AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Əbədi, sarsılmaz dostluq və qardaşlıq
Oct 29, 2023 | 16:39 Yeni nəşrlər

2023-cü il oktyabrın 29-da bəşər tarixində çox əlamətdar hadisə - Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu, bütün türk xalqları tarixində, eləcə də bütöv müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş yaratmış böyük hadisədir. Belə ki, məhz bu gün Türkiyə Böyük Millət Məclisi Cümhuriyyətin yarandığını elan etdi. Bu, türk milləti və Türkiyə Cümhuriyyəti uğrunda ölüm-dirim savaşı aparan mücahidlərin böyük zəfəri, Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlərin üzərində inamlı qələbə idi.

Cümhuriyyətin ilk illəri çətin oldu, irticaçı daxili və xarici qüvvələr ölkədə müxtəlif təxribat və iğtişaşlar törətsə də, Qazi Mustafa Kamal Atatürk öz silahdaşları ilə birlikdə ölkənin bölünməzliyi və dünyəvi demokratik dövlət kimi gələcək inkişafını təmin etdi.

1940-cı illərin sonunda ölkədə çoxpartiyalı sistem yaradıldı. Sürətli iqtisadi inkişaf və islahatlar dövrü başladı. Ölkənin beynəlxalq nüfuzu artdı, 1952-ci ildə Türkiyə NATO-ya daxil oldu. Növbəti illər siyasi təlatümlər və hərbi çevrilişlərlə müşayiət olundu. Daha sonra Turqut Özalın rəhbərlik etdiyi Ana Vətən Partiyası, Süleyman Dəmirəlin başçılığı ilə Doğru yol Partiyası, Nəcməddin Ərbakanın Rifah Partiyası seçkilərdə qalib gələrək, öz hökumətlərini formalaşdırdılar. 2002-ci ildə Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldi.

Keçən 100 il ərzində Türkiyə Cümhuriyyəti böyük inkişaf yolu qət edərək, müxtəlif problemlərə baxmayaraq, dinamik sosial-iqtisadi və siyasi inkişafa nail olub. Ölkə hərtərəfli güclənib, modern ordu qurulub, regional və beynəlxalq məsələlərdə söz sahibi olub. Türkiyə hərbi-sənaye potensialına və Silahlı Qüvvələrinə görə NATO-da ikinci dövlətdir, "Böyük iyirmilik"də isə ÜDM-nin artım sürətinə görə ilk beşliyə daxildir.

Bu gün Türkiyənin və onun Prezidenti R.T.Ərdoğanın liderliyi ilə türk dünyası birləşir və bu yolda bir çox irəliləyişə nail olunub. Tarixin bütün sınaqlarından uğurla çıxan Türkiyə Cümhuriyyəti gündən-günə inkişaf edərək, regionda və dünyada öz mövqeyini daha da möhkəmləndirərək, bütün dünya türklərinin fəxr etdikləri, qürur duyduqları, arxalandıqları bir məkana çevrilmişdir.

Azərbaycanın milli maraqlarını hərtərəfli göz önündə canlandıran, onun milli mənafelərini tam şəkildə əks etdirən xarici siyasət kursunda, bu kursun müvəffəqiyyətlə reallaşmasında Azərbaycan-Türkiyə münasibətlərinin uğurlu inkişafı, mübaliğəsiz demək olar ki, birinci dərəcəli əhəmiyyət daşıyır. Bu isə bir daha ondan irəli gəlir ki, müasir dövrdə güclü dövlət olaraq sürətli inkişaf yolunda irəliləyən və beynəlxalq münasibətlərdə möhkəm yer tutan Türkiyə və Azərbaycanı tarix ümumiliyi və etnik-dini tellər bağlayır. İstər bir çox daxili məsələnin həllində, istərsə də beynəlxalq münasibətlərdə Türkiyə kimi qardaş ölkə ilə tərəfdaşlıq və əməkdaşlıq Azərbaycanın müstəqil ölkə və dövlət olaraq intensiv inkişafı üçün olduqca zəruridir.

Keçən yüz ilin 90-cı illərinin başlanğıcında SSRİ-nin süqutundan sonra, ildən-ilə irəliləyən Türkiyə Qafqaz və Orta Asiya bölgələrində tanınan və nüfuzlu bir ölkə mövqeyini qazandı. Bu gün nəhəng Avrasiya bölgəsində Türkiyə sözü keçən, qüdrətli, mövqeyi dəyişməz dövlətlərdən biridir.

