Oct 18, 2023 | 11:43 Mühüm hadisələr
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda çar müstəmləkə rejiminə qarşı milli azadlıq hərəkatının yeni mərhələsi başlandı. Müstəmləkə rejiminin bütün qadağalarına rəğmən, milli dövlətçilik prosesində çox ciddi addımlar atıldı. Azərbaycanda başlayan maarifçilik və siyasi-ideoloji hərəkat XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılarımız tərəfindən daha da inkişaf etdirilərək milli dövlətçilik yolunda ciddi siyasi və ideoloji təməllərin əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin “Milli istiqlala malik olmayan bir millət hürriyyət və mədəniyyətini də hifz edə bilməz”, - deyərək, “İnsanlara hürriyyət, millətlərə istiqlal” siyasi-ideoloji formulunu irəli sürməsi istiqlaliyyət yolunda aparılan mübarizədə avanqard rolunu oynamışdı. Məhz bunun nəticəsində 1918-ci ilin may ayının 28-də türk-müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.
Bu fikirləri açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi dosent Mübariz Ağalarlı Müstəqilliyin Bərpası Günü haqqında deyib. O bildirib ki, 1918-ci ildə Cümhuriyyətin qəbul etdiyi “İstiqlaliyyət Bəyannaməsi”ndə əks olunan əsas prinsiplər milli mahiyyət daşıyan dünyəvi modern dövlətin bütün atributlarını özündə ehtiva edirdi. “Bəyannamə”də əks olunan dünyəvi xarakterli siyasi və hüquqi atributlar, demokratik idarəçilik sistemi, dövlətlər və xalqlararası mehriban qonşuluq və əməkdaşlığın prioritet məsələ kimi ön plana çıxarılması, milliyyətindən, məzhəbindәn, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarını siyasi və vətəndaşlıq hüququ ilə təmin etməsi kimi məsələlər Azərbaycan Xalq Cümhuriyyətinin milli, dünyəvi, tolerant dəyərlər üzərində qurulmasını bir daha təsdiq edir:
“AXC-nin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün ölüm-dirim mübarizəsi aparan Cümhuriyyət qurucularının böyük səylərinə baxmayaraq, 23 ay müddətində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olundu. Bu işğal Azərbaycan dövlətçiliyinin siyasi təsisatlarına və xalqımızın milli-mənəvi dəyərlərinə ciddi zərbə vursa da, dövlətçiliyimizin təməllərini, xüsusilə də istiqlaliyyət məfkurəsini tamamilə məhv edə bilmədi.
Məhz bunun nəticəsi olaraq XX əsrin sonlarında Azərbaycanda bolşevik Rusiyasına qarşı başlayan milli-azadlıq hərəkatı nəticəsində Azərbaycan öz müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz istiqlaliyyətini qazandı. Bu sənəddə qeyd olunurdu ki, “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək... Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir”. Bununla da müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və hüquqi varisi kimi milli dövlətçiliyimizin bütün atributlarına sahib çıxdı”.
Mübariz Ağalarlı Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ciddi şəkildə xarici təhdidlər və daxili siyasi böhranla qarşı-qarşıya qaldığını söyləyib. Bildirib ki, yenicə istiqlaliyyətini qazanmış milli dövlətçiliyimizə qarşı törədilən sui-qəsdlər nəticəsində Qarabağ bölgəsi erməni işğalçıları tərəfindən qəsb olundu: “Bu təhdidlərə rəğmən həmin dövrdə Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bilsə də təəssüf ki, işğal olunmuş ərazilərini düşmən əsarətindən azad edə bilmədi.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın daxili və xarici siyasətində həlledici dönüş baş verdi. Ulu Öndərin hakimiyyəti dövründə, ilk növbədə, separatizmin kökü kəsilərək ölkədə siyasi sabitlik yaradıldı. Həmçinin müstəqil Azərbaycan Respublikasının dövlət təsisatlarının formalaşdırılması, əsası qoyulan uğurlu diplomatiya və xarici siyasət istiqamətləri uzun illər boyu itirilən torpaqlarımızın geri qaytarılması üçün münbit zəmin hazırladı. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın güclü bir dövlətə çevrilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, xarici siyasətdə qazanılan uğurlar, həmçinin Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının bütün sahələrdə dinamik inkişafına nail olması yeni bir mərhələnin əsasını qoyaraq tariximizin dönüş nöqtəsinə çevrildi. Artıq 200 illik bir tarixi dönəmdə zorla qoparılaraq əlimizdən alınan Vətən torpaqlarının geri qaytarılması zamanı yetişmişdi. II Qarabağ savaşı – Vətən müharibəsi bu tarixi dönüşün – itirilmiş torpaqların geri qaytarılmasının başlanğıcı oldu.
2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874, 884 saylı qətnamələr-red) və BMT-nin sülhməramlı missiyasının sülhə məcburetmə prinsipini əsas götürərək beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünü həyata keçirdi. Azərbaycan Ordusunun rəşadəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və uğurlu diplomatik fəaliyyəti ilə Azərbaycan dövləti 30 ilə yaxın bir dövrdə işğal altında olmuş əraziləri azad edərək ərazi bütövlüyünü bərpa etdi. Eyni zamanda, bu Qələbə ilə uzun illər Cənubi Qafqazda və Qarabağ bölgəsində kök salmış erməni terrorizminə ağır zərbə vuruldu.
2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda erməni separatizminin və terrorçu birliklərinin birdəfəlik kökünün kəsilməsi məqsədilə həyata keçirilən antiterror tədbirləri 23 saat 43 dəqiqə müddətində böyük uğurla başa çatdı. Azərbaycan Respublikası II Qarabağ savaşında qazandığı tarixi Qələbə ilə bərpa etdiyi ərazi bütövlüyü üzərinə yeni bir qələbə də əlavə edərək bütün Azərbaycan hüdudları çərçivəsində öz suverenliyini tam şəkildə bərpa etmiş oldu.
Artıq Azərbaycanın bütün ərazilərində olduğu kimi, Xankəndi şəhərində də üçrəngli bayrağı dalğalanmaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusunun Qarabağda qazandığı bu Zəfər itirilmiş tarixi torpaqlarımızın qaytarılmasının təməllərini atmaqla yanaşı, Azərbaycan xalqının gələcək nəsillərinə bir əbədi müstəqillik müjdəsi vermiş oldu. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Müstəqilliyimiz, əbədidir, daimidir, dönməzdir”.