AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Elmi tərəqqinin təminatçısı
Oct 18, 2023 | 13:00 Mühüm hadisələr

Elm - insan zəkasının ən böyük nailiyyəti, millətin varlığını şərtləndirən əsas amillərdən biridir. Hər bir dövlətin inkişafının əsasında onun elmi, intellektual kapitalından düzgün istifadə etməsi və bunun sayəsində əldə etdiyi yüksək nailiyyətlər durur. Dünyanın ən inkişaf etmiş dövlətlərinin bu gün iqtisadi-siyasi proseslərdə oynadığı fövqəlmissiyanı da təmin edən amil onların elmdə qazandığı nailiyyətləri və bunu ölkənin müxtəlif sahələrində müvəffəqiyyətlə tətbiq etmələri durur.

Ümummilli Lider Heydər Əliyev vurğulayırdı ki, XXI əsrdə yalnız yüksək elmi potensiala və elm tutumlu texnologiyaya malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq. Ulu Öndərin bu fikri elmi-texniki inqilabın ən yüksək mərhələsini yaşayan dünyamızda öz aktuallığını hər gün göstərir. Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev son iyirmi ildə Azərbaycana rəhbərlik edərək, digər sahələr kimi elmdə də böyük uğurlara imza atıb.

Bu fikirləri açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva söyləyib.

Akademik qeyd edib ki, elm sahəsində dövlət siyasətinin əsas istiqamətləri Prezidentin 2009-cu il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da və onu həyata keçirmək üzrə Dövlət Proqramında əks olunub. Sənədlərdə elm sahəsi ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqaməti kimi müəyyənləşdirilib. Elmin inkişafı üzrə Milli Strategiya Azərbaycanda fundamental tədqiqatların prioritetlərini ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, elm və texnika sahəsində idarəetmə sistemini, elmi-tədqiqat müəssisələrinin və bütövlükdə elmi maliyyələşdirmə mexanizmlərini təkmilləşdirmək, elmi-texniki infrastrukturu modernləşdirmək, elmin normativ-hüquqi bazasını yaratmaq məsələlərini əhatə edib. Strategiyada, həmçinin yüksəkixtisaslı elmi kadrlar hazırlamaq, elmi mərkəzlərin qorunmasına, varisliyin təmin edilməsinə nail olmaq, elmin, təhsilin, istehsalatın inteqrasiyasını təmin etmək, elmin informasiya təminatını, beynəlxalq elmi əlaqələri gücləndirmək, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasını təmin etmək, elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsini artırmaq, fundamental elmlər üzrə tədqiqatları genişləndirmək, ölkəni texnoloji cəhətdən modernləşdirmək, elmi potensialın ölkənin müdafiə və milli təhlükəsizliyində fəal iştirakına nail olmaq, milli-mənəvi dəyərləri qorumaq kimi məsələlər əksini tapıb.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da ölkəmizin gələcək inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi üçün olduqca mühüm sənəd idi. Əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq olan bu sənəd ölkəmizin mövcud inkişaf səviyyəsindən çiçəklənən sabaha gedən yolun başlanğıcı və bünövrəsi idi, çünki böyük hədəflərə çatmaq üçün ölkəmizdə bütün imkanlar, o cümlədən sarsılmaz siyasi iradə var idi.

AMEA-nın illik hesabat yığıncaqlarından birində ölkə Prezidenti Azərbaycanda elmin inkişafı, modernləşməsi, böyük elmi məktəblərin qorunub saxlanması haqqında dəyərli fikirlər bildirib. Ölkə rəhbəri, eyni zamanda, ictimai və humanitar elmlərlə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu deyərək bu sahədə aparılan işlərin çox uğurlu və təqdirəlayiq olduğunu söyləyib: “Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir”. Prezidentin yığıncaqda Azərbaycan dili barədə söylədiyi fikri xüsusi vurğulamaq lazımdır: “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”. Bu fikirlərin təsdiqi kimi Prezidentin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiqləndi.

Gövhər Baxşəliyeva xatırladıb ki, Prezidentin 2016-cı il 14 iyun tarixli Fərmanına əsasən “Elm haqqında” Qanun qüvvəyə minib. 2018-ci il aprelin 9-da Prezident ölkədə Elm Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərman isə əvvəlki illərdə elm sahəsində görülmüş işlərin, aparılmış islahatların, qəbul edilmiş sənədlərin məntiqi davamı idi.

“Dövlətimizin başçısının zaman-zaman imzaladığı sərəncamlarla görkəmli alimlərimizə yüksək dövlət mükafatları, elmi adlar, Prezident təqaüdü verilməsini qeyd etmək istərdim. 2003-2023-cü illərdə AMEA əməkdaşlarından 4 nəfər “Heydər Əliyev” ordeni, 37 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 26 nəfər Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, 49 nəfər “Əməkdar elm xadimi” fəxri adı, 107 nəfər “Şöhrət” ordeni, 27 nəfər “Şərəf” ordeni, 190 nəfər “Tərəqqi” medalı ilə təltif olunub. Görkəmli alimlərimizin yubileylərinin qeyd edilməsi barədə sərəncamlar verilib.

Elm ocaqlarının yeni avadanlıqlar ilə təchiz olunması, modernləşməsi, dünya elminə inteqrasiya etməsi, qrant müsabiqələrinin keçirilməsi, elmi işçilərin əməyinin stimullaşdırılması üçün ciddi işlər görülüb. Ümumiyyətlə, AMEA-nın təchizat məsələləri son illər xeyli yaxşılaşdırılıb. Texniki avadanlıqlarla təchiz olunması, ezamiyyətlərin verilməsi, xarici ədəbiyyatların alınması və digər məsələlərdə müsbət irəliləyişlər çoxdur”, - deyən akademik Gövhər Baxşəliyeva bütün bunların alimləri daha böyük məsuliyyətlə işləməyə və həvəslə elmi axtarışlar aparmağa ruhlandırdığını qeyd edib.

AzərTac

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023