AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Pakistanda elmi ezamiyyətdə olub
Nov 13, 2023 | 11:04 Mühüm hadisələr

Xəbər verdiyimiz kimi, AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Lahor Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Araşdırma Mərkəzi yaradılıb. Əldə olunmuş razılığa əsasən ildə iki dəfə dəvətli professor və araşdırmaçılar qardaş ölkədə elmi ezamiyyətdə olacaqlar.

Memorandum çərçivəsində Lahor Dövlər Kollec Universitetinə dəvət alan ilk azərbaycanlı alim Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə olub.

O, Azərbaycan-Urdu Araşdırma Mərkəzində keçirilən ilk seminarda ölkəmiz haqqında tələbələrə məlumat verib, azərbaycançılıq və Azərbaycan düşüncə tarixinə dair məruzəsini təqdim edib.

Könül Bünyadzadə Azərbaycanın hələ qədim dövrlərdən həm coğrafi məkanına, həm də görkəmli ziyalılarına görə Şərq və Qərb arasında əhəmiyyətli mövqe tutduğunu, öz alimləri ilə İslam mədəni bölgəsinin elminə, mədəniyyətinə töhfələr verdiyini bildirib.

Alim vurğulayıb ki, fərqli zamanlarda Azərbaycan ziyalıları, şairləri, filosofları ərəb və fars dillərində yazıb yaratsalar da, onların yaradıcılığında milli və bəşəri ideyalar daim qorunub saxlanılıb və məhz bu cəhət onları dünya düşüncə tarixində orijinal xətt müəllifi kimi tanıdıb. Bu baxımdan həmin şair və filosoflar yazdıqları dilə görə deyil, ehtiva etdikləri ideyaya və mənsub olduqları millətə görə dəyərləndirilməlidir.

Buna bariz nümunə kimi Nizami Gəncəvini göstərən Könül Bünyadzadə qeyd edib ki, Pakistanın görkəmli ideoloqu və mənəvi atası Əllamə Məhəmməd İqbalın yaradıcılığının da çoxu farsca, əhəmiyyətli əsərləri ingiliscədir, lakin o, urdu xalqının və öz dövlətinin şəxsiyyəti kimi tanınır. Eləcə də Nizami Gəncəvi və onun kimi digər şair və mütəfəkkirlər Azərbaycan xalqının dəyəri olaraq qalacaqlar.

Məruzənin sonunda AMEA-nın müxbir üzvü Könül Bünyadzadə tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Azərbaycan tarixinin şanlı səhifəsi olan Zəfər Günü ərəfəsində keçirilən görüşdə Könül Bünyadzadə, həmçinin bu şərəfli günün müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək əzəli torpaqlarını erməni işğalından azad etdiyini bildirib. Alim Azərbaycanın torpaqlarını işğaldan azad etməklə təkcə öz ərazi bütövlüyünü deyil, tarixi ədaləti də bərpa etdiyini, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirdiyini vurğulayıb. 

Görüşün sonunda Könül Bünyadzadə Azərbaycan-Urdu Araşdırma Mərkəzinə çox sayda Azərbaycan dilində Azərbaycan tarixinə və ədəbiyyatına aid kitablar hədiyyə edib. O, yeni açılmış, lakin böyük gələcəyi və məqsədləri olan bu Mərkəzdə Azərbaycan dilində kitabxananın yaradılmasının və bu dildə araşdırma aparacaq pakistanlı tələbələrin yetişməsinin önəmini qeyd edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023