AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda elmi sessiya keçirilib
Oct 25, 2023 | 18:40 Konfranslar, iclaslar

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda elmi sessiya keçirilib.

Sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva hər bir azərbaycanlının qəlbində yeri olan, 28 il işğalda qalandan sonra 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunan Şuşa şəhərinin bütövlükdə Türk dünyası üçün böyük əhəmiyyəti olduğunu deyib.

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini xatırladan akademik G.Baxşəliyev ötən il dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı tədbirlərin həyata keçirilməsi haqqında Sərəncam imzaladığını qeyd edib. Sərəncama uyğun Şərqşünaslıq İnstitutunda da bir sıra tədbirlərin həyata keçirildiyini söyləyən akademik G.Baxşəliyeva hazırda keçirilən elmi sessiyanın bu istiqamətdə mühüm addımlardan olduğunu bildirib.

Daha sonra sessiyada məruzələrə başlanıb. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Şuşada 1905-ci il soyqırımları (epiqrafik abidələr əsasında)” mövzusunda məruzə edib. Məruzədə 1905-1906-cı illərdə mütəşəkkil erməni silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhər və bölgələrində dinc azərbaycanlı müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlardan söhbət açılıb, bu soyqırımların baş verdiyi şəhərlərdən birinin də Şuşa olduğu qeyd edilib. Elnur Mustafayev cari ilin iyun-iyul aylarında elmi tədqiqat məqsədi ilə Şuşa şəhərinə ziyarət edərkən aşkarladığı epiqrafik abidələrdə bu dəhşətli cinayətlərin əks olunduğunu müəyyən edib. Belə ki, onun aşkarladığı bəzi məzar daşlarında ərəb və fars dillərində ermənilərin azərbaycanlı dinc müsəlman əhalini qətlə yetirdiyi haqda məlumatlar həkk olunub.

İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Qarabağlı xanzadələrin bədii yaradıcılığında siyası notlar” mövzusunda məruzəsində ilk dəfə olaraq Cavanşirlər nəslindən olan şairlərin ikidilli bədii yaradıcılığında çar Rusiyasının işğalından sonrakı Qarabağa münasibətdən bəhs edib. Məruzədə XIX yüzilliyin görkəmli şairlərindən biri olan Qasım bəy Zakirlə yanaşı, Cəfərqulu xan Nəva və Mehdiqulu xan Vəfanın yaradıcılığında yeni üsuli-idarəyə keçmiş Qarabağa tənqidi baxışa diqqət çəkilib, ümumiyyətlə, Qarabağın xanlıq statusunun ləğvinin Cavanşirlərdən olan şairlərə yaşatdığı ruhi sarsıntı, xanlıq dövrü ilə bağlı nisgilli yaşantı, yeni üsuli-idarəyə gizli və ya açıq etirazın poetik ifadələri faktiki material əsasında təhlil olunub.

İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova “Şuşa ziyalıları” mövzusunda məruzəsində Qarabağın görkəmli şəxsiyyətləri Həmidə xanım Cavanşir-Məmmədquluzadənin həyatı, xeyirxahlığı haqqında söhbət açılıb, bundan başqa görkəmli alim Xudu Məmmədovun fəaliyyəti, Azərbaycan elminə verdiyi töhfələr haqqında danışılıb, tanınmış dünya alimləri ilə müqayisəsi aparılıb.

Elmi sessiyanın sonunda məruzələr ətrafında çıxışlar olub, suallar cavablandırılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023