Nov 13, 2023 | 15:25 Konfranslar, iclaslar
IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “İrəvan şəhərinin tarixindən: XIX-XX əsrin əvvəllərində” və “История Азербайджана в армянской исторической публицистике и историографии: фальсификация и правда” kitablarının təqdimat mərasimi keçirilib.
Monoqrafiya Azərbaycanımızın İrəvan şəhərinin – Rəvanqulu xan tərəfindən bünövrəsi qoyulmuş İrəvan qalasının tarixinə həsr edilib.
Tədbirin moderatoru Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov kitabda görkəmli Azərbaycan tarixçilərinin 14 rəyinin çap olunduğunu diqqətə çatdırıb.
O, əsərin Tarix İnstitutunun “Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin kollektivinin çoxillik zəhməti hesabına ərsəyə gətirildiyini bildirib.
Təqdimatda İrəvanın tarixini “erməniləşdirməyə”, onu “Erebuni” adlı mifik məskənlə bağlamağa çalışan saxtakarlar haqqında, qala-şəhərin əsasının qoyulması ilə bağlı bəzi tarixi məsələlər barədə danışılıb.
Tədbirdə qeyd olunub ki, monoqrafiyada İrəvan şəhərinin elmi-mədəni həyatının müxtəlif sahələri də nəzərdən keçirilir, onun Azərbaycan elm və mədəni mərkəzlərindən biri olduğu vurğulanır.
Kitabda Azərbaycan və Anadolu türkcələrində, ingilis, rus və digər dillərdəki tarixşünaslıq əsərlərindən, habelə mötəbər qaynaqlardan toplanmış qiymətli məlumatlardan istifadə olunub. İrəvan şəhər sənayesi, şəhər memarlıq xüsusiyyətləri və ticarəti barədəki faktlar əsasında onun klassik Azərbaycan şəhərləri arasında özünəməxsus yer tutduğu vurğulanır, şəhərin inzibati idarəçilik sistemi, demoqrafiyası araşdırılır, irəvanlıların çarizmin işğalçı yürüşlərinə qarşı qəhrəmancasına mübarizəsi real faktlarla işıqlandırılır, Romanovların mürtəce köçürmə siyasəti sayəsində burada reallaşdırılmış xristianlaşdırma – erməniləşdirmə proseslərinə tənqidi diqqət yetirilir.