AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Fəlsəfə və Sosiologiya İnstitutunda YAP fəalları ilə görüş keçirilib
Oct 19, 2023 | 12:22 Görüşlər

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev  AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutununda partiya fəalları ilə görüşüb.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri Sənan Həsənov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, partiya fəalları iştirak edib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru İlham Məmmədzadə görüş iştirakçılarını salamlayaraq qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Partiyanı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib.

Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Azərbaycan Prezidenti, partiyanın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev öncə 15 oktyabr 2023-cü il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xocalı, Ağdərə, Əsgəran, Xocavənd və Xankəndində dövlət bayrağımızı ucaldılması münasibətilə bütün görüş iştirakçılarını səmimi qəlbdən təbrik edib.

Qeyd olunub ki, bu müqəddəs missiyanın Ümummilli Lider Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz “Heydər Əliyev İli”ndə, Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə həyata keçirilməsi xüsusilə əlamətdardır. B.Nəbiyev qeyd edib ki, post-müharibə dövrünün reallıqlarına uyğun olaraq, siyasi inkişafa xidmət edən islahatların aparılmasını, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunmasını, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyini daha da gücləndirməsini, Böyük Qayıdışın həyata keçirilməsini, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsini və bu kimi milli məqsədlərin yaradıcısı Ümummilli Lider Heydər Əliyev və layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası tərəfindən strateji prioritetlər kimi müəyyənləşdirililib.

Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edən B.Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu.

Çıxış edən "H.Cavid pr. 115" (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sənan Həsənov qeyd edib ki, bütün partiya üzvlərimiz mütərəqqi və qalib ideologiyanın ətrafında birləşdiklərindən fəxarət hissi yaşayırlar. Tam və qəti  qələbənin fəlsəfəsində də siyasi liderin iradəsi və ideologiyanın gücü dayanır. Bu baxımdan yeni reallıqlar və çağırışlar partiya üzvü olan alimlərin fəaliyyət istiqamətlərində mühüm istiqaməti təşkil edir və  bundan sonra da daha mühüm vəzifələr qarşımızda dayanır. Ərazi partiya təşkilatında birləşən üzvlərimiz bundan sonra da Cənab Prezident İlham Əliyevin ətrafına səfərbər olacaqdır.

Səmimi söhbət əsnasında partiya fəalları - Əli İbrahimli, Füzuli Qurbanov, Hüseyn İbrahimov, Əhməd Məmmədov, Qabil Camalov və 44 günlük Vətən müharibəsi iştirakçısı Radif Mustafayev çıxış edərək qeyd ediblər ki, 44 günlük Zəfər savaşında Azərbaycanın hərbi və diplomatik qüdrəti ilə təmin olunan ərazi bütövlüyümüz ölkəmizin iqtisadi gücünün nümayişi olaraq işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq- quruculuq işləri fonunda bütün dünyaya təqdim olunur. Prezident  cənab İlham Əliyevin bu bölgədə aparılan işləri birbaşa nəzarətdə saxlaması həmin prosesdə uğurun başlıca təminatıdır. Qeyd olunub ki, cari ilin oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılanır.

Sonda xatirə şəkli çəkilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023