AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
Nov 03, 2023 | 17:12 Konfranslar, iclaslar

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində Qarabağ müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ötən əsrin 80-ci illərində Qarabağda baş qaldıran erməni separatçılarının 90-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizini işğal edərək 1 milyondan çox azərbaycanlını doğma yurdlarından qaçqın və köçkün saldığını deyərək, 30 ilə yaxın bu torpaqların işğal altında qaldığını xatırladıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hərc-məcliyə, xaosa son qoyulduğunu və ordu quruculuğuna başlanıldığını deyən Gövhər Baxşəliyeva, 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi islahatların sürətləndiyini, beynəlxalq münasibətlərin inkişafına, modern ordu quruculuğuna başlanıldığını, bütün bunların nəticəsində hakimiyyət və xalq birliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfər çalaraq, torpaqlarımızı işğaldan azad etdiyini vurğulayıb.

Vətən müharibəsində canlarından keçən şəhidlərin qəhrəmanlıqlarından danışan G.Baxşəliyeva xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Şuşa şəhərinin azad edildiyi tarixin - noyabr ayının 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edildiyini deyib.

Bu ilin 19 sentyabrında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi 24 saatlıq lokal xarakterli antiterror tədbirlərini də xatırladan akademik G.Baxşəliyeva, nəticədə Qarabağ ərazisindəki qondarma qurumun ləğv edildiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Azərbaycan bayrağını Xankəndi şəhərində ucaltdığını deyib.

Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı ölkə rəhbərinin apardığı uğurlu siyasət nəticəsində şanlı Azərbaycan Ordusunun 30 ilə yaxın davam edən torpaqlarımızın işğalına son qoyulduğunu, Vətən müharibəsində şanlı Zəfərin əldə edildiyini, işğal altındakı torpaqlarımızın, Şuşanın azad edildiyini, bu ilin sentyabrında isə antiterror əməliyyatı nəticəsində xalqımızın intizarla gözlədiyi məqamın - bayrağımızın Xankəndində, Xocalıda ucaldıldığını və ərazi bütövlüyümüzün bərpa edildiyini deyib. Bu Zəfərin şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına əldə edildiyini söyləyən M.Babaşlı indi bizim üzərimizə şəhidlərin əmanətlərinə qayğı göstərmək, suverenliyimizi qorumaq kimi  bir vəzifə düşdüyünü bildirib.

Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Zəfərə aparan yolda ölkə rəhbərliyinin illərdir bu qələbəyə hədəflənmiş addımlarından danışaraq, 44 günlük müharibədə torpaqlarımızın azad olunması üçün həyata keçirilən hərbi əməliyyatların altında Azərbaycan xalqının 30 il heç tükənməyən qələbəyə inamının, ümidinin, dövlət başçısına etimadının durduğunu deyib. Bu müharibədə Azərbayanın şanlı Zəfəri ilə yalnız tarix yazmadığını, dünya ölkələri üçün öyrəniləcək çox izlər qoyduğunu, Milli Ordumuzun tətbiq etdiyi müharibə strategiyasının müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olunduğunu deyən X.Ələkbərova qeyd edib ki, Zəfər qazanan Azərbaycan onu qorumağı, saxlamağı və davamlı olmasını təmin etməyi də bacarır.

Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu çıxışında Azərbaycan xalqının və onun rəşadətli ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini bir daha nümayiş etdirdiyini və haqlı mübarizəsində qələbə çalaraq mümkün olmayına mümkünə çevirdiyini söyləyib. Səriyyə Gündoğdu 44 gün ərzində Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının və Türkiyənin bir yumruq kimi birləşərək təkcə Ermənistana yox, bütövlükdə haqsız güclərə haqq yolunda, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşduğumuzu sübut etməsindən, Azərbaycan-Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi”nin iki ölkə arasında var olan qardaşlığı daha da artırdığından bəhs edib. 8 noyabr qələbəsinin təkcə Azərbaycanın deyil, həm də bütün Türk dünyasının Zəfər Günü olduğunu bildirən Səriyyə Gündoğdu, Zəfəri qazanmaq qədər onu qorumasının da şərəfli borc və vəzifə olduğunu qeyd edib və bu qələbəni bizlərə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə güclü ordumuzun rəşadətli zabit və əsgərlərinin bəxş etdiyini söyləyib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023