Qərblə inteqrasiya istiqamətini qəbul etmiş Türkiyə Qafqaz və Orta Asiyada həm özünün, həm də qərbli müttəfiqlərinin mənafelərini təmsil edir. Bilindiyi kimi, Türkiyə NATO-nun üzvüdür və onun Qərblə sıx iqtisadi-mədəni əlaqələri mövcuddur. Beləliklə,  Türkiyə bölgədə yeritdiyi siyasətlə həm milli-strateji, həm də etnik-dini amilləri diqqət mərkəzində saxlayır. MDB məkanında bir sıra türkdilli və digər müsəlman xalqlar yaşamaqdadırlar. Türkiyənin bu bölgədə yeritdiyi siyasətdə bəzən etnik-dini amillər daha açıq şəkildə özünü göstərir. Bu da onun Qərb müttəfiqlərinin müəyyən narazılığına səbəb olur. Buna baxmayaraq, Türkiyə bölgədə siyasətini uğurla yeritməkdədir.

Azərbaycanla Türkiyə arasında əlaqələrin dərin tarixi kökləri var. Türkiyə daim Azərbaycanın köməyinə gəlmiş, ən çətin anlarda onu yalqız qoymamış, qardaşlıq yardımını əsirgəməmişdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti  (AXC) öz müstəqilliyini elan etdikdə onu tanıyan ilk dövlət Türkiyə oldu. Amma Türkiyə AXC-ni rəsmi olaraq tanımaqla kifayətlənmədi. Sözsüz ki, müstəqil dövlət kimi yenicə arenaya çıxan gənc AXC-nin ordu və dövlət quruculuğu prosesini həyata keçirmək, ölkədə əmin-amanlıq, nizam-intizam yaratmaq üçün yetərincə qüvvəsi yox idi. AXC daşnak-bolşevik təcavüzü ilə qarşı-qarşıya qalmışdı. Gənc respublikanın qurtuluşu və dinc quruculuğu üçün xalqımızın dostluq münasibəti olan xarici bir tərəfdaşa böyük ehtiyacı var idi. Bu tərəfdaş isə yenə qardaş Türkiyə oldu. Yaranmış durumla bağlı olaraq AXC-nin qurucularından biri - N.Yusifbəyli deyirdi: "... Bu halda biz sevinə bilərik ki, buraya gəlməli olan xarici qüvvə dost və qardaş Türkiyədir". M.Ə.Rəsulzadə isə o çətin və tarixi anlarla bağlı sonralar yazırdı ki, o zaman yaranmış şəraitdə ümid yalnız Türkiyəyə qalırdı və bu qardaş millət Azərbaycanı düşmənlərin əlindən almalı idi.

Birinci Dünya müharibəsinə sürüklənən Türkiyə savaşın çətin anlarını yaşamasına baxmayaraq, qurtuluş missiyasını şərəflə yerinə yetirdi. Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu AXC-nin qüvvələri ilə birlikdə ağır döyüşlərdən qalib çıxaraq 1918-ci ilin sentyabrında Bakını azad etməklə Azərbaycanın qurtuluşunu təmin etdi. 1918-ci ildə erməni-müsəlman münaqişəsi zamanı Azərbaycan xalqını məhvolma təhlükəsindən türk ordusu, türk paraları qurtardı.

Ordu quruculuğunda, zabit kadrlarının hazırlanmasında, hüquqi dövlət quruculuğunda da Türkiyə AXC-yə təmənnasız yardımlar göstərdi. Bu şərəfli missiya iki ölkənin qardaşlıq münasibətlərinin sarsılmazlığını bütün dünya ictimaiyyəti qarşısında bir daha parlaq şəkildə nümayiş etdirmiş oldu. Birinci Dünya müharibəsinin sonunda imzalanan "barışığın" sanki bir tale yazısını ifadə edən şərtindən irəli gələrək Nuru paşa Bakıdan, Azərbaycandan ayrılmalı oldu. 10 noyabr 1918-ci il tarixdə Azərbaycan hökuməti böyük minnətdarlıqla Nuru paşa ilə vidalaşma mərasimini təşkil etdi və onun şərəfinə təntənəli ziyafət verdi.

