Oct 17, 2023 | 14:52 Konfranslar, iclaslar
AMEA-nın Tarix İnstitutunda “Heydər Əliyev və Türk dünyası” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbiri açan institutunun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev türk xalqlarının mədəni zənginliklərindən, qardaş respublikalar arasında dostluq əlaqələrinin qurulmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mühüm xidmətlərindən bəhs edib.
Sonra Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu “Heydər Əliyev və Türk dünyası” adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, Heydər Əliyev keçmiş sovet respublikaları, xüsusilə də türk respublikaları ilə əlaqələrin inkişafında maraqlı idi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi Türkiyə Respublikasında üç dəfə rəsmi, iki dəfə qeyri-rəsmi, on beş dəfə işgüzar səfərdə olmuşdur. Bu da onun qardaş ölkə ilə əlaqələrə nə qədər önəm verdiyindən xəbər verir. Heydər Əliyevin Türkiyə Respublikasına ikinci rəsmi səfəri zamanı (5-8 may 1997-ci il) görüşlər və danışıqlarda səkkiz sənəd imzalanmışdır. Onların arasında strateji əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı Müqavilə Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə çıxmasına təkan verdi. Bu da Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəllə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi rəhbərlik etdikləri ölkələrin gələcək əməkdaşlığına böyük töhfələri oldu.
Bu əlaqələr tək Süleyman Dəmirəl dövründə deyil, sonrakı dövlət başçılarının dövründə də davam etdirilmişdir. 12-17 mаrt 2001-ci ildə Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezərin dəvətilə Azərbaycan Prezidenti Heydər Əliyevin qardaş ölkəyə növbəti səfəri zamanı bir sıra sənədlərə imza atıldı, bundan sonra da, xüsusilə iqtisadi əlaqələrin yüksələn xətlə inkişafı istiqamətində gələcəkdə yeni-yeni perspektivlərə yol açan müqavilələr bağlandı.
7 yanvar 2003-cü ildə Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəp Tayyib Ərdoğanı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərək 2002-ci ilin noyabr ayının 3-də Türkiyədə keçirilən seçkilərdə qazandıqları uğura, xalqın verdiyi 34,4% səslə parlamentdə 66%-lə təmsil olunduqlarına görə Rəcəb Tayyib Ərdoğanı təbrik edən Heydər Əliyev o günün Türkiyəsi və Azərbaycanla əlaqələri ilə bağlı demişdir: “...Türkiyə Cümhuriyyəti dünyanın böyük ölkələrindən biridir. Türkiyə Cümhuriyyəti inkişaf etmiş bir dövlətdir, demokratik ölkədir, bazar iqtisadiyyatı yolu ilə gedən ölkədir. Uzun illər NATO-nun tərkibində olan bir ölkədir. Belə bir ölkənin hökuməti, təbiidir ki, gərək dinamik olmağa qadir olsun. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, dostluq, qardaşlıq əlaqələri əvvəldən olubdur. Təbiidir, bizim dərin köklərimiz məlumdur. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə həmişə Azərbaycanın ən yaxın dostu, qardaşı olubdur. Bu gün də belədir. Artıq biz bir-birimiz ilə strateji əməkdaşlıq səviyyəsində əlaqələr həyata keçiririk. Elə bir sahə yoxdur ki, bizim orada əməkdaşlığımız olmasın.
“Bir millət-iki dövlət” - vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən deyilmiş bu sözlər bu gün iki ölkə münasibətlərinin bütün sahələrində öz təsdiqini tapır.
Ulu Öndər Heydər Əliyev Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla da əlaqələrin inkişafında böyük rol oynamışdır.