AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeoloq alim Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasının 10 illiyi ilə bağlı keçirilən konfransda çıxış edib
Nov 03, 2023 | 16:45 Mühüm hadisələr

Qubada “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Toplantı “Soyqırımı Memorial Kompleksi”nin fəaliyyətinin 10 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Quba Rayon İcra Hakimiyyəti və Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Ağayev məruzə ilə çıxış edib.

Alim çıxışında bildirib ki, Heydər Əliyev ilində Quba Soyqırımı Memorial Kompleksinin 10 yaşının qeyd edilməsi tarixi hadisədir.

Ulu Öndər Heydər Əliyev, ermənilərin öz havadarları ilə birlikdə, Azərbaycan xalqının dinc əhalisinə qarşı, törətdikləri dəhşətli cinayət və vəhşilikləri dünya ictimaiyyətinə çatdırılması üçün 31 mart tarixini xüsusi Sərəncamla Azərbaycanlıların soyqırımı günü elan etmişdir. Erməni vəhşilikləri Azərbaycanın bir çox rayonlarında Bakıda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Lənkəranda, Nefçalada, Respublikanın şimal bölgəsində, eyni zamanda Qubada törədilmişdir. Ermənilərin Qubada törətdikləri cinayətlər bir qədər sonraya, həmin ilin may ayına təsadüf edir. Quba şəhərində tikinti işləri ilə bağlı aparılan torpaq işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq, erməni vandallarının dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin canlı sübutudur.

2007-ci ilin aprel ayında təsadüfən aşkar edilən bu məzarlıqda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu geniş şəkildə tədqiqat işləri apararaq, ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin canlı sübutlarını aşkar etmişlər. Bir ildən bir az artıq müddətdə aparılan tədqiqat işləri nəticəsində məlum olmuşdur ki, erməni vəhşiliyi nəticəsində, Quba şəhərində 9 gün ərzində 1918-ci ilin may ayının 1-dən 9-kimi 2 mindən çox dinc əhali amansızcasına qətlə yetirilmiş və şəhərin ayrı-ayrı yerlərində basdırılmışdır. Onlardan bir qismi, təxminən 600 nəfəri, tədqiq etdiyimiz bu məzarlıqda aşkar edilmişdir.

Məzarlıqda basdırılanların əksəriyyəti uşaq, qadın və yaşlı kişilər olmuşdur. Onu da xüsusilə qeyd etmək lazımdır ki, insanlarda yaranan maraqla bağlı ərazidə aparılan tədqiqat işlərinin birinci günündən məzarlıq ziyarətgaha çevrilmişdi. Tədqiqat işləri apardığımız 1il 8 ay ərzində demək olar ki, hər gün onlarla insanlar məzarlığı ziyarət edir, qazıntı işləri ilə maraqlanırdılar.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2009-cu ilin sentyabr ayının 18-də ilk dəfə Quba kütləvi məzarlığını ziyarət edir və bu barədə Sərəncam imzalayır. Həmin sərancam əsasında, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən, erməni vampirlərinin vəhşilikləri nəticəsində ölənlərin xatirəsini əbədiləşdirmək üçün, ərazidə möhtəşəm Soyqırım Memorial Kompleksi tikilərək, 2013-cü ilin sentyabr ayının 18-də istifadəyə verilmişdir.

Bu cür möhtəşəm abidələrin yaradılmasının tarixi kökündə Azərbaycan Milli Elmlər Akademiyasının, onun ayrılmaz institutu olan Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun danılmaz xidmətini xüsusi ilə qeyd etmək lazımdır. Bu gün Akademiya yeniləşmə prosesindədi və islahatlar uğurla davam etdirilir.

Möhtəşəm, həm də tarixi və siyasi nöqteyi nəzərdən çox böyük əhəmiyyət kəsb edən Quba Soyqırım Memorial Kompleksi nəinki Azərbaycan xalqına, eyni zamanda türk xalqlarına və ümumiyyətlə müsəlmanlara qarşı ermənilər tərəfindən, insanlığa sığmayan vəhşiliklərlə törədilən cinayətləri özündə əks etdirən yeganə soyqırım kompleksidir.

Bu kompleksin qorunub saxlanmasında, onun olduğu kimi dünya ictimaiyyətinə nümayiş etdirilməsində və bu cür tarixi bir konfransın keçirilməsində böyük zəhmətləri olan Quba Soyqırımı Memorial Kompleksinin bütün əməkdaşlarına və əlbəttə ki, bu işlərə rəhbərlik edən kompleksin direktoru Rəxşəndə Bayramovaya təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023