O tarixi və ağır illərdə Azərbaycan da müstəmləkə şəraitində (çarizm və bolşevizm) yaşamasına baxmayaraq, Türkiyəyə qardaşlıq yardımını əsirgəməmişdi. Hələ 1912-1913-cü illərdə Balkan və Birinci Dünya (Şərq cəbhəsində) savaşlarında Türkiyə tərəfində Azərbaycan könüllüləri də iştirak etmişdilər. Azərbaycanın xeyriyyə cəmiyyəti Türkiyənin şərq bölgələrində savaşdan zərər çəkən əhaliyə maddi və mənəvi yardımlar göstərmişdi. Birinci Dünya müharibəsi zamanı, 1915-1916-cı illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verən döyüşdə Çanaqqalada beş min könüllü azərbaycanlı iştirak etmişdi. Onlardan üç mini şəhid olmuşdu. Azərbaycanda sovet rejiminin ilk aylarında da iki qardaş ölkənin arasında yardım əlaqələri davam etmişdi. Türkiyə 1919-1922-ci illərdə imperialistlərə və onların əlaltılarına qarşı Qurtuluş savaşı apararkən Azərbaycan ona müxtəlif yardımlar etmişdi. "Bosfor" qəzetinin 12 yanvar 1922-ci il tarixli sayında dərc olunmuş bir xəbər bu baxımdan diqqəti çəkirdi: "Azərbaycan hökuməti Anadolu yetimlərinə 3 vaqon ağ neft bağışlamışdır".

Amansız sovet rejimi tezliklə iki qardaş ölkə arasında əlaqələri qırdı. Ancaq bu "qırılma" müvəqqəti xarakter daşıdı. Haqq və ədalət yenidən zəfər çaldı - sovet rejimi tarixdə qaldı və qardaş ölkələr arasındakı tarixi bağlılıqlar bərpa olundu. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini elan etdikdən sonra qarşıda duran ən mühüm məsələlərdən biri də onun beynəlxalq aləmdə rəsmən tanınması idi. Noyabrın 9-da Türkiyə hökuməti Azərbaycanın müstəqilliyini rəsmi olaraq tanıdı. Beləliklə, Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk dövlət yenə də qardaş Türkiyə oldu. Bundan dörd ay sonra, 14 yanvar 1992-ci il tarixdə Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər yaradıldı. Bununla da iki ölkə arasında çoxtərəfli əlaqələrin inkişafı üçün geniş imkanlar açıldı. 1992-ci ilin fevralında isə Türkiyə Respublikası və Azərbaycan Respublikası Xarici İşlər nazirlikləri arasında vizasız gediş-gəlişə dair məktub mübadiləsi haqqında sazişlər imzalandı. 1-3 may 1992-ci il tarixdə Türkiyə Respublikasının Prezidenti Turqut Özal Azərbaycanda rəsmi səfərdə oldu. Səfər zamanı birgə bəyanat imzalandı və bununla da iki ölkə arasında strateji əməkdaşlığın təməli qoyuldu. Noyabr ayında ticarət-iqtisadi əməkdaşlıqlara dair imzalanmış sənədlər iki ölkə arasında qarşılıqlı münasibətlərin hüquqi-normativ bazasının yaradılması sahəsində mühüm irəliləyiş oldu.

1993-cü ildə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə respublikanın milli maraqlarını əks etdirən bir çox sahədə olduğu kimi, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına da təkan verən yeni mərhələnin əsası qoyuldu. Bu, hər iki ölkənin daxili durumlarını, beynəlxalq şəraiti, Azərbaycan və Türkiyənin maraqlarını çevik və realistcəsinə əks etdirən bir mərhələ idi. Heydər Əliyevin hazırladığı və yön verdiyi xarici siyasət kursu, sözün həqiqi mənasında, həssaslığı və çevikliyi ilə fərqləndi. Məhz bu səbəbdən Ulu Öndərimiz tərəfindən ifadə edilən "Bir millət, iki dövlət" şüarı iki qardaş ölkə arasında hərtərəfli inkişafın rəmzinə çevrildi.

