Oct 31, 2023 | 10:30 Yeni nəşrlər
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkan Mehdiyevanın “Görkəmli Suriya yazıçısı Ğadət əs-Səmman yaradıcılığının Azərbaycan ədəbiyyatı kontekstində təhlili” adlı məqaləsi Ukraynada “Scientific notes of V.I.Vernadsky Taurida National University” jurnalının filologiya və jurnalistika seriyasında ingilis dilində dərc olunub.
Məqalədə görkəmli Suriya ədibi Ğadət əs-Səmmanın Azərbaycan ədəbiyyatı ilə birbaşa və dolayısı ilə əlaqələrindən söz açılır. İlk növbədə yazıçının əsərlərinin dilimizə çevrilməsi və tədqiqi məsələləri ön plana çıxarılır. Belə ki, hər bir yazıçının əsərinin başqa dilə çevrilməsi və tədqiqi onun yaradıcılığında mühüm mərhələ təşkil edir. Məqalədə Ğadət əs-Səmmanın əsərlərinin Azərbaycan dilinə çevrilməsi və tədqiqinin xüsusi əhəmiyyətə malik olduğu qeyd olunur. Eyni zamanda, məqalədə Ğadət əs-Səmmanın yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı paralelliklərindən bəhs olunur. Ədəbiyyatlarımızın qarşılıqlı əlaqəsi, daha çox ərəb poeziyasında məşhur olan əruz vəzninin Azərbaycan poeziyasında da işlək olmasının bu yaxınlığın təməllərindən sayıla bilməsinə də toxunulur. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin üç dildə yazması, Məhəmməd Füzulinin üç dildə divan yaratması ərəb-Azərbaycan ədəbi əlaqələrinin inkişafı üçün etibarlı zəmin yaratmışdır. Vaxtilə Azərbaycanda şərqşünaslığın inkişafında çox mühüm işlərin aparılması, əsasən ərəb filologiyası məsələlərinin bu kontekstdə öyrənilməsi mühüm əhəmiyyətə malik hadisədir. Məqalədə bu kimi mətləblərə işıq tutulur, yazıçının əsərləri bizim ədəbiyyatın kontekstində qarşılıqlı surətdə araşdırılır.