduq. Qeyd edilir ki, 2019-cu ildən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozurdu. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyasına, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsinə, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışına, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarına, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlara, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırmasına, Ermənistanın genişmiqyaslı hücuma hazırlaşmasına və s. hərəkətlərinə cavab olaraq, Azərbaycan ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi və ədalətin bərpası üçün bağladığı əks-hücum əməliyyatında haqq etdiyi parlaq qələbəyə nail oldu. 

Şərqşünas alim vurğulayır ki, Azərbaycan bu tarixi Qələbəni Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti, hərb strategiyası, Müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, hərb meydanında göstərdikləri qəhrəmanlıqları nəticəsində 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirməklə qazandı. Bildirilir ki, 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu. Bu şanlı və haqq etdiyimiz tarixi qələbə Azərbaycan dövlətinin gücünü və xalqının milli birliyini bütün dünyaya nümayiş etdirdi.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023