AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimlərin Zəfər Günü haqqında məqalələri İraqın “Sadaka” qəzetində dərc olunub
Nov 09, 2023 | 12:32 Yeni nəşrlər

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının Zəfər Günü münasibəti ilə yazdıqları məqalələr İraq Respublikasında nəşr edilən “Sadaka” (Dostluq) qəzetində dərc olunub.

“Sadaka” qəzetinin Zəfər Gününə həsr edilmiş xüsusi sayında AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın “Zəfər Günü - ədalətin bərpa edildiyi gün2, institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlünün “Qələbə günü - şanlı və əzəmətli tariximiz”, Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uzun illər qələbə üçün mənəvi səfərbərlik işləri görülmüşdür”, Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Böyük Zəfər bayramı - Azərbaycan xalqının fəxr və qürur mənbəyi” adlı məqalələri dərc edilib.

Şərqşünaslıq İnstitutunun əməkdaşlarının yazdıqları elmi-publisistik xarakterli məqalələrdə qeyd edilib ki, 1980-ci illərin sonlarında Ermənistanın Qarabağ ərazisinə olan iddiaları güclənib və bu, yerli azərbaycanlı əhalinin etnik təmizlənməsi ilə müşayiət olunub. 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 dinc sakinin xüsusi amansızlıqla qətlə yetirildiyi soyqırımı isə erməni qəddarlığının kulminasiya nöqtəsi olub.

Bildirilib ki, Prezident İlham Əliyev Ermənistanın beynəlxalq normalara zidd olaraq törətdiyi və insanlıq faciələrinə, etnik təmizləmə və soyqırımına səbəb olmuş işğala ikili standartlarla yanaşmanın yolverilməzliyini dəfələrlə beynəlxalq kürsülərdən çox ətraflı və aydın bəyan edib.

Son illərin hadisələri ətraflı təsvir edilən yazılarda qeyd edilib ki, öz havadarlarının maşasına çevrilmiş Ermənistan 2020-ci il iyulun 12-də Azərbaycanın dövlət sərhədini Tovuz istiqamətində pozaraq hücum edib. Dörd günlük döyüşdə geri oturdulan düşmən dərs almayaraq sentyabrın 27-də bütün cəbhə boyu geniş təxribata keçib. Bu təxribat həm dövlətimizin başçısının, həm də xalqımızın səbrini tükədib. Sentyabrın 27-dən başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatıb. Beləliklə, qalib ordumuzun və rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə noyabrın 8-də Qarabağın tacı Şuşa işğaldan azad edilib və üçrəngli bayrağımız şəhərin mərkəzinə sancılıb.

Şərqşünas alimlər 8 Noyabr - Zəfər Gününün 44 günlük Vətən müharibəsində müqəddəs torpaq uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı, milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gün olmasını, Azərbaycan dövlətçilik tarixində və xalqımızın yaddaşında əbədi yaşayacaq Zəfər Gününün ümumxalq birliyinin təzahürü olduğunu vurğulayıblar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023