Heydər Əliyev 8-11 fevral 1994-cü il tarixlərində Türkiyədə ilk rəsmi səfərdə oldu. Səfər zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bir sıra mühüm sənədlər imzalandı. Bunlar əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokollar, iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında sazişlər, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı haqqında müqavilə və digər sənədlərdən ibarət idi. Həmin il sentyabrın 20-də isə sadəcə iqtisadi deyil, həm də siyasi baxımdan beynəlxalq əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə Azərbaycan Respublikasının iqtisadi inkişafına böyük təkan verməklə bərabər, onun beynəlxalq münasibətlərdə mövqeyinin möhkəmlənməsinə, o cümlədən Türkiyə ilə hərtərəfli əlaqələrinin dərinləşməsinə böyük töhfə idi. Türkiyənin "Türk Petrolları" Anonim Ortaqlığı (TPAO) şirkəti müqaviləni imzalayan xarici neft şirkətləri konsorsiumunda iştirak etdi.

Türkiyə Prezidenti Süleyman Dəmirəlin 1995-ci il dekabrın 7-9-da Azərbaycana rəsmi səfəri zamanı yenə bir sıra mühüm sənədlər imzalandı və ikitərəfli əlaqələrin çərçivəsi daha da genişləndirildi. 1996-cı ildə Azərbaycan və Türkiyə arasında hərbi, texniki və elm sahələrində əməkdaşlığa dair bir sıra sənədlər imzalandı. Beləliklə, qarşılıqlı münasibətlərin hüquqi-normativ əsaslarının genişlənməsi nəticəsində, iqtisadiyyat, texnika, hərb, elm və mədəniyyət sahələrində əməkdaşlığın gələcək inkişafı üçün geniş imkanlar açıldı.

Artıq hər iki ölkənin dövlət və hökumət başçılarının, rəhbər işçilərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri müntəzəm xarakter almağa başladı. Bütün bu tədbirlər öz müsbət nəticələrini verdi. İki ölkə arasında hərtərəfli əlaqələrin inkişafı Heydər Əliyevin daim diqqət mərkəzində idi. Türkiyə Respublikasının quruluşunun ildönümü münasibətilə 29 oktyabr 1994-cü il tarixdə Gülüstan sarayında təşkil edilən mərasimdə çıxışında Heydər Əliyev Azərbaycan və Türkiyə dostluq və qardaşlığını belə dəyərləndirirdi: "Türkiyə Respublikası Azərbaycanın müstəqilliyini tanıyaraq, eyni zamanda dünyada öz nüfuzundan, təsirindən istifadə edərək respublikamızın mövqeyinin müdafiə olunmasında mühüm rol oynamışdır. İki qardaş ölkənin dostluq, qardaşlıq əlaqələri bizi daha da yaxınlaşdırmış, daha da birləşdirmişdir. Respublikamızın bu ağır şəraitində, Azərbaycanın müharibə içərisində olduğu, iqtisadi-siyasi böhran keçirdiyi bir dövrdə, şübhəsiz ki, dünya birliyinin köməyinə, həmrəyliyinə ehtiyacımız var. Bizim səsimizə səs verənlər arasında Türkiyə Respublikasının səsi həmişə daha yüksəklərə qalxır, daha güclü olur və bunların hamısı bizim dostluğumuzun, qardaşlığımızın rəmzidir, əlamətidir".

Heydər Əliyev 5 may 1997-ci il tarixdə Türkiyədə rəsmi səfərdə olarkən mətbuat üçün verilən bəyanatda ürək sözlərini belə ifadə edirdi: "Bizim ölkələrimizi, xalqlarımızı tarixi köklərimiz, tarixi keçmişimiz, ənənələrimiz, mədəniyyətimiz, dilimiz, dinimiz birləşdiribdir".

