Oct 27, 2023 | 15:42 Konfranslar, iclaslar
Oktyabrın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Osmanlıdan – Cümhuriyyətə: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Rühəngiz Cümşüdlü bu il Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini və bununla əlaqədar Şərqşünaslıq İnstitutunda bir sıra tədbirlərin keçirildiyini bildirib. Həmin tədbirlər barədə məlumat verən R.Cümşüdlü onların sırasında hazırda keçirilən “Osmanlıdan – Cümhuriyyətə: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə” mövzusunda elmi seminarın da xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
Seminarda Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Tofiq Məlikli “Osmanlıdan – Cümhuriyyətə: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə” mövzusunda məruzə edib. Məruzədə Osmanlıdan Cümhuriyyətə qədərki dövr tarixinin xronoloji təsviri verilib, ilk qərbyönümlü ədəbiyyatın formalaşmasından, Tənzimat dövrü ədəbiyyatından, Əbdülhəmid dövrünün idarəçiliyinin şair və yazıçılara təsirindən bəhs edilib. Məruzəçi Milli qurtuluş dövrünü yaradan səbəblərdən, zəifləyən Osmanlıdan, eləcə də Türkçülük hərəkatından, Atatürkün öndərliyində qurulan Türkiyə Cümhuriyyətinin əsaslarından danışıb.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.