AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan-Urdu Araşdırma Mərkəzində 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin şeirlər kitabının təqdimatı olub
Nov 13, 2023 | 15:50 Mühüm hadisələr

Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Azərbaycan Milli Elmlər Akademiyası ilə Lahor Dövlət Kollec Universiteti arasında 2022-ci ilin dekabrında  imzalanmış memoranduma əsasən Lahor şəhərində elmi ezamiyyətdədir.

O, səfər müddətində Lahor Dövlət Kollec Universitetində yeni yaradılmış Azərbaycan-Urdu Araşdırma Mərkəzində bir sıra görüşlər keçirib, seminarlarda məruzələrlə çıxış edib.

Azərbaycan-Urdu Araşdırma Mərkəzinin ilk fəaliyyəti azərbaycanlı şair, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin şeirlərinin kitabının tərcüməsi və kitab kimi nəşr edilməsidir. Kitabın “Ön söz”ünün müəllifi Lahor Dövlət Kollec Universitetinin Urdu şöbəsinin əməkdaşı Almas Khanum, şeirlərin tərcüməçisi isə Pakistanın gənc şairi Həmmad Niyazidir.

Ülvi Bünyadzadənin “Daş altında bitən çiçək” adlı şeirlər kitabının təqdimatı Azərbaycan-Urdu Araşdırmalar Mərkəzində baş tutub. Görüşdə Lahor Dövlət Kollec Universitetinin rektoru, prof. Əhməd Adnan, Kompüter elmləri kafedrasının müdiri, prof. Syed Asad Raza Kazmi, Sənaye Biotexnologiyası İnstitutunun direktoru, prof. Hamid Mukhtar, eləcə də mərkəzin əməkdaşları və universitetin tələbələri iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidi Ülvi Bünyadzadə haqqında qısa film nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən mərkəzin direktoru, Urdu bölməsinin müdiri, prof. Saimə İrəm Azərbaycan-Urdu Araşdırma Mərkəzinin yaradılmasında və fəaliyyətinin dəstəklənməsində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rolunu xüsusi vurğulayıb, kollektiv adından ona təşəkkürünü bildirib.

“Daş altında bitən çiçək” kitabının ideyasından söz açan Saimə İrəm şəhidlərlə bağlı tarixi kitabların ictimaiyyətə təqdim olunmasının qürurverici olduğunu qeyd edib.

Daha sonra kitabdakı şeirlərin tərcüməçisi, gənc şair Həmmad Niyaziyə çıxış edərək şeirlərin onda yaratdığı dərin təəssüratdan və hisslərdən danışıb. O, bu şeirlərin pakistanlı gənclərin, gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində əhəmiyyətli rol oynayacağını bildirib. Həmmad Niyazı 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin başqa şeirlərini də pakistanlı oxuculara çatdırmaq arzusunda olduğunu söyləyib.

O, tərcümə etdiyi şeirlərdən bir neçəsini səsləndirib.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Azərbaycan-Urdu Araşdırmalar Mərkəzinin fəaliyyətinin belə bir kitabın təqdimatı ilə başlanmasının simvolik olduğunu qeyd edib. O, Azərbaycanın azadlığı  və müstəqilliyi uğrunda canını qurban vermiş ilk şəhidlərdən olan Ülvi Bünyadzadənin şeirlərinin fəlsəfi yükündən bəhs edib.

Könül Bünyadzadə kitaba “Ön söz” yazan Almas Khanuma və tərçüməçi Həmmad Niyaziyə həm öz adından, həm də şairin ailəsinin adından təşəkkkür edib. Azərbaycanlı alim sözünü Nazim Hikmətin belə bir fikri ilə tamamlayıb: “Tərçüməçi şairin ürəyini hissələrə ayırır və sonra onu təkrar birləşdirir. Ürək yenə həmin ürəkdir, sadəcə çatlarla. Mən şadam ki, Ülvi Bünyadzadənin ürəyi indi də urdu oxucuları üçün vuracaq”.

Lahor Dövlət Kolleci Universitetinin rektoru, prof. Əhməd Adnan isə çıxışında Ülvi Bünyadzadənin şeirlərinin dərinliyindən, zənginliyindən,  öz zamanını qabaqlamasından danışıb. O, şeirlərdə Ülvinin təsvir etdiyi təbiəti gördüyünü, Vətəni üçün narahat olan gəncin həyəcanını hiss etdiyini, həyatın hər üzünü anlamaq istəyən şairin düşüncələrini izlədiyini söyləyib.

Rektor bu cür nəşrlərin beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib, gələcəkdə belə kitabların təqdimatının sayının artmasını, digər şair və mütəfəkkirlərin də əsərlərinin tərcümə olunmasını arzu edib.

Tədbirin sonunda Könül Bünyadzadə Azərbaycanlı şairin doğma dilində olan şeir kitablarını Azərbaycan-Urdu Araşdırmalar Mərkəzinə təqdim edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023