Oct 19, 2023 | 13:45 Konfranslar, iclaslar
Oktyabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının AMEA Rəyasət Heyəti aparatı üzrə ilk ərazi partiya təşkilatının iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon AMEA Rəyasət Heyəti üzrə ilk ərazi partiya təşkilatının sədri, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, partiya fəalları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli AMEA-nın YAP təşkilatları, xüsusilə Yasamal rayon təşkilatı ilə sıx əməkdaşlıq etdiyini, mütəmadi birgə tədbirlərin keçirildiyini söyləyib. Qeyd edib ki, AMEA Ulu Öndərin ideallarını, Prezident İlham Əliyevin son 20 ildə əldə etdiyi möhtəşəm uğurları və Yeni Azərbaycan Partiyasının çağırışlarını təbliğ etməyi özünün şərəfli borcu hesab edir.
Əsas təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın Prezident İlham Əliyevin liderliyində hərbi, iqtisadi, elmi, mədəni, təhsil və digər bir çox sahələrdə öz inkişafının ən yüksək mərhələsinə çatdığını deyən akademik İsa Həbibbəyli bu gün Azərbaycanın adının dünyanın inkişaf etmiş ölkələri, Prezident İlham Əliyevin adının isə dünya liderləri ilə bir sırada çəkildiyini söyləyib. Vurğulayıb ki, Prezident İlham Əliyev “Sözümüz imzamızdır” deyərək son 20 ildə qarşıya qoyduğu bütün hədəflərə ən yüksək səviyyədə çatmaqla, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi, ölkəmizi iqtisadiyyatı güclü, neftdən asılı olmayan dövlətə çevirdi, qeyri-neft sektorunun dövlət büdcəsindəki payı ildən-ilə genişləndi və bu proses hazırda da davam edir.
Son illərdə Prezident İlham Əliyevin liderliyində ölkəmizin beynəlxalq müstəvidə rolunun artdığını deyən AMEA rəhbəri Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini, dövlət başçısının təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı xüsusi sessiyasının çağırıldığını, ümumdünya miqyaslı qərarların qəbul olunduğunu söyləyib.
AMEA prezidenti, həmçinin Ali Baş Komandanın liderliyində Azərbaycan ordusunun ən qısa müddətli və ədalətli müharibəni uğurla həyata keçirdiyini, düşmənin 30 illik işğalına son qoyulduğunu, 15 oktyabrda Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması ilə ərazi bütövlüyümüzün tam bərpa edildiyini və Prezident İlham Əliyevin adının Azərbaycan tarixinə ədəbi olaraq qızıl hərflərlə yazıldığını vurğulayıb.
Akademik İsa Həbibbəyli YAP Yasamal rayon təşkilatı ilə əlaqələrin bundan sonra da uğurla davam etdirilməsi və gücləndirilməsi üçün zəruri dəstəyin veriləcəyini söyləyərək təşkilatın sədri Bəxtiyar Nəbiyevə “Şuşa” kitabını hədiyyə edib.
Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edib. Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” sözlərini xatırladan Bəxtiyar Nəbiyev ideoloji işin və partiya sıralarının genişlənməsi istiqamətində tədbirlərin bundan sonra da uğurla yerinə yetiriləcəyini bildirib.
Prezident İlham Əliyevin Ulu Öndərin ideyalarını uğurla həyata keçirdiyini deyən sədr ilk növbədə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini, dövlət başçısının da dediyi kimi, bu qələbənin Azərbaycan əsgərinin, zabitinin qəhrəmanlığı sayəsində əldə olunduğunu vurğulayıb.
Sonra çıxış edən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev rəhbərlik etdiyi müəssisədə dövlət başçısının tapşırıqlarından irəli gələrək həyata keçirilən tədbirlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan arxeoloji tədqiqatlar barədə məlumat verib. Son aylarda müəssisədə yeniləşmə prosesinin getdiyini, kadr potensialına xüsusi diqqət yetirildiyini deyib və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu üzrə YAP ərazi ilk partiya təşkilatının aktiv fəaliyyət göstərməsi üçün zəruri dəstəyin veriləcəyini bildirib.
İclasda ərazi partiya təşkilatlarına seçkilər də keçirilib. Aynur Günəşli YAP Yasamal rayon təşkilatının AMEA Rəyasət Heyəti aparatı üzrə ərazi partiya təşkilatının sədrinin müavini, Bəxtiyar Cəlilov isə YAP Yasamal rayon təşkilatının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri seçilib.
Həmçinin iclasda AMEA-nın İctimai Elmlər Bölməsinin elmi katibi Zümrüd Mənsimovaya və AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdir müavini Sevil Adıgözəlovaya Yeni Azərbaycan Partiyasına yeni üzvlük vəsiqələri təqdim olunub.
Sonda çıxış edən akademik İsa Həbibbəyli bundan sonra da ölkə başçısının, dövlətçiliyimizin və Yeni Azərbaycan Partiyasının çağırışlarından irəli gələrək AMEA-nın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və məsuliyyətlə gələcəyini bildirib.