Prezident Heydər Əliyev Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkə böyük dəyər verir, onu eyni zamanda bütün türkdilli xalqların mənafeyi baxımından da örnək bir şəxsiyyət kimi xarakterizə edirdi. Ulu Öndər 8 fevral 1994-cü ildə Türkiyədə rəsmi səfəri zamanı Atatürkün qəbrini ziyarət edərkən xatirə kitabında bu səmimi sözlərini yazmışdır: "Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq işıq saçır". Heydər Əliyevə 1999-cu il Atatürk Beynəlxalq Sülh Mükafatı Ankarada təqdim edilərkən o, çıxışında Atatürkü belə dəyərləndirmişdi: "Mustafa Kamal Atatürk bəşər tarixinin, XX əsrin ən böyük şəxsiyyətlərindəndir. İstiqlal savaşına başçılıq edərkən qalib gəlib, Türkiyə Cümhuriyyətini yaratmaqla o, türk xalqına böyük yol açmışdır. Türkiyə Atatürk ideyalarına sadiq olaraq 76 ildir ki, bu yol ilə gedir və böyük nailiyyətlər əldə etmişdir. Qardaş Azərbaycan xalqı Atatürkün şəxsiyyətinə, onun ideyalarına, qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır. Atatürkün dahiliyi, müdrikliyi bizim üçün ilham mənbəyidir".

Azərbaycanın Türkiyə ilə qarşılıqlı əlaqələri ildən-ilə daha böyük uğurla inkişaf etdi. Heydər Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində iki ölkə arasında bağlılıqlar Azərbaycanın siyasətinin prioriteti oldu. Regional və beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında səmərəli əməkdaşlığın möhkəm təməli qoyuldu. Hazırda bu əməkdaşlıq BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA, Türk Dövlətləri Təşkilatı, EKO, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarda müvəffəqiyyətlə həyata keçirilir.

Azərbaycan-Türkiyə münasibətlərində Qarabağ məsələsi çox mühüm yer tuturdu. Ermənistanın Azərbaycana təcavüzünün ilk günlərindən, münaqişənin başlanğıcından Türkiyə istər ikitərəfli münasibətlərdə, istərsə də regional və beynəlxalq səviyyələrdə daim Azərbaycanın yanında oldu, onun beynəlxalq hüquq normalarına tam uyğun olan tələblərini yorulmadan ardıcıl şəkildə müdafiə etdi. Qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün daim ardıcıl təşəbbüslər göstərdi. Ümumiyyətlə, bir çox vacib məsələdə olduğu kimi, Qarabağ məsələsində də Türkiyə Azərbaycanı heç bir vaxt tək qoymadı. Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll edilməsi üçün əlindən gələn köməyi əsirgəmədi.

Türkiyənin dövlət və hökumət rəhbərlərinin Azərbaycana rəsmi və işgüzar səfərləri də müntəzəm xarakter alaraq iki ölkə arasında hərtərəfli münasibətlərin dərinləşməsinə böyük töhfələr vermişdir: 1995-ci ilin dekabrında Türkiyə Prezidenti Süleyman Dəmirəlin Azərbaycana rəsmi səfəri, Prezident Əhməd Necdət Sezərin 11-12 iyul 2002-ci il tarixdə Azərbaycana ilk xarici rəsmi səfəri zamanı mühüm sənədlər imzalandı. 8-9 dekabr 1998-ci il tarixdə böyük İpək yolunun bərpasına dair Bakıda keçirilən beynəlxalq konfransın işində Prezident Süleyman Dəmirəl də iştirak etdi. Ümumiyyətlə, Azərbaycan Respublikası bir çox sahədə olduğu kimi, qlobal iqtisadi layihələrin həyata keçirilməsində də Türkiyənin yaxından iştirakını ön plana çəkdi və indi də çəkməkdədir.

Azərbaycan Respublikasının neft strategiyası, Xəzər dənizinin enerji ehtiyatlarının dünya bazarına çıxarılması məsələsi Azərbaycan-Türkiyə qarşılıqlı əlaqələrində çox mühüm yer tutmaqdadır. Azərbaycan tərəfindən əsas ixrac boru kəməri marşrutunun müəyyən edilməsində Azərbaycanın və Türkiyənin mənafelərini tam əks etdirən qərarın qəbul edilməsi iki ölkə arasında qardaşlığın aydın ifadəsi idi. 18 noyabr 1999-cu il tarixdə ATƏT-in İstanbul zirvə toplantısında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri - Heydər Əliyev, Eduard Şevarnadze və Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzaladılar və "Şahdəniz" yatağından çıxarılan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Türkiyəyə nəqli üçün qaz boru kəmərinin inşası haqqında qərar qəbul etdilər.

