Oct 30, 2023 | 15:39 Konfranslar, iclaslar
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurasının “8 Noyabr - Zəfər Günü“ mövzusunda tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə açaraq bu günün əhəmiyyətindən danışıb, Zəfər Gününün fəlsəfəsini, elmi-siyasi mahiyyətini şərh edib. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın regiona gətirdiyi yeni reallıqların fəlsəfəsinə toxunaraq Prezident İlham Əliyevin və xalq birliyinin uğurlu nəticəsinin və Zəfər Gününün müqayisəli təhlilini aparıb. Həmçinin Vətən müharibəsində institut alimlərinin gördüyü işlərə, bu müddət ərzində qazanılan nailiyyətlərə də toxunub.
Daha sonra Prezident İlham Əliyevin 44 günlük müharibəsi dövründə hərbi, siyasi, diplomatik, informasiya sahəsindəki qələbəsindən, torpaqlarımızın işğaldan azad olunmasından, ərazi bütovlüyümüz uğrunda vuruşan əsgərlərimizin şücaətindən və qəhrəmanlıqlarından söz açaraq, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib.
Sonra institutun İslam fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, Vətən müharibəsinin iştirakçısı Radif Mustafayev “Vətən müharibəsi qənimət ədəbiyyatında: Azərbaycan həqiqətlərinə baxış” mövzusunda çıxış edib.
Daha sonra Radif Mustafayevin həyat yoluna həsr olunmuş İctimai televiziyanın hazırladığı film nümayiş etdirilib.
Tədbirdə İdrak nəzəriyyəsi və məntiq şöbəsinin aparıcı elmi işçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı Fikrət Nəbiyev, AR Qarabağ Qaziləri İctimai Birliyinin Xəzər rayonu üzrə sədri, Vətən müharibəsinin iştirakçısı Tural Məmmədov, İdrak nəzəriyyəsi şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov “Prezidentin 20 illik fəaliyyəti: Zəfər fəlsəfəsinin bir aspektinə dair”, Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin kiçik elmi işçisi Ceyran Hüseynli “Zəfər salnaməsinin şanlı 44 günü” mövzularında məruzə ilə çıxış ediblər. Tədbirdə institutun Etika şöbsinin elmi işçisi Qoşqar Bağırov, professor Rəfiqə Əzimova, f.ü.f.d., Əli İbrahimov və digərləri də çıxış ediblər.
Sonra institut rəhbərliyi tərəfindən Tural Məmmədov, Radif Mustafayev və Fikrət Nəbiyev Fəxri fərmanla təltif olunublar.
Tədbirdə Eynulla Mədətli Ramiz Qusarçaylının “Qələm”, Əli İbrahimov Əhməd Cəmilin “Medal” və Ceyran Hüseynli “Gözün aydın, ey Vətən” şeirlərini səsləndiriblər.