Oct 24, 2023 | 17:38 Mühüm hadisələr
Ulu Öndər Heydər Əliyevin Vətən, xalq, Türk dünyası qarşısında çoxsaylı xidmətinin ən böyüyü özündən sonra qurub yaratdıqlarını qoruyan, inkişaf etdirən, açdığı cığırları yollara çevirən, başladığı layihələri uğurla başa çatdıran, ən başlıcası isə ata vəsiyyətini həyata keçirən İlham Əliyev kimi bir lideri yetişdirməsi və Azərbaycanı ona etibar etməsidir. İlham Əliyev hər addımı, hər qərarı ilə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olduğunu sübut edir. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev xalqa müraciətində böyük uzaqgörənliklə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu barədə açıqlamasında AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu söyləyib.
“Hər birimiz Ümummilli Liderin yüksək etimadını doğruldan İlham Əliyevin ölkəmizi dünyaya tanıtdığının, əslində 44 günlük Vətən müharibəsindən əvvəl də məhz bu yöndən qazandırdığı qələbələrin şahidi olmuşuq. Azərbaycanın adını gündəmdən düşürməyən respublika rəhbərliyi bir-birinin ardınca müxtəlif beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə nail olmaqla Azərbaycanın etibarlı, böyük layihələr həyata keçirməyə qadir dövlət olduğunu göstərdi və bununla da tərəfkeşlərimizin sayını artırdı. Hələ 2003-cü ildə ilk dəfə ölkə Prezidenti seçilərkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” deyən İlham Əliyevin müdrik rəhbərliyi ilə görülən işləri dünyada yaşayan, özəlliklə də müxtəlif rejimlərdən əziyyət görən soydaşlarımız dərk edir, sülhün və əmin-amanlığın hökm sürdüyü məkana çevrilmiş, iqtisadi göstəricilərinə görə daim qüdrətlənən Azərbaycan dövləti ilə fəxr edir, qürur duyurlar.
2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, habelə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi və digər tarixi məqamlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticəsidir. Bu uğurların zirvə nöqtəsi isə Vətən müharibəsindəki parlaq qələbəmizdir. Bu qələbəni əsgər və zabitlərimiz döyüş meydanında, İlham Əliyev həm Ali Baş Komandan kimi, həm Azərbaycan Respublikasının Prezidenti, siyasi lider kimi, həm də ata nəsihətini, vəsiyyətini yerinə yetirən layiqli bir övlad kimi qazandı”, - deyə Güllü Yoloğlu vurğulayıb.
Tarix İnstitutunun şöbə müdiri diqqətə çatdırılıb ki, bu il sentyabr ayının 19-da başladılan, cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri Vətən müharibəsinin uğuruna uğur qatdı, Ağdərə, Xocalı, Xankəndidə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi. Bütün bunlar Ali Baş Komandanın uzaqgörən siyasətinin nəticəsidir. Məhz bu siyasətin nəticəsində ordumuzda şəxsi heyət və texnika baxımından bir çox itkilərin qarşısı alındı. Müharibədən çıxmış, ermənilərin xarabalığa çevirdikləri şəhər və kəndləri bərpa edən, yenidən quran ölkə üçün bunun əhəmiyyəti çox böyükdür.
“Vətən müharibəsindəki parlaq Qələbəmiz nəinki dünya dövlətlərinin, türk xalqlarının, eləcə də Azərbaycandan kənarda, 5 qitədə yaşayan 50 milyondan çox soydaşımızın Ali Baş Komandana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə inamını, ümidini, güvənini artırdı. Artıq Yer kürəsinin harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı anlayır ki, onun bir dövləti, bir bayrağı, bir Prezidenti var... Son vaxtlar İraq türkmanlarına göstərilən diqqət və qayğı da bu soydaşlarımızın “gözdən uzaq” olsalar da, könüldən iraq olmadıqlarını göstərir.
Əlbəttə ki, Qarabağ qələbəsinə gedən yol uzun və çətin olub. Dövlətimizin başçısı iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Qarabağ məsələsini dilə gətirir, Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini, beynəlxalq münasibətlərdə dövlətin prioritetlərinin yalnız milli maraqlarla müəyyən olunacağını, bizə hansısa yarımçıq sülh müqaviləsinin lazım olmadığını dünya ictimaiyyətinə çatdırır, bununla da göstərirdi ki, bu problem gec-tez sülh yolu ilə olmasa, hərbi yolla həllini tapacaq. Azərbaycan iqtidarı verdiyi vədlərə sadiq olduğu üçün deyilən sözlər əməllə möhkəmləndirilirdi. Həm Ümummilli Lider Heydər Əliyev, həm də Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi gücün artırılmasına hazırlıq və siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt kimi yanaşırdılar.
Bu gün Azərbaycanın iqtisadi və hərbi gücü bölgədəki siyasəti kökündən dəyişib. Ölkəmizə qarşı daim ikili mövqedə dayanan bir sıra dövlətlər belə artıq Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla barışmaqdan başqa yollarının qalmadıqlarını anlayırlar. Ermənistanın ən yaxın hərbi müttəfiqi hesab olunan Rusiya ilə Azərbaycan arasında ötən ilin fevralında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması Ermənistanın ölkəmizə qarşı düşmənçilik siyasətində heç kimə arxalana bilməyəcəyinin növbəti sübutu oldu. Qonşu İran da artıq son aylarda ölkəmizlə bağlı siyasətində düzəlişlər edərək, bu günlərdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan rəsmilərinin iştirakı ilə keçirilən “3+3” formatının nazirlər səviyyəsində birinci görüşünə ev sahibliyi etdi.
Heç şübhəsiz ki, regionumuzdakı yeni siyasi konfiqurasiyanı bütün bölgə dövlətlərinin qəbul etməsindən sonra Fransa kimi uzaqdan hay-küy salanların da sakitləşməkdən başqa çarəsi qalmır. Bütün bunlar müdrik siyasətçi, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Cənubi Qafqazın taleyini dəyişən, onun sülh, əməkdaşlıq və inkişaf məkanına çevrilməsinin əsasını qoyan, gələcək parlaq tarixinin ilk səhifələrini yazan siyasətinin nəticəsidir”, - deyə Güllü Yoloğlu fikrini yekunlaşdırıb.