Yuxarıda sözügedən saziş və qərarın həyata keçirilməsi işi uğurla davam etdirildi. Nəhayət, 13 iyul 2006-cı il tarixdə Bakı-Tbilisi-Ceyhan boru xəttinin açılışı oldu. 2007-ci il noyabrın 18-də isə "Şahdəniz" yatağından çıxarılan təbii qaz Avropa sərhədinə çatdırıldı. Bununla da Azərbaycanın təbii qaz qaynaqları Türkiyə-İtaliya-Yunanıstan təbii qaz boru xətti ilə birləşdirildi. Bu birləşmənin Azərbaycanın Avropa məkanına qovuşmasında mühüm rolu oldu.

Azərbaycan-Türkiyə münasibətlərində hərbi sahədə, ordu quruculuğunda əməkdaşlıq da yüksələn xətlə davam etdi. 1999-2002-ci illərdə imzalanan bir sıra sənədlər iki ölkə arasında əməkdaşlığın reallaşmasında mühüm rol oynadı. Bunun bir örnəyi olaraq 1999-cu ildə Azərbaycanın hərbi kontingentinin Türkiyənin hərbi hissələrinin tərkibində Kosovada sülhməramlı missiyanın yerinə yetirilməsində iştirakını qeyd edə bilərik. Hərbi əməkdaşlığa dair sənədlərin imzalanması sonrakı illərdə də davam etdirildi.

İlham Əliyevin 2003-cü ildən Azərbaycanın Prezidenti kimi fəaliyyəti Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilmiş daxili və xarici siyasət kursunun, o cümlədən Azərbaycan-Türkiyə əlaqələrinin uğurla davam etdirilməsiylə xarakterizə olundu. İlham Əliyevin 13-15 aprel 2004-cü il tarixdə Türkiyəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verdi. Azərbaycan Prezidentinin 27 may 2004-cü il tarixdə Türkiyədə Azərbaycan Dərnəkləri Federasiyasının Təsis Konfransının iştirakçılarına müraciətində deyilirdi: "Dost və qardaş Azərbaycan və Türkiyə dövlətlərini və xalqlarını bütün sahələrdə eyni məqsədlər, ortaq mövqe birləşdirib. Strateji məqsədlərin ümumiliyi, eyni mədəni-mənəvi dəyərlər, üst-üstə düşən milli maraqlar bütün sahələrdə səmərəli əməkdaşlıq üçün gözəl zəmin yaradır".

 Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına təkan verən daha bir əlamətdar hadisəni - Bakıda Atatürk Mərkəzinin yaradılmasını qeyd etmək yerinə düşər. 9 mart 2001-ci ildə Azərbaycanın paytaxtında Atatürk Mərkəzinin yaradılması haqqında sərəncam imzalandıqdan üç il sonra 2004-cü il aprelin 10-da mərkəzin təntənəli şəkildə açılışı oldu. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin çıxışında mərkəzin əhəmiyyəti, məqsəd və vəzifələri dəqiq şəkildə müəyyənləşdirildi: "...Heydər Əliyev türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq Atatürk irsinin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədi ilə 2001-ci il martın 9-da Azərbaycanda Atatürk Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır... Atatürk Mərkəzinin yaradıcısı və ilk fəxri sədri olan Heydər Əliyev bu sənədi imzalamaqla Azərbaycan ilə Türkiyə arasında tarixi əlaqələrin nə qədər sıx olduğunu bir daha nümayiş etdirdi... Elmi araşdırmalar və mədəniyyət təşkilatı olan bu mərkəzin əsas vəzifəsi Mustafa Kamal Atatürkün türk dünyasındakı yerini və rolunu, türkdilli xalqların tarixi və mədəniyyətini fundamental şəkildə hərtərəfli öyrənmək və bu xalqların zəngin irsini təbliğ etməkdir".

2007-ci il fevralın 7-də Tbilisi şəhərində üç dövlət (Azərbaycan, Gürcüstan və Türkiyə) arasında Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin layihəsi ilə bağlı sazişin imzalanması Azərbaycan və Türkiyə arasında münasibətlərdə növbəti əlamətdar hadisə oldu. Bu xətt Asiyanı Avropa ilə birləşdirəcəkdi. Sazişə əsasən, Bakı-Tbilisi-Qars istiqamətində 422 milyon dollara başa gələn 98 kilometr yeni dəmir yolu xətti (68 km Türkiyə, 30 km Gürcüstan ərazisindən keçməklə) çəkildi.

