Oct 10, 2023 | 11:20 Yeni nəşrlər
İnsan həyatının mənası çevrəsindəki insanlardan tutmuş ölkəsinə və bütövlükdə, dünyaya hansı ölçüdə gərəkliyi ilə ölçülür. Xidmət çevrəsi böyüdükcə yaşanmış ömrün çəkisi, içtimai-bəşəri dəyəri də yüksəlir. Gərəkliliyin daimiliyi əbədiyyətə çevrilir. Bu mənada ölümsüzlüyü dünyasını dəyişəndən sonra həyatda silinməz izləri qalanlar qazanırlar. Belə dəyərli, unudulmaz soydaşlarımızın sırasında unudulmaz şərqşünas alim Aida xanım İmanquliyevanın özünəməxsus yeri var.
Aida xanım İmanquliyeva qısa ömründə bu şərtlərin hamısını yerinə yetirmiş, ürəklərdə özünə abidə qoymuşdu. Ölməzliyi ölümündən sonra qoyub getdiyi əsərləri ilə qazanan bu gözəl, nəcib xanımı, görkəmli şərqşünas alimi unutmaq olarmı? Tanınmış ziyalı ailəsində doğulub tərbiyə alması onun həyatda qazandığı uğurların möhkəm özülü olmuşdur. Aida xanımın görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyev kimi atası, əsilzadə ailəsindən olan Gövhər İmanquliyeva kimi müdrik, mehriban, duyğulu, cəfakeş, tələbkar anası olmuşdur. Ulu yaradan ona hər şey bəxş etmişdi: gözəllik, zəka, fədakarlıq, alicənablıq, yurd sevgisi, bəşəri dəyərlərə bağlılıq.
Aida xanım Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almış, Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdi. Elm sahəsində yeniliklərə imza atan professor, həm də yüksək idarəçilik keyfiyyətləri, ictimai-siyasi fəallığı, böyük vətəndaşlığı ilə seçilirdi.
Akademik Ziya Bünyadov onun barəsində belə demişdi: “Aida xanım böyük zəhmətkeş və özünə qarşı həddindən ziyadə tələbkar bir alim olmuşdur”. Sankt-Peterburq Universitetinin professoru Olqa Frolova isə Aida xanımla bağlı söyləmişdir: “Bütün ərəb dünyası alimləri professor Aida İmanquliyevanın əsərlərini oxuyur və onu ehtiramla yad edirlər. Onlar məhz bu əsərlərdən öz yaradıcılıqları, Afrika, Asiya və demək lazımdır ki, dünyanın bütün ölkələrinin yazıçılarını öyrənmək, başa düşmək üçün güc alırlar”.
SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona “Xarici Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdi. Aida İmanquliyeva Azərbaycanda ilk qadın - ərəbşünas elmlər doktorudur. O, milli şərqşünaslıq elmini xarici ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda yüksək səviyyədə təmsil etmişdir. Dünya şərqşünaslığında ərəb məhcər ədəbiyyatının ən tanınmış tədqiqatçısı olan Aida xanım bu problemə “Mixail Nuaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyalarını və 70-dən artıq elmi məqalə həsr etmişdir.
Aida xanımın rəhbərliyi ilə Şərq filologiyası ilə bağlı toplular və ərəb ədəbiyyatı nümunələrinin tərcümələri kitab şəklində işıq üzü görmüşdür. “Yeni ərəb ədəbiyyatının korifeyləri” adlı fundamental əsər rus, Azərbaycan, türk təşkilatı tərəfindən ərəb dilində nəşr edilmişdir.
O, keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur. Aida İmanquliyeva 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlamış və həmin ilin dekabrında isə direktor vəzifəsində çalışmışdır.
Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs demişdir. Aydın məntiqi, fitrətən xəlqiliyi, həssaslığı, dəqiqliyi və ən başlıcası, xeyirxahlığı onu hamının gözündə ucaltmışdır. Aida xanım yenilik duyğusuyla hər gələn sabahı gözləyən və tələbələrində də bunu görmək arzusuyla yaşayan elm, təhsil fədaisi, Azərbaycan elminin, təhsilinin, maarif və mədəniyyətinin əsl cəfakeşi olmuşdur.
Dahi Sokratdan soruşurlar: İnsanda ən çox nəyi qiymətləndirirsən? “İnsaniyyəti”, - deyə Sokrat cavab verir. “Bəs insaniyyət deyəndə nəyi başa düşürsən?” sualına isə “İnsana layiq olan keyfiyyətləri”, - deyə cavab verir. Gündəlik gərgin iş rejimi Aida xanımı xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl öz ailəsinə bağlı gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanım sevimli qızları Nərgiz və Mehriban xanımın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olmuş, onları həyata yetkin insanlar kimi hazırlamışdır.
Aida xanım istedadı, xeyirxahlığı, nəcibliyi, mərdliyi, sadəliyi, Vətənə sədaqəti, insanlara sevgisi ilə hər zaman seçilmiş, ucada dayanmışdır. Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər Aida xanımda ən yüksək təcəssümünü tapmışdı.
Professor Nərgiz Paşayevanın çıxışında qeyd edildiyi kimi: “O, doğrudan da, parlaq və nadir bir insan idi. Onun ucalığı heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı. Onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Bu insan, doğrudan da, mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. O, göründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi. Əlbəttə, o, bizim ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva isə Aida xanım haqqında belə yazır: “Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin, İslam aləmində yayılmasına nail olmuşdur. Bütün bu sahələrdə Aida xanımın elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir”.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent