Oct 26, 2023 | 11:36 Mühüm hadisələr
Ötən ilin yanvar ayında AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Lahor Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Araşdırma Mərkəzinin açılışı olub.
Açılış mərasimində Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Lahor Dövlət Kollec Universitetinin prorektoru, professor Əsgər Zaidi, universitetin Urdu dili şöbəsinin müdiri, professor Saima İram, Beynəlxalq əlaqələr üzrə məsul şəxs Almas Xanım, eləcə də Pakistandan və Azərbaycandan olan digər mötəbər qonaqlar iştirak ediblər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli və həmin institutun İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə isə tədbirə onlayn olaraq qatılıblar.
Açılış mərasimində qeyd olunub ki, “Otaq-e-Azeri” adlandırılmış bu mərkəz Pakistanın Lahor Dövlət Kollec Universitetinin Urdu Bölməsində Azərbaycan-Urdu Araşdırma Mərkəzi kimi təkmilləşdirilmiş və iki qardaş xalq olan Pakistan və Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı baxımından daha geniş məqsədlərə xidmət etmək üçün təsis olunmuşdur.
Tədbirdə çıxış edən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov Mərkəzin açılışı münasibətilə Pakistan və Azərbaycan xalqını təbrik edib. Bildirib ki, hər iki ölkənin ədəbi və elmi əlaqələrinin gücləndirilməsinə xidmət edən bu mərkəz Azərbaycan və Pakistan arasındakı bağları gücləndirmək baxımından əhəmiyyətlidir.
Professor Əsgər Zaidi mərkəzin növbəti illərdə öz fəaliyyətini genişləndirməsini və onun təkcə Pakistanın Lahor Dövlət Kollec Universitetinin tələbələri üçün deyil, bütün pakistanlı və azərbaycanlı tədqiqatçılar üçün mədəni və təhsil mərkəzinə çevrilməsini arzu edib. O, Azərbaycan-Urdu Araşdırma Mərkəzinin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən unikal bir tədqiqat mərkəzi olacağına əminliyini ifadə edib.
Mərkəzin direktoru, professor Saima İram bu təşəbbüsün reallaşdırılmasında akademik İsa Həbibbəylinin xidmətlərini xüsusi vurğulayıb. O, bildirib ki, bu il mərkəzdə Almas Xanımın “Muraqa Nizami Gəncəvi” və Həmmad Niazinin “Şəhid-e vətən” adlı iki kitabının nəşr olunması nəzərdə tutulub.
Qeyd olunub ki, AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasındakı əməkdaşlıq çərçivəsində 2023-cü ilin noyabr ayında professor Könul Bünyadzadə, dekabrda isə tarix elmləri doktoru Eynulla Mədətli Mərkəzə, 2024-cü ildə isə professor Saima İram, Safeer Hayder və Almas Xanım AMEA-ya səfər edəcəklər.
Diqqətə çatdırılıb ki, Azərbaycan-Urdu Araşdırma Mərkəzində çoxlu sayda konfrans, seminar və mədəniyyət festivallarının keçirilməsi planlaşdırılır.
Professor Saima İram akademik İsa Həbibbəylini və bütün komandasını Lahor Dövlət Kollec Universietində keçiriləcək konfranslarda, mədəni və elmi fəaliyyətlərdə iştirak etməyə dəvət edib.
Sonda çıxış edən universitetin İslamın tədrisi və şərq dilləri fakültəsinin dekanı Sultan Şah açılış mərasimində iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib.
Mərasimin sonunda səfir Xəzər Fərhadov mərkəzə kitablar, suvenirlər və Azərbaycan Bayrağı hədiyyə edib. Həmçinin professor Əsgər Zaidi və onun komandasına xatirə hədiyyələri təqdim olunub.