Azərbaycan Türkiyə münasibətlərinin səmərəli, uğurlu inkişafı türkdilli dövlətlər birliyinin möhkəmlənməsinə də müsbət təsir göstərdi. 2009-cu ilin oktyabr ayında Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) yaradıldı. Şuranın növbəti zirvə görüşləri 2012-ci ildə Bişkekdə keçirildi, üçüncü görüş isə 2013-cü ildə Bakıda keçirildi.

Azərbaycan ilə Türkiyə arasında ikitərəfli intensiv əlaqələr mədəniyyət, elm və təhsil sahələrində də özünü göstərir. Azərbaycanın və Türkiyənin ali təhsil müəssisələri arasında müntəzəm şəkildə həyata keçirilən təcrübə mübadilələri bu qardaş ölkələrin təhsil sisteminin daha da təkmilləşməsinə yönəlmişdir. Azərbaycan və Türkiyənin ali məktəblərində hər iki ölkənin vətəndaşları qarşılıqlı şəkildə təhsil almaqdadırlar.

15 sentyabr 2018-ci ildə Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik dəstələrindən azad olunmasının 100 illiyi təntənəli qeyd edildi. Paradda hər iki dövlət başçısı son dərəcə məzmunlu və əhatəli çıxış etdi. Paradda Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyini qorumaq əzmindədir və bu məsələdə heç nə ona mane ola bilməz.

Dövlətimizin başçısı bildirdi ki, bugünkü güclü dövlətimiz, güclü Silahlı Qüvvələrimiz bunun bir daha təsdiqidir və belə paradların çox da uzaq olmayan bir dövrdə artıq Xankəndi Şuşa və digər işğal olunmuş ərazilərimizdə keçiriləcəyinə heç bir şübhə yoxdur.

Dövlət başçısı eyni zamanda bəyan etdi ki, düz 100 il öncə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında döyüşərək Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. "Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaq" deyən dövlət başçımız qardaş Türkiyə ilə bugünkü əlaqələrə də nəzər saldı və bildirdi ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. "Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir" deyən cənab Prezident təkcə bu il Rəcəb Tayyib Ərdoğanla altı görüşünün olduğunu sözlərinə əlavə etdi. "İkisi Azərbaycanda, ikisi Türkiyədə, ikisi isə beynəlxalq tədbirlər çərçivəsində. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik" - deyə dövlət başçımız bildirdi. Həmcinin qardaş olkənin Prezidenti öz tarixi çıxışında dedi ki, Qafqaz İslam Ordusunun 1918-ci ildə burada həyata keçirdiyi əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyin təməlini qoyub. Cənab Ərdoğan sonra vurğuladı ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə olması heç də təsadüfi deyil. "Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik. Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır..." deyən qardaş ölkənin rəhbəri Qarabağ məsələsində də hər zaman ölkəsinin Azərbaycanın yanında olduğunu və bundan sonra da olacağını açıq şəkildə bəyan etdi.

Azərbaycan Türkiyə sarsılmaz qardaşlığı və hərtərəfli əməkdaşlığı növbəti dəfə 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünü parlaq şəkildə göstərdi. Qardaş ölkənin bizə verdiyi hərbi, siyasi və mənəvi dəstək bir daha göstərdi ki, ən çətin məqamlarda belə qardaş ölkə daim yanımızdadır və bütün imkanları ilə bizi müdafiə edir.

Qardaşlığımızın daha bir bariz nümunəsi tarixi Zəfərdən sonra 2021-ci il iyunun 15-də işğaldan azad olunmuş qədim Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsidir. Bu bəyannamə ilə ölkələrimiz arasında müttəfiqlik münasibətləri yeni, ən yüksək strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır.

Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələ öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. "Cənub qaz dəhlizi"nin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".

Beləliklə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun qardaş Türkiyə ilə hərtərəfli əlaqələrinin yüksələn xətlə inkişaf etməsi, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə xidmət etməsi inkarolunmaz həqiqətdir. Sözügedən əlaqələrin Azərbaycanın siyasi-iqtisadi, sosial-mədəni, hərbi sahələrdə qüdrətinin artmasına, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin güclənməsinə yardım edəcəyi şübhə doğurmur.

Gövhər BAXŞƏLİYEVA,

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik

“Azərbaycan qəzeti”

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023