AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Cənubi Qafqaz: mövcud vəziyyət və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib
Oct 19, 2023 | 16:40 Konfranslar, iclaslar

Oktyabrın 19-da AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Cənubi Qafqaz: mövcud vəziyyət və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərmizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açaraq “Cənubi Qafqazda yeni reallıqlar” mövzusunda məruzə edib. O qeyd edib ki, Azərbaycan dövləti müstəqillik dövründə Prezident İlham Əliyevin rəhbərliyi altında tarixinin ən parlaq dövrünü yaşayır. Məruzədə Ali Baş Komandan İlham Əliyevin liderliyində Qarabağda qazanılan qələbədən sonra Cənubi Qafqazda yaranmış reallıqlar təhlil edilib.

Konfransda AMEA-nın bir sıra institutları, Azərbaycan, Türkiyə, Rusiya və Çindən olan 90-dan çox alim və tədqiqatçının Cənubi Qafqazda dövlətlərarası münasibətlər, böyük və qonşu dövlətlərin region siyasəti, dövlətləri və beynəlxalq təşkilatlar, enerji, kommunikasiya layihələri, sülh, təhlükəsizlik və əməkdaşlıq məsələləri və digər məsələlər üzrə məruzələri 6 bölmə iclasında dinlənilib və müzakirə edilib.

Sonda yekun dəyərləndirmə aparılıb.

Qeyd edək ki, Qafqazşünaslıq İnstitutu 2017-ci ildən bəri 4 beynəlxalq forum, 7 respublika elmi konfransı keçirib, məruzələr və tezislər nəşr edilib. İnstitutun alimlərinin əsərləri yüksək reytinqli beynəlxalq elmi jurnallarda dərc olunub. İnstitutun üç dildə nəşr olunan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı iki beynəlxalq indeksə daxildir. İnstitutun Azərbaycan, rus və ingilis dillərində veb-saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023